Putin Polşa səfirinə niyə “donuz və əclaf” dedi...-Hitlerə Varşavanın mərkəzində heykəl?
Rusiya prezidenti Vladimir Putinin bu günlərdə Müdafiə Nazirliyinin kollegiya iclasında 1930-cu illərdə Polşanın Hitler Almaniyasında səfiri olmuş Yuzef Lipskini “əclaf və antisemit donuz” adlandırması rəsmi Varşavanı hiddətləndirib.
Yenixeber.org: ekabrın 28-də Rusiyanın Varşavadakı səfiri Sergey Andreyev Putinin sözləri ilə əlaqəli olaraq Polşa XİN-ə çağırılıb. XİN-dən yayılan bəyanata əsasən səfirlə “çox sərt, amma korrekt” söhbət aparılıb.
Putinin Hitler Almaniyasındakı Polşa səfirinin ünvanına bu cür sərt ifadələr işlətməsinin səbəbi isə Rusiya prezidentinin bildirdiyi kimi, onun yəhudilərin Afrikaya sürgün edilməsi barədə verdiyi təklifdir.
Putin etiraf edib ki, İkinci Dünya müharibəsindən sonra Avropa ölkələrindən qənimət olaraq gətirilmiş arxiv sənədləri ilə tanış olanda Polşada “yəhudi məsələsinin” həll edilməsi yollarından heyrətə gəlib. “Düzünü desəm şəxsən mənə toxunan o oldu ki, Hitler və onun rəsmiləri həmin Polşa ilə yəhudi məsələsinin həllini necə müzakirə ediblər. Adolf Hitler öz xarici işlər nazirinə, sonra Polşanın Almaniyadakı səfirinə yəhudilərin Afrikaya, müstəmləkəyə sürgün edilməsi ideyası haqda danışıb. Siz təsəvvür edirsiniz-1938-ci ildir, yəhudiləri Avropadan Afrikaya sürgün etmək? Ölümə! Məhv olmağa!”,-Putin hiddətlə bildirib. Rusiya prezidenti əlavə edib ki, Polşa səfiri həmin görüşlə bağlı öz ölkəsinə, xarici işlər nazirinə yazdığı məruzədə belə deyib: “Mən ona qulaq asanda...cavab verdim ki, əgər bunu eləsə biz ona (Hitlerə) Varşavanın mərkəzində möhtəşəm heykəl qoyarıq”.
Və Yuzef Lipski haqda deyib: “Beləsini nə adlandırasan? Əclaf, antisemit donuz!”. Rusiya prezidenti əlavə edib ki, indi Polşada Qırmızı ordunun sərkərdələrinə qoyulmuş abidələri sökənlər də Lipski kimilərinin davamçılarıdır.
Polşa XİN-də aparılan “sərt söhbətdən” sonra səfir Andreyev deyib ki, onlar heç kimin Rusiyaya notasiya oxumasına yol vermək niyyətində deyillər. “Bizim də deməyə sözümüz var, o cümlədən həmin tarixi siyasət barədə”,-Rusiya səfiri deyib.
Polşa xarici işlər nazirinin müavini Marçin Pşidaç isə bəyan edib ki, səfirə Rusiya rəhbərliyinin son günlər dəfələrlə təkrarlanan “tarixi insunasiyalarına” görə qətiyyətli etiraz bildirilib. Səfirin nəzərinə çatdırılıb ki, bu bəyanatlar Rusiyanın beynəlxalq öhdəlikləri ilə sərt ziddiyət təşkil edir, eyni zamanda rus xalqının da əziyyət çəkdiyi Stalin totalitarizminin milyonlarla qurbanlarını ələ salmaqdır.
Xarici işlər nazirinin müavini xatırladıb ki, Rusiya 1939-cu ild Polşaya qarşı hərbi təcavüzü inkar etməkdə davam edir. Eyni zamanda SSRİ-nin 1939-1941-ci illərdə Hitler Almaniyasının müttəfiqi olması faktını xatırlatmır.(virtualaz)