Rusiya Ukraynaya görə daha 28 milyard dollar itirib
"Xeberinfo.com": Rusiyanın Ukraynada separatçılara dəstək verən fəaliyyəti maliyyə bazarında ona baha başa gəlir. “Bloomberg” yazır ki, Moskva Banklararası Valyuta Birjasının indeksi Putin Krımla bağlı aktiv fəaliyyətə başlayandan, bu ilin fevralından düşməyə başlayıb. Rusiyanın səhm bazarında itkisi təxminən 28 milyard dollar məbləğində qiymətləndirilir.
“Bloomberg”ə görə, Donteskdə separatçıların nəzarət etdiyi ərazidə Malaziyaya məxsus “Boeing”in vurulmasından sonra Moskvanın bu sahədə itkiləri daha da artacaq. Rusiya obliqasiyalarının defoltdan qorunması üçün çəkilən xərc “Boeing”in vurulduğu 17 iyuldan sonra daha da artıb.
“Putin Krımı saxlaya bilməyəcək”
Rusiya prezidenti Vladimir Putinin Krımı saxlamaq üçün heç bir şansı yoxdur və tezliklə onu qaytarmalı olacaq. Bunu Çexiyanın ČT24 telekanalına müsahibəsində Polşanın keçmiş prezidenti Lex Valensa deyib. «Rusiya Krımın qaytaracaq. Axı biz tanklar dünyasında deyil, ağıl və danışıqlar dünyasında yaşayırıq. Biz sülh, kompromiss və inkişafa məhkumuq. Belə üsullara əl atan, tankları göndərən məğlub olmalıdır», - deyə polşalı siyasətçi qeyd edib.
Valensa bildirib ki, hazırda Avropada demokratik qüvvələr arasında dialoq qurulması vacibdir: «Avropa həmrəyliyi və qlobal həmrəylik lazımdır».
Separatçılar Ukraynanın daha 2 qırıcısını vurdular
Donetskdə silahlı separatçılar iyulun 23-də Ukrayna Hərbi Hava Qüvvələrinin daha 2 qırıcı təyyarəsini vurub.
“İnterfaks”ın yaydığı xəbərə görə, Su-25 qırıcılarına daşınan zenit-raket qurğusundan atəş açılıb. Təyyarələrdən biri yerə düşərək partlayıb, digəri zədələnib və şimal istiqamətində uzaqlaşıb. Yerə düşən təyyarəni pilotu katapultasiya edib, separatçılar onun paraşütünü tapsalar da, özünü tapa bilməyiblər.
Ukrayna Müdafiə Nazirliyinin rəsmisi informasiyanı təsdiqləyib. Bildirilir ki, təyyarənin düşdüyü yerə xüsusi bölmə göndərilib. Ukrayna tərəfi vurulan hər iki təyyarənin düşdüyünü bildirir. Təyyarələrin bir neçə gün qabaq vurulmuş, Malaziya Hava Yollarına məxsus “Boeing-777”nin düşdüyü Snejnoye qəsəbəsi yaxınlığında vurulduğu açıqlanıb.
Şoyqu barəsində cinayət işi açılıb
Müdafiə naziri Ukrayna ərazisində qanunsuz silahlı formalaşmalarda şəxsiyyətləri dəqiqləşdirilməmiş insanların iştirakını təşkil edib
Ukraynanın Daxili İşlər Nazirliyi Rusiyanın müdafiə naziri Sergey Şoyqu və biznesmen Konstantin Malofeyev barəsində cinayət işi açıb. Bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Hə iki şəxs qanunsuz silahlı dəstələrin yaradılmasında ittiham edilirlər. İstintaq iddia edir ki, Rusiya müdafiə naziri Sergey Şoyqu "Ukrayna ərazisində qanunsuz silahlı formalaşmalarda şəxsiyyətləri dəqiqləşdirilməmiş insanların iştirakını təşkil edib".
Rusiya vətəndaşı, sahibkar Konstantin Malofeyevdən isə bu silahlı formalaşmaların maliyyələşdirilməsində şübhəli bilinir.
“Bu, klasik nümunədir - günahkar qurbanını günahlandırır”
“Washington Post” qəzeti yazır ki, ABŞ-ın Milli Kəşfiyyat Direktorunun Ofisinin yaydığı şəkillərdə yer-hava növlü raketi buraxan qurğunun yerdəyişmələri və Rusiyanın Ukraynadakı hərbi fəallığı əks olunub.
ABŞ kəşfiyyatının kosmosdan çəkdiyi şəkillər Rusiyanın Rostov şəhəri yaxlınlığındakı hərbi bazasına aiddir və burda iyun ayından bəri artan fəallığı göstərir.
Qəzet yazır ki, iyulun 22-də ABŞ kəşfiyyat rəsmiləri kosmosdan çəkilmiş bu şəkilləri nümayiş etdirəndə bildirdilər ki, bunlar Malayziya təyyarəsinin vurulmasında Rusiyanın əli olmasını göstərən dəlillərdir və Moskva təyyarəni vuran yaraqlılara təlim keçib.
Dəlilər və sübutlar haqda kəşfiyyat rəsmiləri bildirirlər ki, sensorlar raketin izlərini müəyyən ediblər, vurulmuş təyyarənin üzərində qəlpə izləri var.
Kəşfiyyat rəsmiləri ilk dəfə olaraq Rostov yaxınlığındakı hərbi bazanı yaraqlıların əsas təchizat mənbəyi kimi qeyd ediblər.
Kəşfiyayat rəsmilərinin Rusiyanın təyyarənin vurulmasında əli olması barədə gətirdiyi digər dəlillər sosial mediada gedən videolar, audiolar və yazışmalardır.
ABŞ kəşfiyyatının yüksək rütbəli nümayəndələri təyyarəni Ukrayna qüvvələrinin vurması ehtimalını rədd ediblər.
Onların sözlərinə görə, təyyarə qəzaya uğrayanda həmin rayonda, raketin vura biləcəyi məsafədə Ukraynaın raket sistemləri olmayıb.
Vaşinqtonda jurnalistlər qarşısında çıxış edən 3 kəşfiyyat rəsmisindən biri, adının çəkilməməsi şərtilə deyib ki, Rusiya hökuməti öz versiyasını mediada yaymaq üçün təzyiq edir və ya özünə yaxın elementlərlə manipulyasiya edir.
O rəsmi deyib ki, “bu, klasik nümunədir - günahkar qurbanını günahlandırır”.
Ukrayna parlamentinin sədrinə fraksiyaları ləğv etmək səlahiyyəti verildi
Ukrayna prezidenti Poroshenkonun imzaladığı yeni qanun parlament sədrinə parlament fraksiyalarını buraxmağa səlahiyyət verir.
Poroşenko bu qanunu iyulun 22-də imzalayıb. Parlament sədri parlamentin birinci iclasında formalaşmış fraksiyalarda olan üzvlərin sayı azaldıqda fraksiyyaları ləğv edə bilər.
Kommunist partiyasının fraksiyasının son vaxtlar üzvlərinin sayı azalıb.
Kiyev məhkəməsi isə iyulun 24-də Kommunist partiyasının qadağan olunması məsələsinə baxacaq.