"Eşşəklərə görə digər heyvanların da qiyməti bahalaşıb" -Dünyada eşşək biznesi
Xəbər verildiyi kimi Azərbaycanda son bir ildə 5 min eşşək yoxa çıxıb.
Yenixeber.org: Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2015-ci ildə Azərbaycanda 40 min eşşək var idisə, 2016-ci ildə bu rəqəm 35.8 min baş təşkil edib. Ümumilikdə 2008-ci ildə Azərbaycanda eşşəklərin sayı 47.8 min baş təşkil edirdisə, hazırda bu rəqəmdə 10 minə yaxın azalma qeydə alınıb.
Eşşəklərin sayında bu qədər kəskin azalma ilə Çində bu heyvanın dərisindən dərman hazırlanması arasında əlaqə ola bilər. “Azadlıq” radiosu yazır ki, sən demə, ənənəvi Çin məlhəminin eşşək gönündən alınan jelatinə ehtiyacı var...
"Eciao" adlı ənənəvi Çin məlhəminin vacib inqredientlərindən biri eşşək gönündən hazırlanan jelatindir. Bu məlhəmdən soyuqdəymə və yuxusuzluq kimi bir çox xəstəliklərin müalicəsində istifadə edilir.İndi Çin iqtisadiyyatı ənənəvi kənd təsərrüfatından uzaqlaşıb, daha çox qabaqcıl sənaye sahələrinə meylləndiyindən, ölkədə uzunqulaqların sayı azalıb. Rəsmi statistikaya görə, bu say son 20 ildə 11 milyondan 6 milyona düşüb.
Bu boşluğu doldurmaq istəyən Çin Afrikaya üz tutub. Ancaq həmin qitənin bir çox ölkəsi ilə aparılan ulaq ticarəti bəzi maneələrlə qarşılaşır. Niger bu yaxınlarda ulaq ixracını yasaqlayan sonuncu Afrika dövləti olub. Hökumət rəsmiləri 2016-cı ildə Çinə indiyədək - 80 min, ötən ilsə 27 min ulağın satıldığını bildirir və belə davam edərsə,ölkədə eşşək sayının kəskin azalacağından narahatlıqlarını dilə gətirirlər. Ötən ilin avqust ayında Burkina Faso hökuməti də eyni addımı atıb. Bu ölkədə yarım ildə 45 min eşşək kəsilib.
Hər iki ölkədə ulaqların qiyməti bahalaşıb. Ulaq satışı bu ölkələrə xeyli xarici valyuta gətirsə də, bu, ziyansızötüşmür.
Yeni emal sahəsi təkcə uzunqulaq populyasiyasının sayına deyil, çevrə və iqtisadiyyata da ciddi ziyan vurur. Qəssabxanaların çoxalması da ciddi problem yaradır. Burkina Fasonun bir kəndində yerli fermerlərin bir qəssabxanaya hücum edərək onu bağladıqları deyilir. Kəsilən heyvanların qanı və içalatı fermerlərin istifadə etdiyi su hövzələrinə axıdılırmış.
Eşşək bumu, ənənəvi olaraq, başqa sahələrdə çalışan fermerləri də həvəsə salıb. Bunun ucbatından kənd təsərrüfatının həmin sahələri geriləyir və nəticədə ərzağın qiymətləri bahalaşır. Doktor Emmanuel Igbinoba deyir ki, Niger və Burkina Fasoda eşşək gönü və ətinin qiymətinin qalxması digər sahələrdə də inflyasiya doğurub. "Eşşəklərə görə digər heyvanların da qiyməti bahalaşıb. Bu isə iqtisadiyyatda tarazlığı pozub", - ekspert belə deyir.
"Çin Afrika Layihəsi"nin yaradıcılarından biri və "Çin Afrikada" ("China in Africa") podkastının müəllifi Eric Olander-in fikrincə, ixracatçı ölkələr bu sahəni yetərincə yaxşı nizamlamayıblar:"Başqa növ mal-qara, xammal və digər təbii ehtiyatlarda olduğu kimi, Çində tələbat çox vaxt o qədər böyük olur ki… tezliklə təklifi üstələyir. Çinlə ticarət quran hökumətlər... ticarəti elə nizamlamalıdırlar ki, nə konkret resurs tükənsin, nə də ölkənin öz əhalisinə problem törənsin".
Doktor Igbinoba da deyir ki, ixracatçılar Çinin ulaqlara nəhəng tələbatının yaratdığı imkandan yararlana bilərlər. Ancaq bundan ötrü işi diqqətlə planlaşdırmaq lazımdır:"Jelatinə sabit tələbat var. Afrika ölkələri bunu gərəyincə nizamlasalar, yüksək standartlı qəssabxanalar qurub, adamlara emal qaydalarını öyrətsələr, eşşəklər önəmli gəlir qaynağına çevrilə bilər".
Qitənin Keniya və Cənubi Afrika kimi iri iqtisadiyyata sahib ölkələri də Çinin ulaq tələbatına uyğun infrastruktur qurmağa başlayıblar. Üstəlik, bütün qitədə bu sahədəki qara bazar çiçəklənir. Gələcəkdə Çinin jelatinə tələbatının artacağı gözlənilir. İxracatçıların vəzifəsi bu imkandan ziyansız yararlanmağı bacara bilməkdir.