MÜMKÜNDÜRMÜ?
"Xeberinfo.com": Müxəmməs
1-ci hissə
Ağlamaqla, yolçuluqla varlı olmaq mümkündürmü?
Aldatmaqla, yalanlıqla mürid olmaq mümkündürmü?
Xam xəyalla, möhtaclıqla sərdar olmaq mümkündürmü?
Ağlatmaqla, qəddarlıqla mürşid olmaq mümkündürmü?
Yalvartmaqla, çökdürməklə tabe etmək mümkündürmü?
Kəndxudalar sərvaxdıydı, oyandılar öz vaxtında,
Qisasçılar hazırıydı, əyləşdılər söz taxtında,
Yarınanlar saysızıydı, didişdilər post uğrunda,
Ucuzlular bezarıydı, ağlaşdılar dost yolunda,
Simasizlar dəstəsiylə şöhrətlənmək mümkündürmü?
Çox güvəndi dəstəsi var, kəndistanın ağasıdı,
Dayanıqlı arxası var, verməyəni sağasıdı,
Etibarlı sözçüsü var, yaltaqların qağasıdı,
Asırqallı diçəyi var, zəhər genin bağasıdı,
Haramlıqla, qan içməklə kişi olmaq mümkündürmü?
Kurs götürdü:-təhsil nədi, hamı çoban olmalıdır,
Çoban oğlu ömür boyu mal-qoyuna baxmalıdır,
Maldar oğlu yatağını alaçıqda açmalıdır,
Maldar qızı yurd-yuvanı dağ-dərədə salmalıdır,
Əqli mülkü şikəstliklə müdir olmaq mümkündürmü?
“Sizdən sözçü olmaz” dedi, özü keçdi iş başına,
Adamları didişdirdi, çevrilsin ki, sülh aşına,
Qamarladı var-dövləti, yesin özü tək başına,
Kim çarpışdı, kim danışdı, saldı ağır daş başına,
Talamaqla, quduzluqla insan olmaq mümkündürmü?
Hər hektadan on altı ton şəkər dadlı üzüm yığdı,
Özəl bağdan bir ton dərdi, fikirləşdi beş ton yazdı,
Fağır çoban yüz qoyundan öhdəliyə imza atdı,
Sayla səksən quzu aldı, mədaxilə yüz on yazdı,
Məhsuldarlıq göyə qalxdı, yarınana tərif qaldı,
Saxtalıqla, yalanlıqla üz ağartmaq mümkündürmü?
İstəyirdi nökər görsün kənd əhlini, kəndistanı,
Dişləyirdi yara töksün iş biləni, bacaranı,
Pisləyirdi zəif görsün təpərlini, ziyalını,
Dolaşırdı möhtac olsun ən hörmətli sayılanı,
Xəbisliklə, nankorluqla sərdar olmaq mümkündürmü?
Müstəqillik elan oldu, kürsüsündən əl üzmədi,
Yaramazlıq qalan oldu, xislətindən əl çəkmədi,
Daşınmazı yada satdı,söyülməkdən qızarmadı,
Mükafatı yumruq oldu, döyülməkdən utanmadı,
Haqsızlıqla, yağılıqla sərvət yığmaq mümkündürmü?
İstedadı çoban saydı, ələ saldı boş-boşuna,
Ağıllını qaçqın saldı, kələk gəldi yurddaşına,
Anlamazı vəzir dartdı, əmri verdi sirdaşına,
Məzarlığı yurdu saydı, tenti keçdi baş daşına,
Xainliklə, zalımlıqla müdrik olmaq mümkündürmü?
2-ci hissə
Əlifbanı tanımadı, imza nədi o, qanmadı,
Anlayanı anlamadı, danışmağı bacarmadı,
Saxtalığı ağlamadı, halallığı qazanmadı,
İnsanlığı sayılmadı, ömür keçdi ayılmadı,
Dayazlıqla,dərksizliklə insan olmaq mümkündürmü?
Mətbuatda yayımlandı, təcrübəsi düzə çıxdı,
Sosyarışda qalibləşdi, keyfiyyəti üzə çıxdı,
Əməyi də dəyərləndi, mükafatı dizə çıxdı,
Rəqəmlər də ütüləndi, yalanları heçə çıxdı,
Ucuzluqla,təhriflərlə saleh olmaq mümkündürmü?
İsmət, dilək qurban gedib, yalanlara ad almağa,
Qeyrət, mərdlik oddan keçib düşmənlərə son qoymağa,
Millət, mənlik candan keçib, tarixlərdə yaşamağa,
İffət, məslək daşdan keçib dünyasında var olmağa,
Əyilməklə, susqunluqla Azad olmaq mümkündürmü?
Ziyalıya, həm fəhləyə parlaq ulduz-dayaq olub,
Şan-şöhrətə ucalmağa qızıl ulduz gərək olub,
Tar zülmətə zor gəlməklə yolsuzlara mayaq olub,
Sinələrə tikilməklə haqq kəlməyə dəstək olub,
Döyüşlərsiz, şan-şöhrətsiz Dövlət qurmaq mümkündürmü?
Medallara söykənməklə rahat olmaq mümkündürmü?
Quliyev Elxan Sarı