"Trump Putin və Əsədlə müttəfiqlik elan edir"
Prezident seçilmiş Donald Trump seçki kampaniyası zamanı verdiyi vədi təsdiqləyərək bəyan edib ki, İŞİD-in məğlub edilməsi üçün Əsəd hökumətini dəstəkləmək ABŞ-ın Suriyadakı əsas siyasəti olacaq.
Xeberinfo.com: “Mən Suriya məsələsində bir çoxlarından fərqli mövqeyə malikəm” – Trump Wall Street Journal qəzetinə müsahibəsində deyib.
O deyib ki, cənab Əsəddən “qətiyyən xoşu gəlməsə də” onun rejiminə kömək etmək hələlik Suriyadakı ekstremizmə son qoymaq üçün ən yaxşı yoldur.
O həmçinin Suriyanın əsas müttəfiqi olan Rusiya ilə də bağların qaydasına salınmasının vacibliyindən danışıb.
Trump deyib ki, Rusiya tamamilə Suriyanın tərəfindədir və “bizə görə güclənmiş İran da” Suriyanın tərəfindədir.
“Biz indi Suriyaya qarşı döyüşən qiyamçıları dəstəkləyirik və onların kim olduqlarını bilmirik” – Trump deyib.
Onun fikrincə ABŞ birbaşa Əsədə hücum etsə, Amerika Rusiya ilə müharibədə olacaq.
“The İndependent” yazır ki, ABŞ seçkisində Trump-ın qəfil qələbəsi Moskva, Tehran və Dəməşqdə alqışlanıb.
Suriya hökuməti bildirib ki, “prezident cənab Trump-la işləməyə hazırdır”.
Məqalədə deyilir ki, bu vaxtadək ABŞ, Türkiyə və Səudiyyə ilə yanaşı əl altından Suriya qiyamçılarına texniki və maliyyə yardımı göstərib.
Uzun müddətdir ki ABŞ-ın siyasəti Suriya prezidenti Bəşər əl-Əsədin hakimiyyətdən getməsi və ölkədə demokratik seçkilərin keçirilməsi ətrafında olub.
“The İndependent” yazır ki, cənab Əsədin strategiyası isə həm qiyamçılara, həm də onlara dəstək verən əhaliyə qarşı kimyəvi silahlar da daxil hücum etməkdir.
Demokrat namizəd Hillary Clinton Suriyada uçuşlarsız zonanın yaradılmasını dəstəkləyirdi. Qiyamçılar Əsədə qarşı mübarizədə ABŞ-ın belə mövqeyinə ümidli idilər.
Cənab Trump-ın qələbəsindən sonra Suriyanın əsas müxalifət qrupu – Suriya Milli Koalisiyası (SMK) onun komandasına müraciət edərək dinc əhalinin müdafiəsini istəyib.
SNK rəhbəri Ənas əl-Əbdah deyib ki, o cənab Trump-a seçkidə qələbəsi münasibətilə təbrik göndərib və Suriyaya “yeni hərtərəfli yanaşma” məsələsi barədə onunla əlaqə saxlayıb.
O deyib ki, ABŞ Suriya əhalisinə qarşı dövlət terrorunun qarşısının alınmasında əsas rolu oynamalıdır.
Suriyadakı başqa qiyamçı qruplar Trump-ın seçilməsi ilə bağlı daha az ümid ifadə ediblər. Onlar bildirirlər ki, yeni prezidentin siyasətindən asılı olmayaraq Suriyada daha çox qan töküləcək.
“Amerikalılar heç vaxt bizimlə səmimi olmayıblar. Onlar biz suriyalıları bataqlığa salıblar. Hamı bizim qan və iztirablarımızla alver edir” – Liva əl-Həqq müxalifət briqadasının başçısı Əbu Hamed deyib.
London Putin-Trump yaxınlaşmasından bərk narahatdır
Image copyrightAFP
Image caption
“The Telegraph” yazır ki, Britaniya gələn həftə Avropadakı NATO müttəfiqlərini alyansdakı maliyyə öhdəliklərini yerinə yetirməyə çağıracaq.
Londonun narahatlığı ondandır ki, əgər müttəfiqlər bunu etməsələr, Donald Trump onların müdafiəsindən imtina edə bilər.
“The Telegraph” yazır ki, Britaniyanın müdafiə naziri lord Michael Fallon bu bazar ertəsi Brüsseldə keçiriləcək sammitdə Avropa müttəfiqlərini Avropa silahlı qüvvələrinin yaradılması kimi ideyalardan əl çəkməyə və NATO-nu dəstəkləməyə çağıracaq.
Donald Trump ABŞ prezidentliyi üçün namizədlik kampaniyası zamanı NATO-nun Avropa müttəfiqlərini təşkilatdakı maliyyə öhdəliklərini yerinə yetirməməkdə ittiham etmişdi.
O bildirmişdi ki, bir çox NATO üzvləri milli gəlirin 2 faizini müdafiəyə xərcləmək öhdəliklərinə əməl etmirlər və ABŞ onların yükünü çəkməməlidir.
“The Telegraph” yazır ki, ötən il ABŞ NATO xərclərinin 72 faizini ödəyib. Hazırda 28 ölkədən Britaniya da daxil yalnız beşi 2 faiz öhdəliyini yerinə yetirib.
Ümumilikdə isə Avropa üzvlərinin müdafiə xərcləri 1, 7-dən 1, 4 faizə enib.
Belçika, Çexiya, Macarıstan, İtaliya, Lüksemburq, Sloveniya və İspaniya müdafiəyə öz büdcələrinin 1 faizindən azını xərcləyiblər.
Məqalədə deyilir ki, bu vəziyyət Rusiyanın Suriya və Ukraynadakı təcavüzünün yüksəldiyi narahat dövrə təsadüf edir.
Britaniya hökumətindən olan mənbə “The Telegraph” qəzetinə deyib ki, Trump-ın seçilməsi Britaniyaya Avropa İttifaqı ölkələrini müdafiə xərclərini artırmaları üçün çağırışına daha bir təkan verəcək.
Mənbə bildirib ki, ABŞ onsuz da NATO-ya hamıdan çox xərcləmək məramına həmişə sadiq qalıb.
Lakin Avropa Komissiyasının prezidenti Jean-Claude Juncker isə əksinə deyib ki, Trump-ın prezident seçilməsi onun Avropa ordusu yaratmaq barədə ideyasını daha da aktual edir.
O deyib ki, amerikalılar uzunmüddətli perspektivdə Avropanın müdafiəsini təmin edə bilməyəcəklər və avropalılar öz müdafiələri barədə özləri düşünməlidirlər.
“The Telegraph” yazır ki, Fransa və Almaniya başda olmaqla bir sıra Avropa ölkələri Brexitdən öz aralarındakı müdafiə əlaqələrini möhkəmləndirmək üçün istifadə etməyə çalışırlar. İndiyədək belə təşəbbüslərin qarşısını London alırdı.
Lord Michael isə deyib ki, ən düzgün yol avropalıların öz büdcələrinin 2 faizini NATO-ya xərcləməsidir.
Digər tərəfdən NATO-nun baş katibi Jens Stoltenberg cənab Trump-ın ABŞ-ın öz müttəfiqlərinin köməyinə gəlməyəcəyi barədə bəyanatlarını kəskin tənqid edib.
O deyib ki, alyansın bütün üzvləri bir-birlərini müdafiə etmək öhdəliyinə malikdirlər.
“The Telegraph” yazır ki, NATO-nun müdafiə xərcləri 2008-ci ildəki 1 trilon dollardan ötən il 871 milyard dollara düşüb.
Məqalədə hökumətdən olan mənbəyə istinadən bildirlir ki, Donald Trump-ın Vladimir Putinə münasibəti ciddi narahatlıq doğurur.