Yenixeber.org: Kəlbəcərə səfərin ikinci günü 400 ildən çox tarixi olan Başlıbel kənd məscidini, işğal vaxtı mühasirədə qalanların sığındığı kahaları, ermənilərin aprelin 18-də burada qətlə yetirdikləri şəhidlərin məzarlarını ziyarət etməliydik. Kahalara və onların ətrafına səpələnmiş “maddi sübut”lara baxış keçirməliydik. Eyni zamanda, işğalın ilk günlərində öldürülmüş, mühasirədə qalanların dəfn etməyə macal tapmadıqları 3 nəfərin qalıqlarını axtarmaq istəyirdik. (102 yaşlı yataq xəstəsi Ələsgərova-Salahova Pəri Əbdürrəhim qızı yaşadığı evdə, 53 yaşlı müəllim Ağamirov Qənaət İsmayıl oğlu evinin qarşısında, Böyük Vətən müharibəsi əlili, 75 yaşlı Hüseynov Hüseyn Səlim oğlu Mədəniyyət Evinin binasında diri-diri yandırılmışdı…)
Bir sözlə, sabah kəndə gələcək çəkiliş qrupunun işləyə bilməsi üçün hazırlıq işi görməliydik…
28 il əvvələ qayıdış
Bizi Toğanalıdan Kəlbəcərə gətirən avtobus səhər saat səkkizdə rayon mərkəzindən Başlıbelə yola düşür. Düz 55 dəqiqəyə “Tutquçay dərəsi” zonasındakı 50-yə yaxın yaşayış məntəqəsinin Kəlbəcər-Ağdərə və Kəlbəcər-Murov yoluna yeganə çıxışı olan tunelə çatırıq.
Bu, həmin tuneldir ki, 1993-cü il aprelin 1-də Ermənistan silahlı qüvvələrinin nəzarəti altına düşmüşdü. Nəticədə Laçın istiqamətindən və Kəlbəcərin “Tutquçay dərəsi”ndən maşınların Murov yoluna çıxışı bağlanmışdı. Həmin gün Başlıbeldən gələn 12 yük maşını Comərd kəndinə çatarkən tunelin bağlandığı bəlli olmuşdu. Qoca, qadın və uşaqları təhlükəsiz zonaya çatdırmalı olan maşınlar geri qayıtmışdı. Təzədən kəndə dönənlərdən ayağı yer tutanlar piyada, qocalar və körpələrin bir qismi isə atlarla dağları aşaraq Kəlbəcər istiqamətinə, oradan isə Murova doğru yola çıxmışdı. Ancaq 62 nəfər işğalçı ordunun mühasirəsində qalmışdı. Onlar kənddən 3 kilometr yuxarıda, “Portda” deyilən ərazidəki kahalarda gizlənmişdilər. Aprelin 18-də Ermənistan hərbçiləri sığınacaqların yerini müəyyənləşdirə bilmişdilər. Onlar 12 nəfəri kahalarda qətlə yetirmişdilər. Daha 6 nəfər isə kəndin digər yerlərində öldürülmüş, 14 nəfər girov götürülmüşdü. Sağ qalan 30 nəfər dağlara çəkilərək iyulun 22-dək başqa kahalarda yaşamışdılar. Onlardan 29 nəfəri 113 gündən sonra gizli yollarla işğal zonasından çıxa bilsə də, bir nəfər – Böyük Vətən müharibəsi iştirakçısı olmuş Ələsgər baba “mən öz yurdumda ölmək istəyirəm”, – deyərək kahada qalmışdı…
İyirmi səkkiz ildən sonra ilk dəfə Başlıbel faciəsinin izlərini görəcək, o dəhşətli günləri yerində xatırlayacağıq…
Yolu ikiyə bölən şlaqbaum
Qaranlıq tunelə bitişik sıldırım qayaların arasından axan Tərtərin qıjovuna bir az tamaşa edəndən sonra yolumuza davam edirik.
Başlıbelə aparan yol Alıbəyli kəndinə qədər rahatdır. Yolqırağı ərazilərdə evlərin hamısı yandırılıb, bəzilərinin divarları özülünə qədər dağıdılıb. Yolun vəziyyətindən hiss olunur ki, o, tuneldən Alıbəyliyə kimi işlək olub.
Keçmişdə Bəylik, sonralar Tirkeşəvənd, 2015-ci ildən isə Alıbəyli adlandırılan kənddən Laçına dönən yerdə hektarlarla ərazidə böyük qazıntı işləri aparılıb, bəzi sahələrdə çayın yatağı dəyişdirilib, bir neçə yerdə suyu qurumuş hovuzu xatırladan çalalar gözə dəyir. Çay daşı və çınqıl yığınından ibarət təpəciklər bizi aparan “Kamaz” avtobusuna boy verir. Avtobusdakı hərbçilərdən biri təpəciklərin arasındakı çalaları göstərərək “ermənilər burada qızıl yuyurmuşlar”, deyir…
“Bəyliyin çayı”nı çətinliklə keçib, “Sarı yoxuş”a qalxırıq. Yamacdan axan torpaq yolu xeyli daraldıb. “Kamaz” bu sərt və darısqal yoxuşu da çətinliklə qalxır. Enişdə, təxminən 50 metr irəlidə, sağı sıldırım qayalıq, solu uçurum olan yolun hər iki tərəfində yoğun polad dirəklər var. Əvvəllər, işğala qədər burada dirək yox idi. Hərbçilərdən biri söyləyir: “Ermənilərin quraşdırdığı şlaqbaumun qalıqlarıdır. Bizim əsgərlər onu zorla, xüsusi alətlərlə kəsə bildilər. Şlaqbaumdan o yana uzun müddət gediş-gəliş olmayıb. Yəqin pullu ermənilərdən kimsə bütün zonanı alıbmış. Qabaqdakı kənddə balıq saxlamaq üçün xüsusi göl də salınıb…”
Süni göl Qaraxançallı kəndinin qurtaracağında, çayın qırağındadır. Yolun üst tərəfində yerləşən axırıncı evi ermənilər yenidən tikiblər. Amma 44 günlük müharibədən sonra Kəlbəcərdən çıxarkən onu da yandırıblar. İndi həmin evdən divarlar, bir də dam örtüyünün hissələri qalıb…
Avtobusdakıların xahişi ilə sürücü maşını saxlayır. Yoldaşlarımdan bir neçəsi maşından düşüb gölə yaxınlaşır. İlqar sol əlini sağ biləyinin üstünə qoyaraq, qışqırır: “Bu boyda balıqlar var…”
Tunel-Başlıbel yolunun ən çətin keçilən hissəsinə – “Parağın darı”na çatırıq. Adından da göründüyü kimi, dar bir yoldur. Soldakı ağacların qol-budaqları uzanaraq sağ tərəfdə sal qayalara dirənir. “Kamaz” yolu ağuşuna almış ağacların qol-budağına sürtünə-sürtünə, bəzilərini sındıra-sındıra irəliləməyə çalışır. Tez-tez iri daşları kənara itələyərək yolu açmaq üçün maşından düşməli oluruq. Uçmuş qaya parçalarından birini yerindən oynatmaq mümkün deyil. Sürücü çox ehtiyatla bu səddi keçə bilsə də, avtobusun qapısını qoruya bilmir: qayanın əzdiyi qapı daha bağlanmır…
Birtəhər “Parağın darı”ndan da sivişib, Xallanlı kəndinə yetişirik. Erməni vandalizminin əlamətləri burada da görünür: yandırılmış evlər, uçurulmuş divarlar… Kəndin çıxışında sonuncu məhəllələr – İskəndər müəllimlə Soltan müəllimin bir zamanlar güllü-gülüstanlı həyət-bacaları indi miskin görkəmi ilə ürək dağlayır. Onların hamını heyran edən iri meyvə bağlarında ağaclar soyqırım qurbanları kimi bir-birinin üzərinə yıxılıb qalıb.
Görüş
Başlıbelin sərhədinə – “Babalı şamı”na çatanda qeyri-ixtiyari yerimdən qalxıb avtobusun qapısına yaxınlaşıram. Ana qucağı kimi isti və əziz yurdumun nəfəsini duymaq, 28 ildir həsrətini çəkdiyim torpağı öpmək istəyirəm…
Maşın “Govun boynu”ndakı yoxuşu qalxanda kabinənin arxasındakı şüşəni taqqıldadıram. Sürücünün yanında əyləşmiş zabit diksinir və çevrilib salona baxır. Şüşəni döyəcləməkdən ağrıyan barmağımı ovcuma sıxıb “Saxla!” işarəsini verirəm. Maşın Vəlinin evinin bərabərində, dikdə saxlayır. Hamımız yerə atılırıq. Qarşıda gözəl mənzərə açılır: Başlıbelin girişində “Aşağı oba”, mərkəz hissədə “Ortalıq” adlandırdığımız məhəllələr ovuc içi kimi görünür. Üzümü Tanrıya tutub, dua edirəm. “Bu günə çox şükür, ay Allah, nə yaxşı yurdumuzu görməyi nəsib elədin”, – deyib dizlərimi yerə qoyuram, doğma torpağı öpürəm. Burada tamamilə ixtiyarsızam, bütün vücudum Torpağa və Tanrıya köçüb…
Bu, ayrı bir hissdir. Bəlkə heç hiss də deyil, başqa bir şeydir, ifadə etməyə söz tapmıram…
Bir-birimizi qucaqlayıb avtobusa doluşuruq. Hələ şokdayıq, heç kəs yerində oturmayıb. Hamı susqun halda avtobusun pəncərələrinə yapışıb, vəhşiçəsinə dağıdılmış, yalnız alçaq divarları qalmış evlərə tamaşa edir. Həyətlər, bağlar, biçənəklər tanınmaz haldadır. Bir dənə də salamat tikili yoxdur, evləri tövlələrdən, tövləni evlərdən fərqləndirmək mümkün deyil. Elektrik və rabitə xətlərindən əsər-əlamət yoxdur, ermənilər dirəkləri, transformatorları da çıxarıb aparıblar…
Güllələnmiş şəkil
Böyük bir qəbristanlığa çevrilmiş Başlıbelə baxa-baxa xəyalım keçmişə qayıdır. İşğaldan əvvəl kəndimizdə olan qəbristanlıqlardan dördü də bir-bir gözlərimin önünə gəlir. Sabir müəllimin evinin arxasındakı köhnə məzarlıqda yonma daşların üzərinə həkk olunmuş at və sandıq şəkillərini, ərəb əlifbası ilə yazıları xatırlayıram. Kəndimizin sayca 3-cü olan ən böyük qəbristanlığı 1990-cı ildən dolmuşdu. Bundan sonra “Mehdinin cili”ndə yenisi salınmışdı. İlk dəfə mərhum Sərvinaz xalanın dəfn olunduğu bu qəbrisitanlıq sonradan xeyli böyümüşdü…
“Kamaz” İsmayıl əminin evinin arxasında dayanır. Hasarları yerlə-yeksan edilmiş məzarlığa tələsirəm. İçəri girən kimi, iki yanaşı qəbirə rast gəlirəm. Yerə yıxılmış baş daşlarının üzərindəki yazılara baxıram. Atamın və Rza əmimin adlarını görər-görməz içimdən bir nida qopur: ATA!…
İşğal zamanı evimizi tərk edərkən atamın bir şəklini belə götürməyə macal tapmamışdıq. İyirmi səkkiş ildə bunun xiffətini çəkmişik, hər kəs öz içində. Ailəmizdə hamı atamı xatırlayanda “kaş ki, şəkli olaydı”, deyərdi. Mənimsə içimdə qəribə bir nikbinlik vardı. Niyə? Hansı məntiqlə? “Yəqin, atamın məzar daşındakı şəkli yerindədir, kəndimiz azad olunanda o şəkli çəkib çoxaldacaq, həmişəlik yadigar saxlayacağam” deyə, düşünürdüm. İyirmi səkkiz ildir həmin məqamı gözləyirdim.
Nəhayət, məqam yetişdi! Amma… atamın şəkli ələgəlməz vəziyyətdədir, ermənilər başdaşını aşırıblar, saysız-hesabsız güllələr şəkli tanınmaz hala salıb…
Bu böyük qəbiristanlıqda düşmənin güllələmədiyi, zərər vurmadığı bir məzar da yoxdur. İstisnasız olaraq bütün baş daşları sındırılıb, tökmə beton dağıdılıb, şəkillər gülləbaran edilib, bəzi qəbirlər isə vəhşiçəsinə eşilib. Ermənilər sanki ölülərimizdən, məzar daşlarından da qisas alırlarmış.
Qəbristanlıqdan çıxıb, 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş polkovnik-leytenant Zaur Cəfərovun doğulduğu evi tapırıq. (Kəlbəcər işğal olunanda Zaurun 12 yaşı vardı.) Evin qalıqları üzərində Azərbaycan və Türkiyə bayraqlarını qaldırırıq, sonra isə Başlıbel qətliamının törədildiyi kahalara yollanırıq.
Kahalarda kütləvi qətliam
Maşın “Kahanın başı”ndan qalxıb “Portdanın düzü”ndən yuxarıda dayanır. Biz sərt yamacla aşağı enirik. Ermənilərin qəddar əməllərinin şahidlərindən olan Mahir Cəfərovla İsmət Əzizov qabaqda gedirlər. Mahir ayaq saxlayır: “Hüseyn əmini burada dəfn etmişik!” Hamımız Mahirin dayandığı yerə yaxınlaşırıq. Qalın ot örtüyünün alında qalmış qəbrin ətrafını təmizlədikdən sonra Seyid Natiq “Quran”ı açaraq “Yasin” surəsini oxuyur.
Altmış iki nəfərin sığındığı “Portda” kahaları buradan çox aydın görünür. Arada hava məsafəsi ilə cəmi bir neçə yüz metr var. Mahirlə İsmət ermənilərin kahalara hansı istiqamətdən hücum etdiklərindən, qətliamın ilk qurbanlarından danışırlar. Çayı keçib, kahalara qalxırıq.
Budur, bir-birindən 30-40 metr məsafədə yerləşən iki qayada 6 kahadan ibarət sğınacağın qarşısındayıq. Başlıbeldə mühasirədə qalanlar 18 gün məhz bu kahalarda yaşamışdılar. Bütün “maddi sübutlar” yerindədir – vedrələr, qazanlar, çaydan, qəndqabı, stəkan-nəlbəki, müxtəlif həcmli su qabları və şüşə balonlar, 20 litrlik neft bidonu, “maşinka” adlandırdığımız, neftlə işləyən qızdırıcı, qadın və uşaq geyimləri, ayaqqabılar, uşaq çəkməsi, yorğan-döşəklər… Hətta mühasirədə qalanların yeganə informasiya mənbəyi olan radioqəbuledicinin akkumulyatoru da buradadır. (Onu sığınacaqdakılar yük avtomobilindən çıxarıb gətirmişdilər.) Qab-qacaqların, demək olar, hamısında düşmə güllələrinin izləri var. Yorğan-döşəklər cırılıb, didilib, yun kahaların içərisinə dağılıb. Erməni silahlılarının köməksiz insanlara atdıqları güllələrin boş gilizlərinə də rast gəlinir.
Kahaların birində ermənilərin qətlə yetirdiyi Gülgəz nənəmin bel şalını dərhal tanıyıram. Toz-torpağa bulaşmış şal, aradan 28 il ötməsinə baxmayaraq, rəngini belə dəyişməyib. Nənəmin yadigarı şalı özümlə götürmək istəyirəm, amma onun da “maddi sübut” olduğunu xatırlayıb, fikrimdən daşındım.
Burada heç nəyə toxunmadan təxminən 200 metr aşağıdakı qayanın dibinə enirik. Ermənilərin kahalara hücum zamanı qətlə yetirdikləri 12 nəfər hadisədən 24 gün sonra məhz bu yerdə dəfn edilib. Məzarlardan 6-sı bir sırada, digər 6-sı təxminən 2 metr aralıda ikinci sırada yerləşir. Mahirlə İsmət ot basmış qəbirləri göstərərək faciə qurbanlarını necə dəfn etdiklərindən danışırlar. Onlar mayın 12-də “Portda” kahalarına qayıdaraq, meyitləri gizlincə çıxarıblar. Kəndə qarətə gəlmiş silahlı ermənilər duyuq düşməsin deyə, bir nəfər qayanın üstündə keşikçi qalıb, 2 nəfər kahalardakı meyitləri belinə alaraq aşağıdakı kiçik düzənliyə daşıyıb, digərləri qəbirləri hazırlayıblar.
İsmət Əzizov birinci sıradakı qəbirləri göstərir: “Çiçək xala, Yaqub kişi, Büsat bibi, qızı Zövqiyyə, Gülgəz nənə, Gülara xala”. Daha sonra o, ikinci sırada basırılanları nişan verir: “Məhəmməd əmi, oğlanları Surxay və Çingiz, qızı Aygün. Ən axırıncı qəbirlər Əhliman kişi ilə Vüqarındır. Allah hamısına rəhmət eləsin!..”
Yıxılmış başdaşları və dik qalmış samovar
Seyid Natiq məzarların baş tərəfində dayanıb “Quran” oxuyur. Biz isə qəbirlərin ətrafında təmizlik işlərinə başlayırıq. Kitab boyda yastı daşlardan ibarət başdaşları yıxılıb, otun-ələfin arasında görünməz olub. Onları qaldırıb bərkitdikdən sonra özümüzlə gətirdiyimiz qərənfilləri məzarların üzərinə düzürük. Burada uyuyan şəhidlərin ruhuna növbəti dualar oxunur…
Təxminən 20-25 metrlik məsafədə qapaqsız iri dəmir samovar diqqətimdən yayınmır. Samovar hamar bir yerdə dik vəziyyətdə qalmışdı, sanki kimsə öz əli ilə gətirib buraya qoymuşdu. Sual dolu nəzərlərlə İsmətə baxıram. Məni anlayır: “Kahada işlətdiyimiz samovardı, çayı onda qaynadırdıq, – deyir. – Ermənilər hücum edəndə samovarı dərəyə atmışdılar. Biz “Nəbinin kahası”na sığınandan sonra buradakı əşyalarımızı götürməyə gəlmişdik, samovarı da aparmaq istəyirdik. Amma baxdıq ki, beş-altı yerdən güllə dəyib, elə o vaxtdan burada qaldı”.
Artıq axşamdır, geriyə – kəndə qayıtmağın vaxtıdır. Qənaət müəllimin, Pəri mamamın və Taxtabaşı kəndindən olan Hüseyn kişinin qətlə yetirildiyi yerlərə baxmalıyıq. “Mehdinin cili”ndəki yeni qəbristanlığa gedib kəndimizin ilk şəhidi Namiq Əbdüləliyevin, Qənimət əmi, Böyükkişi babanın məzarlarını ziyarət etməliyik. Fürsət olsa, öz evimizi də görmək istəyirəm…
Yanmış evimizdə anamın əl izləri
Maşın kəndin mərkəzində, “Mirilər dərəsi” məhəlləsinin ağzında dayanan kimi, ömrümün 21 ilini yaşadığım evimizi axtarıram. Yolları, cığırları, həyət-bacaları ot basıb, çəpərlər, daş divarlar tamamilə yoxa çıxıb. Ömrümün ən şirin anlarını, xatirələrlə dolu olan uşaqlıq və yeniyetməlik illərini yaşadığım kəndimiz, məhəlləmiz tanınmaz haldadır. Qonşular arasındakı sərhədlər tamamilə itib, hansı istiqamətə getməli olduğumu belə aydınlaşdırmaqda çətinlik çəkirəm. Çaşqın vəziyyətdəyəm, hər addımda özümü ot tayasının üzərində gəzirmiş kimi hiss edirəm. Hərdən otun arasında gizlənmiş dəmir və şifer qırıntılarını ayaqlayıb keçirəm. Ətrafda isə uçuq divarlardan başqa heç nə görünmür. Ağacların da çoxu quruyub.
Durduğum yerdə donub qalmışam. Sağdakı uçuq divarları Hacı əmimin, soldakını isə İbrahim əminin evinə oxşadaraq, bir istiqamət tutub irəliləyirəm. Bir az gedəndən sonra, növbəti uçuq divarların qarşısında ayaqlarım öz-özünə dayanır. Deyəsən, bizim evimizdir. Amma həyətimizi görə bilmirəm. Bəs, dərə? Dərənin qırağındakı bostan? Bostanın daş hasarı hanı? Bir-birinə qarışmış həyətlər böyük biçənəyi xatırladır. Qurşaqdan yuxarı qalxmış gicitikan kolları hər tərəfi ağzına alıb. Qorxu və vahimə məni bürüyür. Sanki yarı-uçuq divarlardakı daşlar üstümə töküləcək…
Toparlanıb alçaq divarların arasından içəri keçirəm. Ev kösövlərlə, yanmış daş qırıntıları ilə doludur. Yan və arxa otaqlardakı dəmir çarpayılar dağıntıların altında qalıb. 80-ci illərin sonlarında tikdiyimiz yan otağa keçəndə ayağım çaydanın lüləyinə ilişir. Yerdən götürüb kənara qoymaq istəyirəm, çaydanda bir neçə güllə deşiyi görürəm. “Burda anamın əl izləri var” düşüncəsilə onu sığallayıb toz-torpağını təmizləyirəm. Öpmək istəyirəm…
Bütün otaqları gəzib dağıntıların altından çıxardığım tanış əşyaları bir küncə qoyuram. Xeyli qab-qacağımızı tapmışam: çaydan, parç, qazan, vedrə… Uçuq divarın qapısı ağzında oturub, qablara tamaşa edir, bu vəhşiliyi törədənləri lənətləyirəm…
Ən yaxın qonşumuz olan Seyid Rza əmimin, Həsən əmimin evlərinə baxıram. “Klub”un qabağından keçib Sürəyya mamamgilə tərəf qalxıram. Qarşıma çıxan bütün evlərin uçuq divarların görüntülərini kameramın yaddaşına köçürməyə çalışıram. Bilirəm ki, 28 ildir yurd həsrəti ilə yaşayan qohumlarım, həmkəndlilərim üçün bundan yaxşı hədiyyə yoxdur…
Vaxt azdır, gecələmək üçün geriyə – Zülfüqarlı kəndinə qayıtmalıyıq. Bu gün də planlaşdırdığımızın hamısını edə bilmədik. “Mehdinin cili”ndəki qəbiristanlıqda uyuyan doğmalarımızın məzarlarını ziyarət etmədik. Üç aydan çox mühasirədə qalanların sığındığı “Nəbinin kahası” və “Barıtlı binə”yə baş çəkmədık, işğalın ilk günlərində kənddə qətlə yetirilən 3 şəxsin qalıqlarını axtarmaq fürsətimiz olmadı…(pressklub)
Elxan Salahov
Bakı-Kəlbəcər-Bakı