YENƏ YANĞIN VƏ YENƏ FHN “GÜNAHSIZ”DIR... - Biznesi yanan da sahibkardır, günahkar çıxarılan da
Ticarət mərkəzlərində, bazarlarda baş verən hər bir yanğın hadisəsi yüzlərlə, minlərlə sahibkarın, onların ailələrinin müflisləşməsi, çoxlu sayda iş yerlərinin itirilməsi, insanların hökumətə, dövlətə münasibətinə ciddi zərbə vurulması deməkdir. Ancaq maraqlıdır ki, hər belə yanğından sonra nədənsə yalnız külü göyə sovrulan obyektlərin sahibləri, orada çalışan sahibkarlar günahlandırılır.
Yenixeber.org: Bəs yanğın təhlükəsizliyinə görə cavabdeh olan qurum, yaxud sahibkarların mağazalarını, mallarını sığortalamaqdan imtina edənlər nədən kənarda qalır?
Məlum olduğu kimi, 5 aydan sonra yenidən Bakının Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarında yanğın baş verdi. Hələ dekabrda baş verən birinci yanğında ticarət mərkəzindəki 157 mağazadan 150-si yanmışdı. Bu dəfə isə ümumi sahəsi təqribən 22 min kvadratmetrə yaxın olan bazarın 3300 kvadratmetrlik hissəsi yenidən yanıb. Haqlı olaraq, bir çoxları belə yanğınların təsadüfi olmadığını bildirirlər.
Belə ki, əgər söhbət sadəcə yanğın təhlükəsizliyi qaydalarına riayət olunmamasından gedirsə, onda Fövqəladə Hallar Nazirliyi(FHN) başda olmaqla, müvafiq dövlət qurumlarının “fəaliyyəti” sayəsində ölkədəki iri ticarət mərkəzlərinin, bazarların böyük əksəriyyətinin vəziyyəti eynidir. Yəni heç bir yanğından mühafizə tələb və normalarına düz-əməlli riayət olunmur. Ancaq nədənsə yanğınlar “EuroHome” tikinti materialları bazarı da daxil olmaqla, eyni obyektlərdə baş verir... Təbii ki, bu məsələ hüquq-mühafizə orqanlarının araşdırma obyekti olmalıdır.
Lakin burada əsas məsələlərdən biri də FHN-in məsuliyyətilə bağlıdır. Bu günə kimi baş verən yanğınlardan görünən odur ki, yanğın təhlükəsizliyinə nəzarət edən qurum daim qarşı tərəfi ittiham edir və heç cür özündə günah görmür. Halbuki, FHN-nin bu cür obyektlərin fəaliyyətini dayandırmaq və ya məhdudlaşdırmaq səlahiyyəti var. Lakin bütün hallarda FHN rəhbərliyi “biz xəbərdarlıq etmişdik” kimi açıqlamalarla yaxasını kənara çəkib. Doğörusu, nəinki müvafiq tədbirlərin görülməsi, hətta xəbərdarlıq edilməsinə dair söylənənlər belə şübhə doğurur...
Nazir Kəmaləddin Heydərov son yanğınla bağlı deyir ki, ilk dəfə yanğın baş verəndən sonra xəbərdarlığa məhəl qoymayaraq, təmir-quraşdırma işləri bitmədən, obyekt FHN və yerli icra hakimiyyəti tərəfindən qəbul edilmədən bazarda yeni mallar qəbul olunub və sahibkarlara şərait yaradılıb. Görəsən, icazəsiz, “haqqı ödənmədən” bir daşı daş üstünə qoymağın mümkün olmadığı bir ölkədə böyük bir bazarın bu “özbaşınalığı” necə mümkün olub? Bəs FHN, yerli icra hakimiyyəti orqanı hara baxırdı? Nədən və nəyin müqabilində buradakı vəziyyəti “görmürdü”?
Nazirin ittihamları əslində onu göstərir ki, onun rəhbərlik etdiyi qurum bu məsələdə heç bir irəliləyişə nail ola bilməyib. İldəən azı 4-5 iri bazarın və ticarət mərkəzinin yanması isə artıq “ənənə” halı alıb. Hamıya yaxşı məlumdur ki, bu məsələdə tək sahibkarlar və bazar sahibi məsuliyyət daşımır. Çünki bazarın təhlükəsizlik qaydalarına nəzarət və orada qayda-qanunun yoxlanılması birbaşa FHN-in vəzifəsidir. Ancaq bu günə kimi bütün yanğınlarda qarşı tərəfi günahlandıran FHN-dən indiyə qədər belə hadisələrin baş verməməsi üçün hansı tədbirləri gördüyünü soruşan olmayıb!
Əvəzində sahibkarları qənayırlar ki, əmlaklarını sığorta etdirməyiblər. Ancaq deyən yoxdur ki, məmur-oliqarxların “xırda biznesi” olan sığorta şirkətləri belə sahibkarları sığortalamqdan boyun qaçırırlar. Çünki onlar da gözəl başa düşürlər ki, belə obyektlər istənilən vaxt yana, ya da yandırıla bilər...
Ümumiyyətlə, sahibkarlar ən rahat şəkildə üzərinə günah atıla bilən zümrədir – rəsmi və qeyri-rəsmi vergi və haqq ödəyən də, ziyana düşən də, müflis olan da, olanı-qalanı yanıb külə dönən də onlar, günahkar çıxarılan da.
Hələ bəxtimiz gətirir ki, bu günə qədər həmin yanğın hadisələrindən maddi zərərlərlə ötüşürük, amma bir gün növbəti belə yanğın yüzlərlə insan canı ala bilər. O vaxt isə nə Kəmaləddin Heydərovun, nə icra hakimiyyəti orqanlarının, nə də bazar sahiblərinin yaxalarını kənara çəkməklə məsuliyyətdən yayınmaları asan olmayacaq.
(AzPolitika.info)