Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

DEYİMLƏR

Fərman Kərimzadə anıldı

     

"Xeberinfo.com":  

 

                                  İçilmədi lazım olanların sağlığına

   

Bir məclisdə badə qaldırıb dedi biri: - içək əhli halların sağığına, damağı çağların sağlığına, mey qədrini bilib mey içənlərin sağlığına. Bu məclisdə çox- çox sağlıqlara içildi, bircə içilmədi mərdlərin sağlığına, yer- yurd qədri bilənlərin sağlığına, sağlığları lazım olanların sağlığına.

                        Kardı gecənin qulağı

 

   Gecədən keçmiş qəfil qapım döyüldü. Sordum: kimdi bu gecə vaxtı? Dedi: qonşuyam, dərdləşməyə gəlmişəm. Nəfsinin kəskin və iti olduğunu bildiyimdən dedim: Kardı gecənin qulağı, dərdini eşidən olmayacaq. Get, gündüz gəl.

                         Başdaşı

 

   Öldü. Ağlayan da oldu, yanan da. Ər idi ağlandı, ata idi ağlandı. Ölümündən günlər keçdi. Doğmalar, qohumlar yığışdılar, dedilər başdaşı qoyaq. Sifariş verdilər daş yonana. İşə başladı daşyonan. Nə qədər çalışdı, tər tökdü daşyonan daşdan baş daşı olmadı. Oturub alnının tərini sildi, fikirə getdi: niyə yonulmasın bu daş? Sual verdi öz- özünə. Cavab gəldi daşdan: Vətənə vətəndaş olmayana, mən niyə başdaşı olmalıyam?!

 

                       Fərqində olun

 

   Mən ölmüşəm, siz də məni dəfin etməyə hazırlaşırsınız. Halal edin zəhmətinizi.Qəbrimi necə qazırsınız qazın özünüz bilərsiniz. Lap dar qazın, dayaz qazın, daşlıqda. tikanlıqda qazın, fərq etməz. Amma yalvarıram sizə, məni kimin yanında basdırmağınızın fərqində olun.

                        

                         Heç zaman

 

  Sən onun kölgəsində yaşayırsan nə zamandır.Görənlər deyir heç böyüməmisən, artmamısan, yaxşı yeyib- içsən də.

   Nə olar bir kərə də günəşin altına çıx, boy- buxunun artsın. Unutma, daima kölgədə olanlar böyüməz, artmaz heç zaman.

                       Yaman uzanır

 

  Bir balaca ağlayanda qol açıb bağrına basardın məni ana! Oxşayıb, ovudub kiridərdin, silərdin axan göz yaşımı.

  Xeyli vaxtdır məzarın üstündə ağlayıb çatlayıram... eşitmirsən. duymursan səsimi...Durub bir hovur oxşayıb kiritmirsən məni. axı sən belə etməzdin. bəlkə incimisən, küsmüsən məndən. Səni doğma torpaqda dəfn etmədim deyə. Küsmə, incimə balandan ana, bəlkə məni də burda dəfn etdilər. Axı dönüşün yolu yaman uzanır, yaman ana.

                      

                        Üzümə bağlı

 

  Bu dünyada döymədiyim qapı qalmadı. Hamsı üzümə bağlı. daha döyüləcək qapı yox, qapı döyməyə də üz yox. Mən qapılar önündə qalmalıyam?! Yox atam, qapı önündə boynu bükük durmaq mənlik deyil. Atam məni onun üçün əkməyib, anam onun üçün doğmayıb. Mən mübarizə, vuruş üçün gəldim bu dünyaya. gərək açılmayan qapıları sındıram, haqsızlara haqqımı, gücümü qandıram.

 

                       İlk duam

 

   Bir ixtiyardan soruşdum: Allaha ən tez çatan dua hansıdır? De, birinci o duadan başlayım dualarımı hər gün.

  Çox düşünmədi ixtiyar, dedi:Oğlum, denən Allahım, məni Vətənsiz və Anasız eləmə. Vətənsiz ana, Anasız Vətən yoxdur bu dünyada.

 

                      Qapımızın açarı

 

  Qapımızı bağlamazdıq heç zaman. Amma o vaxt bağladıq və çıxdıq. İllərdir gedib aça bilmirik. Tanrım, kim qarğadı bizə: "Qapın bağlı qalsın" deyə.

   Bağladığımız qapının açarı özümüzdədir. Özümüz açmalıyıq öz qapımızı. BMT, ATƏT, AŞ bizə qapı açan deyil, biz müsəlmanların qapı açarları olmur onlarda.

 

                        Satılmış qəbir yeri

 

Azərbaycan adlı dünyadan çox şairlər köç etdilər o dünyaya. Biri dedi, məni doğulduğum torpaqda, o biri dedi "Çahargah"ın mayəsində dəfin edin məni. Çoxu çox şey dedi, amma bir nəfər demədi ki, satılmış qəbir yerində dəfn etməyin məni.

                           Torpaq ətri

   Həmişə əllərindən torpaq iyi gələrdi atamın... Tanrısı torpaq idi onun. Torpağı haqq bilib and içərdi: "Torpaq haqqı".

   Bilirdi, torpaq uşaq kimi qayğı götürəndi, sığal sevəndi. Sığal çəkərdi, qayğı göstərərdi... Ata- ana övladına sığal çəkən, qayğı göstərən kimi.

  Xeyli zamandır əlinin ətirini əlindən alıblar, daha torpaq ətri gəlmir əlindən.Torpaq ətri qaytaran sorağındadır atam.

                      Vətənsizlik dərdi

   Bu ilin payızı yaman yağışlı gəldi. Dayanmadı heç, başımız üstündən çətirlər əskik olmadı. "Təbiətin sərtliyi" dedik buna. Bu il insan ömrünün payızı yaman pis gəldi. Hüzr məclislərində keçdi gündüzümüz, gecəmiz...Bu məclisdən çıxıb o məclisə getdik. Gözlərimizdən yaş əskik olmadı. Buna da "Vətənsizliyin dərdi" dedik.

                          İşsiz və pulsuz

   Bir gün çağırıb bir yerə yığacam dostları. Hamsının bir-bir tutub yaxasından deyəcəm:"Sizləri unutmamışam, sizlərə böyükdür sevgim, hörmətim. Sizləri görmək, qonaq etmək üçün yoxdur gürətim. Çünki işsiz və pulsuzam".

                          Kimsəsiz

  Bir kimsəsiz qadın ölüb neft ölkəsində. Basdırılacaq yeri yox, basdıranı yox. Nə olar, məzar yeri satanlar, kimsəsiz, ölmüş qadına yer verin- pulsuz- parasız. Necə avtobusda, metroda, məclisdə yer verdiyiniz kimi- minnətsiz.

                         Həqiqəti görsün

   Mən öləndə məni ağ kəfənə bükməyin. Mənim ömürümdə ağ rəng olmayıb. Mən qara günlü olmuşam. Yarım, yoldaşım da qara rəng olub. Qara dərdə büküb, qara torpağa qoyun məni. Sinə daşımı, baş daşımı da qara çay daşından qoyun. Birdən ziyarətimə gələn olsa, həqiqəti görsün.

                       Nəğmə oxudum

  Mən heç nəğmə oxumazdım. Doğrusu oxumağa səsim də yoxdu. Amma oxumağa səsi olmayan mən birdən- birə nəğmə oxudum. Yanıqlı, kövrək bir nəğmə. İndi bildim ki, mən də vurulmuşam.

                          Vaxtında

   Qəlbimin qapısını sənin üçün açmışdım. Açmışdım ki, döyməyib içəri girəsən. Amma sən açıq qapının önündə durub dərin-dərin fikirə daldın, sağa baxdın, sola baxdın, sonra da əlini yelləyib "eh"deyib getdin.Mən yanıldığımı bildim, nə yaxşı ki, hər şeyi vaxtında bildim, vaxtında.Yoxsa sevən bir qəlblə, laqeyid bir qəlb necə bir yerdə ola bilərdi?

                      Eşitmədin məni

  Sevdim səni dəli kimi. Dedim dəli sevgimə ağıllı özül qoyaram. Görüşmədik, danışmadıq. Görüşsəydik  ürəyi sözlü, əli güllü gələcəkdim görüşünə. Sözüm də, gülüm də sənin olardı. Heyhat nə sözümü eşitdin, nə gülümü qoxladın.

   ...Qəbrin üstəyəm. Görüşünə gəlmişəm, dilimdə sənə deyiləsi sözüm. əlimdə sənə veriləsi gülüm. Fəqət nə nə deyəcəyim sözümü eşidəcəksən, nə əlimdəki gülümü alacaqsan. Dilim tutulub sözümü deyə bilmirəm, amma əlimdəki gülləri qəbrinin üstünə qoyuram.

                   Torpaqla danışmağa gedirəm

   Bu şəhərdə təkəm, tək, lap tənha qəbir kimiyəm. Nə kimsəyə salam verirəm, nə kimsədən salam alıram. Nə kimsənin qapısını açıram, nə kimsə qapımı açır. Ətrafım adamla dolu, amma mən insan axtarıram, fikirlərimi, düşüncələrimi bölüşməyə. Tapa bilmirəm yalqız qalıram.

    Çıxıb gedəcəm bu şəhərdən, gedəcəm kəndimə torpaqla danışmağa, qardaşlaşmağa. Yoxsa bu dünyada kiminləsə danışmayıb, dərdləşməyib, qardaşlaşmayıb getmək günahdır vallah!

                     Göyə göz dikmişik     

    Yeri, göyü Allah yaratdı. Yeri biz insanlara verib göyə köçdü. Yuxardan bizə göz qoymaq üçün. Qorxmadıq, çəkinmədik başımızın üstündəkindən. Yerini yüzlərlə yerə bölüb, hasara aldıq. Qan tökə, can verə verə-verə. Qalalar ucaldıb, hasarlar çəkdik, Allahın əlindən aldığımız torpaqlarına. Allah torpaqsız qadı. İndi göyə göz dikmişik. Razılaşsa, Allahla şərikik.Razılaşmasa onu göydən də məhrum edəcəyik.

                     Əyilmiş başımız

  Nə zamandır oturmuşam miz arxasında, əlimdə qələm.Yazmaq istəyirəm Babəkimdən, Şah oğlu şah babam Xətaidən, qoç Koroğlumdan. Önümdə qədim Azərbaycan xəritəsi baxıram, baxıram. Nə qədər itirilmiş torpaqlar, Dərbəndim, Borçalım, İrəvanım, Göyçəm, Zəngəzurum, Təbrizim, Ərdəbilim...qalıb yad əllərdə. Erməni araq içib, kabab yeyib şellənir. Başım miz üstə əyilir, ağır-ağır nəfəs alıram. Oğlum, qızım təlaşlanır. Başımı qaldırmaq istəyirlər miz üstündən. Bütün bunlardan sonra əyilmiş başımız yerdən qalxarmı,Allahım?

                   Yağış kimi, bərəkət kimi

  Bir topa qara bulud göydən asılı qalıb neçə gündür. Sonda qolunda gücü qalmayacaq. Kömək üçün də qolundan tutanı olmayacaq. Qolu keyləşib, əli yorulub yerə gələcək. Gələcək yağış kimi, bərəkət kimi.

                    Həqiqət və göz yaşı

    O, öldü dedilər. Yer, göy ağladı.Qurumadı insanların göz yaşları. Düşündüm, bir gün yaranan, bir gen ölməliymişsə, həqiqətə bu qədər göz yaşı tökmək nə lazım?

                       Məni ağlamağa göz yaşı qalmayıb

   Qəbrimi özüm qazacam, əziyyət olmasın kimsəyə. Tabutdan özüm durub gedəcəm qəbrimə. Məni çiyinlərində aparmağa heylərimi qalıb qonum- qonşunun.

  Bel götürüb, öz üstümü özüm torpaqlayacam göz yaşlarımı tökə-tökə. Mənim qəbrimə tökməyə göz yaşımı qalıb oğul dağı görmüş analarda, ər dağı görmüş gəlinlərdə?!

                            Adım vardı, unutdum

    Diriydim, adıma Məmməd oğlu Həsən demədilər. Qaçqın, köçkün dedilər. Uzandı bu illər. O qədər uzandı ki, özüm də unutdum Məmməd oğlu Həsəni.

    Şəhərə getdim, adımı soruşdu biri. Dedim: -Qaçqın, köçkün deyirlər adımı.

Bir də soruşdu:- Atan, anan qoyan adın varmı?

-Vardı, dedim- zaman unutdurdu, getdi.

... Ölmüşəm. Bilirəm, yaxşı- pis, torpağa tapşıracaqlar məni. Baş daşıma adımı yazmaq istəyəcəklər. Tapmayıb eləcə qaçqın, köçkün yazacaqlar. Yazanlar, oxuyanlar xəcalət çəkib yerə girməyəcəklər görən?!

                                        Qınaman

   Yox,yox dostlar, məndən vətənpərmər olmaz, qınasanız da,qınamasanız da.

  Əvvəl-əvvəl çalışdım, sonra Vətən zora düşdü, şərə düşdü, vuruşdum. Sevdim Vətənimi. Dağıma, daşıma qurban dedim özümü. Ayağımı, əlimi itirdim.

   Qərar verdim, qərarım qətidir. Məndən vətənpərvər olmaz. Vətəndə vətəndaşlar məmur qapısını aça bilmirsə, vətəndaş adi bir daş kimi unudulursa, qanunla görüləcək işlər təmənnalı görülürsə, məndən bu Vətən üçün vətənpərvər olmaz.

 

                         

Məhərrəm Şəmkirli            


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam