Yenixeber.org: Türkiyənin milli valyutası – Türk lirəsi dəyər itirməyə davam edir. Artıq 1 ABŞ dolları 7,49 TL-yə bərabərdir və şübhə yoxdur ki, 7,5 TL-ni də ötəcək. Bir avro isə 8,2 TL-yə satılır.
Azərbaycan Türkiyənin əsas xarici ticarət tərəfdaşlarından biri olmaqla yanaşı, bu ölkəyə sərmayə qoyan ölkələr sırasında ilk beşlikdə yer alır. Rəsmi məlumatlara görə, Türkiyənin neft-kimya sənayesinə, turizm sektoruna və digər sahələrə yatırılan Azərbaycan investisiyalarının ümumi həcmi 20 milyard dollara çatıb.
Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan və Türkiyə arasında ümumi ticarət dövriyyəsinin həcmi 2 314 467,60 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin yaydığı statistik məlumatlara bu, ötən ilin yanvar-iyul ayları ilə müqayisədə 575 014,25 min dollar və ya 33,06% çoxdur. Türkiyənin Azərbaycanın ümumi ticarət dövriyyəsindəki payı 11,18% təşkil edir.
Bu məbləğin 1 498 423,18 min dolları ixracın payına düşür ki, bu da ötən ilin 7 ayı ilə müqayisədə 640 817,5 min dollar və ya 74,72% çoxdur. Türkiyənin idxalının Azərbaycanın ümumi ixracındakı payı 12,21% təşkil edir.
Bu ilin 7 ayı ərzində Azərbaycan Türkiyədən 816 044,42 min dollar həcmində məhsul idxal edib ki, bu da ötən ilin yanvar-iyul ayları ilə müqayisədə 65 803,26 min dollar və ya 7,46% azdır. Türkiyənin ixracının Azərbaycanın ümumi idxalındakı payı 9,68% təşkil edir.
Türkiyə-Azərbaycan Əməkdaşlıq Şurasının qarşısına qoyulan hədəf ticarət dövriyyəsinin həcmini 5 milyard dollara çatdırmaqdan ibarətdir. Bəs, Türk lirəsinin kəskin dəyər itirməsi bu ölkənin iqtisadiyyatına, Azərbaycan sərmayələrinə və qarşılıqlı ticarət dövriyyəsinə necə təsir edə bilər?
İqtisadçı Məhəmməd Talıblı bildirdi ki, Türkiyə iqtisadiyyatının ən ciddi problemlərindən biri xarici sərmayələrin qaçışı ilə bağlıdır. Ekspertin sözlərinə görə, eyni sözləri Azərbaycandakı iş dünyası haqqında da demək olar. “Türkiyəli sərmayədarlar əsasən Avropa Birliyi ölkələrindəki real sektora investisiya yatırırlar. Almaniyada, Fransada inşaat sektoruna daha çox sərmayə yönəldirlər. Azərbaycandakı oliqarx iş adamları isə yalnız Türkiyədə daşınmaz əmlaka vəsait yatırırlar”, – deyə M.Talıblı söylədi. O qeyd etdi ki, Türkiyəyə COVİD-19-la bağlı turist axınlarının azalması bir çox bölgələrdə, o cümlədən Antalyada, İstanbulda, Ankarada mənzillərin və mülklərin qiymətlərini aşağı salıb: “Antalyada mənzillərin və obyektlərin qiymətləri daha çox düşüb. Bakıdakı qiymətlərlə müqayisədə oradakı mənzillərin qiyməti daha sərfəlidir. Ona görə də Türkiyədə mənzil alan əcnəbilər sırasında azərbaycanlılar öndə gəlir”.
Ekspertin fikrincə, bu, həm də ondan xəbər verir ki, Azərbaycanda əlverişli investisiya mühiti yoxdur. M.Talıblı vurğuladı ki, Türkiyə və Azərbaycan arasında ticarət əlaqələri məhdudlaşıb, sadəcə, online ticarətin dövriyyəsi artıb.(pressklub)
Turqut