Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

 Qiymət artımında növbə qaz və işığa çatdı?-Ekspertin fikrincə, yeni qiymət artımları sadəcə, zaman məsələsidir

 

 

Yenixeber.org: Bazar günü Tarif Şurasının növbəti iclasında növbəti qiymət artımı barədə qərar qəbul edildi. “Azərsu” ASC-nin müraciəti əsasında 1 kubmetr su təchizatının tarifi əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 70 qəpik, digər inzibati ərazi vahidləri üçün 60 qəpik, tullantı sularının axıdılması xidmətinin tarifi isə ölkə üzrə 1 kubmetr üçün 30 qəpik səviyyəsində təsdiq olundu.

Su təchizatının bundan əvvəlki tarifi isə əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 35 qəpik, digər inzibati ərazi vahidləri üçün 30 qəpik, qeyri-əhali üzrə əvvəlki səviyyədə – 1 kub metr üçün 1 manat, sudan xammal kimi istifadə edənlər üçün isə suyun istifadə təyinatından asılı olmayaraq (tullantı sularının axıdılması xidmətləri də daxil olmaqla) 1 kub metr üçün 8 manat olub.

Bəs, su təchizatının birdən-birə 100 faiz artırılmasını necə başa düşmək olar və pandemiya dönəmində, üstəlik, müharibədən yeni çıxmış bir ölkə üçün bu, nə dərəcədə düzgün qərardır? Yaxın gələcəkdə yenidən qiymət artımı baş verə bilərmi? Tarif Şurasının ləğvi barədə təkliflər nə qədər əsaslıdır?

İqtsadçı Samir Əliyev bildirdi ki, Azərbaycanda bir sıra xidmətlər var ki, onların qiyməti dövlət tərəfindən tənzimlənir:

“Məsələn, mobil telefonlardan tutmuş, şəkər, çay, çörək kimi ərzaq məhsullarının qiymətini bazar təyin edir. Amma strateji sahələr olan dərman, ictimai nəqliyyat, kommunal xidmətlər və s. istiqamətlərdə qiymətlər dövlət tərəfindən tənzimlənir. Demək istədiyim odur ki, suyun qiymətinin artırılması ilə bağlı qərarı dövlət verir. Bu artımı Tarif Şurasının timsalında dövlət edir. Sabah Tarif Şurası ləğv edilsə belə, heç nə dəyişməyəcək. Tarif Şurası ləğv ediləcək, misal üçün, həmin funksiya İqtisadiyyat Nazirliyinə veriləcək. Yenə də həmin qərarlar olacaq. Biz hamımız yaxşı bilirik ki, Tarif Şurası özbaşına qərar qəbul edən qurum deyil”.

Ekspert bunun daha çox siyasi məsələ olduğunu vurğuladı:

“Düşünmürəm ki, siyasi hakimiyyətin xəbəri olmadan bu addım atılıb. Bu qərar onların razılığı ilə verilib. Ona görə də, Tarif Şurasını ləğv etmək və sair təkliflər çıxış yolu deyil”.

Əliyev maraqlar toqquşmasına da toxundu:

“Bildiyimiz kimi, Tarif Şurasının rəhbəri iqtisadiyyat naziridir. O, həm də SOCAR-ın Müşahidə Şurasının rəhbəridir. Burada artıq maraqlar toqquşur. Belə çıxır ki, maraqlı tərəf olduğuna görə, sabah SOCAR-ın məhsullarının da qiymətini qaldıra bilər. Burada zidiyyət var”.

Ekspertin sözlərinə görə, dövlət ona görə bəzi sahələrdə qiymətləri tənzimləyir ki, bunlar həssas, strateji xarakterli xidmət və məhsullardır:

“Bunlar birbaşa əhalinin həyat səviyyəsinə təsir edən xidmətlərdir. Ona görə də dövlət bu sahəni tənzimləyir. Hökumət o zaman bunu bazarın ixtiyarına buraxsaydı, bu gün biz işığa görə 10 qəpik deyil, bəlkə 30-40 qəpik ödəyərdik. Əgər suyun qiyməti bu gün 1 manatdırsa, o zaman bəlkə 2 manat olardı. Yəni bunlar strateji və həsas sahə olduğundan və əhalinin sosial vəziyyətinə təsir göstərdiyindən, dövlət bunları tənzimləyir və qiymətin qalxmasına imkan vermir. Hökumət suyun qiymətini qaldırdı və reaksiyanı gözlədi. O qədər də güclü reaksiya olmadığına görə qiymət belə də qəbul edildi. Əgər əhalinin sərt reaksiyası olsaydı, Tarif Şurası bəlkə verdiyi qərardan geri çəkilərdi. Bu, əslində Tarif Şurasının deyil, siyasi hakimiyyətin qərarıdır”.

İqtisadçı hesab edir ki, qiymət artımı digər kommunal xidmətlərin qiymətlərinə də təsir göstərəcək:

“Kommunal sektorun digər sahələrində də artım gözləyirəm. Qaz, işıq, eləcə də nəqliyyat qiymətlərində də artım olacağını düşünürəm. Bunlar sadəcə, zaman məsələsidir”.

Qiymət artımının hansı zərurətdən irəli gəldiyini izah edən ekspertin sözlərinə görə, Tarif Şurasının da qeyd etdiyi kimi, birinci zərurət büdcə yükünü azaltmaqdır:

“Bu gün şirkətlərin hamısı büdcədə “oturub.” Büdcədən milyardlarla vəsait, subsidyalar ayrılır. Bütün bunların hamısı dövlət büdcəsinə yükdür. İndi neft gəlirləri azalıb, xərclər isə əksinə, artıb. Son zamanlar büdcədə sosial xərclər də artıb. O cümlədən, işğaldan azad olunmuş ərazilərdəki işlər də əlavə xərc tələb edir. Dövlət əvvəl-axır bunu etməliydi. İndi etməsinin səbəbi isə odur ki, hakimiyyət müharibədən nüfuzunu artıraraq çıxıb. Hökumət həmin nüfuzuna güvənərək qiymət artımına getdi”.

Sosioloq Əhməd Qəşəmoğlu qərarın yanlış olduğunu söylədi:

“İnsanların sosial durumu elə də yaxşı deyil. Həm pandemiyaya görə iş yerlərinin bağlandığı, bəzilərinin fəaliyyətini dayandırdığı, həm də müharibədən yeni çıxmış bir ölkədə suyun qiymətində ikiqat artımın olması məntiqə uyğun gəlmir. Biz müharibədən qalib çıxmış bir ölkəyik. Elə işlər görülməlidir ki, insanlar günü-gündən fərəhlənsin. İnsanları ruhdan salan işlər görmək olmaz. Bu məsələdə tələskənliyə yol verilib”.

Qeyd edək ki, Tarif Şurası bir müddət əvvəl də iclas keçirmiş və iclasda Dövlət Neft Şirkətinin (SOCAR) müraciətinə baxılmışdı. Müraciətə əsasən, Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilmişdi.(pressklub)

Ülviyyə Şahin


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam