İtən 5 min eşşəyin axtarışı:“8-ci kilometr” bazarında murdar ət satışı ilə bağlı şok fotolar
Azərbaycanda murdar, qida üçün yararsız olan ölmüş heyvan ətlərini satışa çıxaran, “Leşyığanlar mafiyası” kimi tanınan qruplaşmanın kökünü kəsmək mümkünsüz görünür.
Yenixeber.org: Bu gün ölkə bazarlarında, supermarketlərdə piştaxtalara kolbasa, sosis şəklində belə ətlərin ayaq açmasına dəlalət edən faktlar yetərincədir.
Kənd Təsərrüfatı Nazirliyinin (KTN) açıqladığı rəsmi rəqəmlər də bunu təsdiq edir. Hələ ötən il dövriyyədən 70 tona yaxın murdar, mənşəyi bəlli olmayan ət çıxarılıb. Dövriyyədə tonlarla xəstə heyvanın əti var. Restoranlarda lülə kabab, basdırma şəklində süfrəyə çıxan belə ətlərin satılmasının qarşısını almaq müşkül məsələyə çevrilib.
Bu yaxınlarda Dövlət Statistika Komitəsi ölkədə olan eşşəklərin sayının azaldığını açıqlayıb. Məlumata görə, 2015-ci ildə Azərbaycanda 40 min eşşək var idisə, 2016-ci ildə bu rəqəm 35.8 min baş təşkil edib. Ümumilikdə 2008-ci ildə Azərbaycanda eşşəklərin sayı 47.8 min baş təşkil edirdisə, hazırda bu rəqəmdə 10 minə yaxın azalma qeydə alınıb. Bu xəbərdən sonra əhali arasında “eşşək əti panikası” yaranıb. İnsanlar itən 5 min eşşəyin ətinin kafe və restoranlarda və ya qəssabxanalarda onların qabağına çıxacağından narahatdırlar.
Musavat.com-un müxbiri bu suallara aydınlıq gətirmək üçün paytaxt ərazisində ət satışı olan bazarlara üz tutub. Əməkdaşımız səhərin erkən saatlarında "8-ci kilometr bazarı"nın ət satışı hissəsində olub və bazara ətlərin daşınması zamanı dəhşətli mənzərənin şahidi olub.
Bazarın ət satışı bölməsinin qəssabları alaqaranlıqdan "hərəkətə" keçirlər. Özləri ilə gətirdikləri qoyun və mal ətlərini yerbəyer edirlər. Nazik və çirkli torbalara keçirilmiş ətləri qəssabxanalara daşıyırlar, bir az bəzək-düzək verib, piştaxtaya çıxarırlar. Torbaların ağzı bağlı olmadığından içindəki iki şaqqaya bölünmüş cəmdəklərin ağzı tez-tez çirkli arabaların üstünə düşür. Ətlə bir qida məhsulu kimi deyil, zibil torbası kimi davranılır.
Ən dəhşətli mənzərə isə bazarın bir qədər arxa hissəsində cərəyan edirdi. “VAZ 2106” markalı köhnə avtomobilin yük yerində saralmış, qaralmış, üfunət iyi verən cəmdəklər gözümüzə sataşdı. İnanılması çətin olsa da, bu dəhşətli mənzərə bazardakı ət məhsullarının daşınma və saxlanma vəziyyətini əks etdirən reallıqdır. İlk baxışdan ətin köhnə olduğu bilinirdi. Hətta cəmdəyin hansı heyvana məxsus olduğunu aydınlaşdırmaq da mümkün deyildi.
Bu cür heyvan leşlərinin insan həyatı üçün nə qədər təhlükəli olduğunu yəqin ki, onu bazara çıxaran alverçilər daha yaxşı bilir. Səhər saatları mal gətirilməsi baxımından bazarın ən hərəkətli vaxtı olduğundan nəzarət də güclüdür. Bu baxımdan gördüklərimizi fotokameranın yaddaşına köçürməkdə çətinlik çəkdik. Amma gizli şəkildə bəzi görüntülər çəkməyə nail olduq.
Alıcıların heç zaman görə bilməyəcəyi bu mənzərə isə ürəkbulandırır. Belə ki, bir nəfər köhnə avtomobilin baqajına açıq şəkildə yüklənən şaqqalanmış heyvan cəmdəklərini götürüb, üzərində heç bir örtüyü olmayan toz-torpaqlı arabanın üzərin qalaqlayırdı. Oradan isə bazara aparırdı. Prosesi sona qədər izləmək istəsək də, mümkün olmadı. Ətrafdakı şəxslər jurnalist olduğumuzdan şübhələnib, bizə içəri daxil olmağa imkan vermədilər. Çəkiliş etdiyimizi görənlər isə əl-ayağa düşdülər.
Prosesin iştirakçılarından biri sürücüyə maşının yük yerini bağlamağı əmr etdi. Daha sonra ərazidəki polis əməkdaşı və həmin şəxs israrla bazar rəhbərliyinin yanına getməyimizi tələb etdilər. Əlimizdəki görüntüləri qorumaq xətrinə oradan uzaqlaşdıq.
Qeyd edək ki, “8-ci kilometr” bazarında ətin qiyməti digər qəssabxanalardan bir xeyli fərqlidir. Normalda kiloqramı 11 manata olan mal əti bu bazarda 6-7 manata satılır. 10-11 manata təklif olunan qoyun əti isə 7-8 manata təklif olunur. Satıcılarla həmsöhbət olub, ətin ucuz olmasının səbəbini öyrənməyə çalışdıq. Bildirdilər ki, burada ətin topdansatışı həyata keçirilir. Alverçi olduğumuzu deyib, əti topdan 6 manata almaq üçün danışıq apardıq. Satıcı bildirdi ki, 50 kiloqramdan çox alsaq, endirim də edə bilər. Onu da dedi ki, iki gün əvvəl sifariş vermək lazımdır ki, əti hazırlasın. Daimi müştəri olacağımız təqdirdə, bizə daha ucuz ət tapa biləcəyini dəfələrlə vurğuladı.
Ölkədə ətin qiymətinin 11-12 manata qalxdığı bir vaxtda bu bazarda iki dəfə ucuz satılmasının səbəbini isə təxmin etmək çətin deyil. Çox güman ki, yaşlı və ölmüş heyvan cəmdəkləri, bəzən isə at və eşşək ətlərinin kafe və restoranlara gedən yolu elə buradan keçir.
Son olaraq qeyd edək ki, ət alarkən diqqətli olmaqda fayda var. Əks halda nəinki pulunuzdan, həm də sağlamlığınızdan ola bilərsiniz.
Bazarda çəkdiyimiz həmin videogörüntünü təqdim edirik: