“Bank Technique”nın sabiq vəzifəli şəxsi saxlanıldı
Bu günlərdə Moskvanın Don rayonunda Rusiyanın DİN cinayət-axtarış idarəsinin, Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Azərbaycan DİN-in Suraxanı rayon Polis İdarəsinin əməkdaşları ilə bərabər keçirdikləri əməliyyat tədbirləri nəticəsində 2012-ci ildən axtarışda olan “Bank Technique”nın Səbail filialının direktoru və “Şahbulaq” yaşayış-tikinti kombinatının təsisçisi, 1983-cü il təvəllüdlü Əliyev Elton Nəsib oğlunu saxlayıblar.
"Xeberinfo.com": Məlumata görə, bu barədə Vesti.Az-a Suraxanı rayon Polis İdarəsindən bildiriblər.
Xəbər verilib ki, Elton Əliyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi (fırıldaqçılıq) üzrə axtarışda olub və Moskvada başqa soyadı altında gizlənirmiş.
2014-cü ildə Əliyev qeyri-qanuni şəkildə özü və arvadı üçün Rusiya vətəndaşlığı və Elton Əlizadə adına pasport alır. Amma müvafiq orqanlar onun Rusiya vətəndaşlığını ləğv ediblər və hal-hazırda Əliyevin vətənə ekstradisiyası məsələsi həll edilir.
Məlumdur ki, sabiq bankir Şabolovka küçəsində 34 saylı evin həyətində saxlanılıb. Bakıda “Bank Technique”nın Səbail filialının direktoru və “Şahbulaq” yaşayış-tikinti kombinatının təsisçisi olan Əliyev öz səlahiyyətlərindən istifadə edərək, Yeni Günəşlidə bina tikən “Badi Kubə” yaşayış-inşaat kombinatı ilə 2008-2009-cu illərdə qanunsuz ipoteka kreditinə dair müqavilə bağlayıb.
Beləliklə o, göstərilən binadan yeddi alıcıya ev satıb. Müəyyən edilib ki, Nəbi İskəndərov, Səbuhi Quliyev, Elnur İsmayılov, Təhminə Məmmədova və digərlərinə evlər təkrarən satılıb.
Fırıldaq nəticəsində Əliyev 26 788 885 manat əldə edib, bununla da vətəndaşlara böyük məbləğdə ziyan vurub.
Əliyev tək deyil, qrup tərkibində işləyib.
Müqavilələrin saxtalaşdırılması və vəzifəsindən sui-istifadə üçün Elton Əliyevə qarşı AR CM-nın 178.3.2 və 308.2 maddələri üzrə ittiham irəli sürülüb.
Qeyd edək ki, Elton Əliyevin işi üzrə istintaq Baş prokurorluğun rüşvətxorluqla mübarizə İdarəsində aparılır.