PUTİN UKRAYNADA ÖZÜNƏ QƏBİR QAZIR
“Rusiyada qanun Putinin düşmənlərinə qarşı tətbiq edilən fəaliyyətlərdən ibarətdir”
“ABŞ Rusiyanın Ukraynaya müdaxiləsinə görə qətiyyən narahat olmamalıdır. Ona görə ki, Putini orada çox ciddi məğlubiyyət gözləyir. Həm də ki, bundan əlavə, ABŞ-ın mənəvi borcu ukraynalıların müdafiə olunmasından yox, ABŞ vətəndaşlarının qorunmasından ibarətdir.”
"Xeberinfo.com": Məlumata görə, bu, “Washington Times” qəzetinin bugünkü “Putin Brejnevin Əfqanıstan məğlubiyyətindən dərs götürməyib” adlı məqaləsində belə deyilir. AzPolitika.info-nun məlumatına görə, məqalədə daha sonra bildirilir ki, Vladimir Putin Ukraynaya müdaxilə etməklə, özü-özünə qəbir qazıb.
“Çünki Putin, Leonid Brejnevin 1979-cu ildəki məqsədi heç də tam aydın olmayan Əfqanıstan müdaxiləsindən dərs götürməyib. Həmin avantürist müdaxilə Sovet İttifaqının sonunun başlanğıcı olub, yekunda SSRİ kimi nəhəngin iflasa uğramasını və parçalanmasını sürətləndirdi. Hətta Çeçenistanın müstəqillik istəyinin hərbi yolla əzilməsi də Rusiya prezidentinə nə isə öyrətmədi. Putinin hərəkətləri Rusiyanı islam terrorçularının hədəfinə gətirməklə yanaşı, Çeçenistanın zəif iqtisadiyyatına küllü miqdarda pul qoymağa da məcbur edib.”
Müəllif qeyd edir ki, hazırda Kremlin Ukraynada müvəffəqiyyət qazanmasının başlıca səbəbi Rusiyanın güclü olması deyil, Ukraynanın zəifliyi ilə əlaqədardır. “1991-ci il SSRİ-nin dağılmasından sonra müstəqillik əldə edən Ukraynaya uzun müddət ərzində korrupsioner və öz işində qeyri-peşəkar olan səriştəsiz liderlər rəhbərlik etməyə başladılar və bunun nəticəsində də onlar iqtisadiyyatın altını üstünə gətirərək, əhalini özlərindən uzaqlaşdırdılar. İndiki vəziyyətdə Rusiya bir çox problemlərlə qarşılaşır. Onun dövlət tərəfindən idarə olunan iqtisadiyyatı susuzlaşmış meşəyə bənzəyir və bu ölkədə yeni innovasiya metodları vasitəsilə iqtisadiyyatın inkişaf etdirilərək çiçəklənməsi üçün lazım olan şərait isə büsbütün yoxdur. Rusiyada qanun Putinin düşmənlərinə qarşı tətbiq edilən fəaliyyətlərdən ibarətdir. Belə acınacaqlı vəziyyətlə yanaşı, neftin qiymətinin aşağı yuvarlanması Rusiyanı iflasa doğru qovur. Biz hələ azalan əhali, yüksək alkoqolizm səviyyəsi, ordunun aşağı döyüş ruhu və ölkədəki beyin axını haqqında danışmırıq.”
Məqalənin sonunda bildirilir ki, Putinin Ukraynadakı avantürasını Napoleonun Elba adasından qaçdıqdan sonra Vaterlo döyüşündə qələbə çalmağa cəhd göstərməsi ilə müqayisə etmək olar. “Hal-hazırda ABŞ-ın tanınmış siyasətçiləri Con Makkeyn, Lindsi Qrem, Hilları Klinton və Ceb Buş hesab edirlər ki, ABŞ ukraynalıları Putin despotizmindən xilas etməlidir. Həmin şəxslər bunu özlərinin mənəvi borcları da saya bilərlər. Məsələn, onlar Ukraynaya maddi yardım göstərə, Nobel mükafatına təqdim oluna və ya hər hansı digər yollarla altruizmlərini nümayiş etdirərək özlərinə tarixdə layiqli yer qazana da bilərlər. Ancaq bütün bunlara baxmayaraq, onların mənəvi kodeksləri ABŞ-ı Putin Rusiyası ilə münaqişəyə itələməməlidir.
Əgər Vaşinqton Ukraynada özünə qəbir qazan Putinə maneçilik törətməsə, onda elə ABŞ öz mənəvi borcu kimi konstitusiya missiyasını yerinə yetirmiş olacaq.”
Azpolitika