“Almaniya qətiyyətlə Ukraynanın yanındadır" -"Bu, belə də qalacaq”
“Almaniya qətiyyətlə Ukraynanın yanındadır. Almaniya Ukraynanın Avropada ən güclü, dünyada isə ikinci güclü hərbi dəstəkçisidir, Bu, belə də qalacaq”.
Yenixeber.org: Bunu Almaniyanın Federal Kansleri Olaf Şolts oktyabrın 11-də Berlinə səfərə gələn Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə mətbuata bəyanatında deyib.
Son aylarda Ukraynanın enerji infrastrukturuna ciddi ziyan vurulduğunu qeyd edən Olaf Şolts qış mövsümünün yaxınlaşması ilə əlaqədar Ukraynaya bu sahədə də müvafiq dəstəyin verilməsinin əhəmiyyətini qeyd edib. O, bu zərərin qısa müddətdə aradan qaldırılması və istilik təchizatının bərpası üçün Almaniyanın Ukraynaya 170 milyon avro əlavə yardım göstərəcəyini vəd edib.
Ukraynaya hərbi dəstəyin davam etdiriləcəyini vurğulayan Olaf Şolts deyib: "Hava hücumundan müdafiə dəstəyi bizim üçün əsas olaraq qalır. Müsbət haldır ki, Ukraynaya dəyəri 600 milyon avrodan çox olan yeni hərtərəfli hərbi dəstək paketi təqdim etmişik. Buraya digər təchizatla yanaşı, IRIS-T SLM sistemi, piyada döyüş maşınları, tanklar, özüyeriyən haubitsalar, artilleriya sursatları və pilotsuz təyyarələr daxildir. İlin sonuna kimi tərəfdaşlarımız Belçika, Danimarka və Norveçin dəstəyi ilə Ukraynaya təxminən 1,4 milyard avro dəyərində əlavə hərbi dəstək paketi təqdim edəcəyik. Buraya, IRIS-T və Skynex tipli hava hücumundan müdafiə sistemləri, "Gepard" tankları, tank və özüyeriyən haubitsalar, əsas döyüş tankları, zirehli avtomobillər, döyüş pilotsuz uçuş aparatları, radarlar və artilleriya sursatları daxildir".
Ukraynaya hərbi dəstəyin 2025-ci ildə də davam etdiriləcəyini vurğulayan kansler büdcədə 4 milyard avroluq birbaşa ikitərəfli yardımın nəzərdə tutulduğunu bildirib.
"Ukrayna üçün ədalətli və davamlı sülhə nail olmaq bizim ümumi fəaliyyətimizin rəhbər prinsipi olaraq qalır", - deyə Olaf Şolts xüsusi vurğulayıb.
Prezident Volodimir Zelenski Almaniyanın xüsusilə hava hücumundan müdafiə sahəsində dəstəyinin Ukrayna üçün mühüm rol oynadığını qeyd edib. "Patriot" və IRIS-T sistemləri və "Gepard" tankları alman silah və texnologiyasının çox böyük töhfəsidir. İqtisadi və siyasi dəstək də çox vacib elementlərdir", - deyən Volodimir Zelenski dəstəyə görə təşəkkür edib.
Ukrayna Prezidenti ədalətli sülhün əldə olunmasında da Almaniyanın fəal mövqeyini qeyd edərək, bu prosesdə Berlinin dəstəyinin əhəmiyyətini vurğulayıb.