"Azərsu” ASC nasos və nasos aqreqatlarının satın alınması ilə bağlı müsabiqəyə yekun vurub.
Yenixeber.org: Müsabiqənin qalibi "Art-Proje” MMC olub. "Azərsu” ASC ilə şirkət arasında maliyyə dəyəri 2 351 145.37 AZN təşkil edən satınalma müqaviləsi imzalanıb.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Art-Proje” MMC 18 may 2001-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1 370 010 AZN olan şirkətin hüquqi ünvanı Abşeron rayonu, Xırdalan şəhəri 27-ci məhəllə, ev 4, mənzil 23-də yerləşir. MMC-nin qanuni təmsilçisi Əliyev Əkram Musa oğludur.
"Art-Proje” MMC 21 ildir fəaliyyət göstərməsinə baxmayaraq, açıq mənbələrdə barəsində hər hansı məlumat yoxdur. Şirkətin veb-səhifəsi və əlaqə telefonlarına da rats gəlinmir.
Araşdırmalarımız zamanı bəlli olub ki, "Art-Proje” MMC əsasən Meliorasiya və Su Təsərrüfatı ASC-nin tenderlərinin qalibi olur və bu proses qanun pozuntuları müşahidə olunur. Məsələn, ötən il ASC ilə şirkət arasında maliyyə dəyəri 208 674 AZN olan satınalma müqaviləsi imzalanıb. Həmin vaxt "Art-Porje” MMC-nin nə az, nə çox - düz 655 774.08 AZN vergi borcu olub. "Dövlət satınalamları haqqında” Qanun vergi borcu olan şirkətlərin satınalma müsabiqələrində iştirakını qadağan edir. Lakin nədənsə qanun "Art-Proje” MMC üçün keçərli olmayıb. Bu da "Art-Proje” MMC-nin tender əməliyyatlarında istifadə olunması üçün yaradılan şirkətlər sırasında olmasına şübhələr yaradır.
Şirkətin qanuni təmsilçisi Əkram Əliyevə gəlincə, yerli medianın yazdığına görə o, həm də "Hidro-M” MMC-nin qanuni təmsilçisi olub. Bu şirkətin hüquqi ünvanı Sumqayıt şəhəri, məhəllə 15, ev 3/6, mənzil 34-də yerləşir. 26 fevral 2019-cu ildə "Hidro-M” MMC-nin reyestr sənədlərində dəyişiklik edilib. Hazırda şirkətin qanuni təmsilçisi Xələfov Valeh İsa oğludur.
"Hidro-M” MMC də əsasən Meliorasiya və Su Təsərrüfatı ASC-nin tenderlərinin qalibi olub.
Əkram Əliyev uzun müddət tender əməliyyatlarında iştirak edən bu iki şirkətə rəhbərlik etməsi onun "proxy” şəxs olması ehtimalını artırır. Yəni, mümkündür ki, bu şirkətlərin sahibi tamamilə başqa şəxsdir.(Qaynarinfo)