ABŞ prezidenti Co Bayden türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla danışıqlarda onu əmin edib ki, Ağ Ev administrasiyası Ankara ilə "F-16 müqaviləsi"ni dəstəkləyəcək.
Yenixeber.org: Bu barədə Türkiyə liderinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, Bayden İstanbulda baş verən partlayışla bağlı Ərdoğana dərin hüznlə başsağlığı da verib.
G20 sammiti çərçivəsində aparılan danışıqlar zamanı ABŞ və Türkiyə liderləri iki ölkə arasındakı əlaqələri, xüsusilə ticarət və təhlükəsizlik məsələlərini, eləcə də regional hadisələri müzakirə ediblər.
Amerika prezidenti türkiyəli həmkarına “taxıl dəhlizi” probleminin həlli və tədarükün bərpasını təmin etmək səylərinə görə təşəkkürünü bildirib.
Türkiyə tərəfinin məlumatına görə, Bayden həmçinin, ABŞ administrasiyasının Türkiyə ilə ABŞ arasında "F-16 prosesi"ni dəstəkləməyə davam edəcəyini bildirib. O qeyd edib ki, Türkiyə İsveçin NATO-ya daxil olması prosesində mühüm iştirakçıdır.
Öz növbəsində, Ağ Evin mətbuat xidməti qeyd edib ki, həmsöhbətlər NATO məsələləri üzrə sıx koordinasiyanın davam etdirilməsi ətrafında fikir mübadiləsi aparıblar.
Xatırladaq ki, ABŞ Ankaranın Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini alması səbəbindən Türkiyəyə F-35 qırıcılarının tədarükü proqramını dayandırıb. Vaşinqton F-35 layihəsində qalan yeddi tərəfdaşla - Böyük Britaniya, İtaliya, Hollandiya, Avstraliya, Danimarka, Kanada və Norveçlə müqavilə imzalasa da, Türkiyəni kənarda saxlayıb.
Daha sonra Ərdoğan ABŞ-ın beşinci yox, dördüncü nəsil F-16 qırıcılarını almaq təklifini açıqlayıb. Məsələ ABŞ Konqresində razılaşdırılmalıdır - Dövlət Departamenti bunun üçün lobbiçilik edir, konqresmenləri razı salır ki, saziş Vaşinqtonun maraqlarına xidmət edir.