YILDIRIM, YOXSA İMAMOĞLU? –Bu gün bu suala cavab tapılacaq
Bu gün İstanbulda təkrar bələdiyyə seçkisi keçirilir.
Yenixeber.org: İstanbul Böyük Şəhər Bələdiyyəsi sədrliyinə əsas namizədlər Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Binəli Yıldırımdır. Səsvermə yerli vaxtla saat 08.00-17.00 (Bakı vaxtı ilə 09.00-18.00) arasında olacaq. Saat 18.00-dan sonra nəticələrin açıqlanmasına başlanacaq.
Qeyd edək ki, martın 31-də Türkiyədə bələdiyyə seçkisi keçirilib. İstanbul Böyük Şəhər Bələdiyyəsi sədrliyi uğrunda ən çox səsi Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Binəli Yıldırım toplayıb. Ali Seçki Qurumu (YSK) Əkrəm İmamoğlunun 26 min səs fərqi ilə qalib gəldiyini açıqladıqdan sonra AKP seçkinin nəticələrinə etiraz edib və bir çox rayonda səslər yenidən sayılıb. Aprelin 17-də səslərin təkrar sayılması prosesi başa çatıb və səs fərqi 12 min nəfərədək düşüb.
AKP İstanbulda keçirilmiş bələdiyyə seçkilərinin nəticələrinin ləğvi və yenidən keçirilməsi tələbi ilə bağlı YSK-ya müraciət edib.
YSK aprelin 17-də İstanbul bələdiyyə sədri mandatını Əkrəm İmamoğluna təqdim edib, mayın 6-da isə İstanbulda seçkinin nəticələrinin ləğvinə qərar verib. Ə. İmamoğlunun mandatı geri alınıb.
YSK CHP və İYİ Partiyanın İstanbulda keçirilmiş bələdiyyə seçkilərinin nəticələrinin bütövlükdə ləğv olunması ilə bağlı şikayətini isə təmin etməyib.
Xatırladaq ki, paytaxt Ankara və ölkənin üçüncü ən böyük şəhəri olan İzmirdə CHP-nin namizədləri qalib gəlib. Mansur Yavaş Ankara, Mustafa Tunç Soyer İzmirin bələdiyyə sədrləri olub.