Şirkət rəhbəri özünü öldürüb, yoxsa onu güllələyiblər?
"Xeberinfo.com": Məlumata görə, virtualaz.org saytı bu gün Bakıda güllələnmiş meyiti tapılan iş adamı Füzuli Qasımovun ölümünə dair yeni sensasion məlumatlar əldə edib.
Mərhum F.Qasımovun dostlarından birinin virtualaz.org saytına verdiyi məlumata görə, mərhum iş adamının nə silahı, nə də silah gəzdirməyə, saxlamağa hüququ olmayıb. Buna görə də F.Qasımovun yaxınları onun intihar etməsi versiyasına şübhə ilə yanaşırlar.
F.Qasımovun biznes tərəfdaşlarından birinin verdiyi məlumata görə isə mərhum iş adamı tikinti materialları satışı ilə məşğul olan şirkətin rəhbəri idi və tikinti obyektlərinə əsasən sement satışı ilə məşğul olurdu.
Məlumata görə, F.Qasımovun son günlər ciddi problemləri, daha konkret desək, bəzi biznes tərəfdaşları ilə pula görə mübahisələri yaranmışdı. Həmin tərəfdaşlarının F.Qasımova 500 min dollar borcu varmış. Mübahisə də buna görə yaranıbmış. Bu üzdən o, son vaxtlar dərin depressiyada imiş.
Onu da qeyd edək ki, Baş Prokurorluqdan virtualaz.org saytına verilən məlumata görə, F.Qasımovun ölümü faktı Yasamal Rayon Prokurorluğu tərəfindən araşdırılır. Hüquq-mühafizə orqanlarının yaxın saatlarda bu işlə bağlı açıqlama verəcəyi gözlənilir.
* * *15:07
Bakıda meyiti tapılan şəxsin kimliyi məlum olub.
Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə İnşaatçılar prospekti, 22/26 ünvanında qeydə alınıb.
Goranboy rayon sakini, 1970-ci il təvəllüdlü Fizuli Şabay oğlu Qasımov odlu silahdan özünə atəş açaraq intihar edib.
Polisdən həmçinin bildirilib ki, F.Qasımov tikinti materiallarının satışı ilə məşğul olan şirkətə rəhbərlik edib. İntihar şirkətin ofisində baş verib.
* * *14:39
Paytaxtda kişi meyiti aşkar edilib.
Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, bu gün rayon ərazisində üzərində bir güllə yarası olan, şəxsiyyəti hələlik məlum olmayan kişi meyiti tapılıb.
Hazırda hüquq mühafizə orqanlarının əməkdaşları ölən şəxsin kimliyinin müəyyən edilməsi istiqamətində iş aparırlar.