38 milyona bank alan şirkət kimindir?
Dekabrın 25-də Bakı Fond Birjasında deputat Eldar İbrahimovun qardaşına məxsus “Kövsər Bank”ın 38 milyon manatlıq yeni səhm emisiyasını Azərbaycanda fəaliyyət göstərən ən iri yerli investisiya şirkətlərindən biri olan “Synergy Group” ASC-nin aldığı bildirilir.
"Xeberinfo.com": “Marja” məlumatın doğru olub-olmadığını dəqiqləşdirmək üçün “Synergy Group” ASC-nin İdarə Heyətinin sədri Kamran Abbasov ilə əlaqə saxlayıb: “Biz 3 ildir bank almaq istəyirdik. Amma hazırda “Kövsər Bank” barədə Sizə bir məlumat verə bilməyəcəm. Səhmdarlar ilə danışdıqdan sonra əlavə məlumat təqdim edərəm”,- o deyib.

Qeyd edək ki, bir müddət əvvəl “Kövsər Bank”ın İdarə Heyətinin sədri Heydər İbrahimov bildirmişdi ki, “Kövsər Bank” səhmlərinin 76%-ni kənar investora satıb. Ancaq Hidayət İbrahimov “Kövsər Bank”ın yeni sahibinin adını açıqlamamışdı. Sitat: “Kommersiya sirri olduğundan investorun kimliyini açıqlamırıq. Yalnız onu deyə bilərəm ki, xaricdən investor cəlb etməmişik və bankın əsas səhmdarı dəyişir”.
“KövsərBank”ın faktiki olaraq “əl dəyişdirməsindən” xeyli vaxt keçsə də, bankın yeni sahibinin kimliyinin açıqlanmaması maraq doğurur.
Bu yaxınlarda “Azpolitika.info”ya daxil olan məlumatda deputatın qardaşının bankının nəzarət-səhm paketinin “Qala” Beynəlxalq Təhlükəsizlik Xidmətinin (BTX) sahibi tərəfindən alındığı bildirilirdı. Bizə veriln məlumatda o da qeyd olunurdu ki, təxminən 5 minə yaxın işçisi olan “Qala” BTX-də işçilərin maaşının 3 ay geçikdirilməsi şirkətin sahibinin yeni bank alması ilə izah edilib.
Ancaq “Qala” BTX -in sahibinin kimliyini müəyyənləşdirə bilməmişdik. Bununla belə qeyd etmişdik ki, Azərbaycanda rəsmi milyonçu kimi cəmi bir-neçə iş adamı tanınır. Oliqarx nazirlərin ayrı-ayrı biznes sahələrinə rəhbərlik edən qeyri-rəsmi milyonçu “iş adamları” isə kifayət qədərdir. Bu baxımdan, “Kövsər Bank”ın səhmlərinə 38 milyon manat xərcləyən şəxsin həqiqi iş adamı, yoxsa hansısa oliqarx nazirin “kölgəsi” olduğunu söyləməyin çətin olduğunu vurgulamışdıq.
“Kövsər Bank”ın 38 milyon manatlıq yeni səhm emisiyasının “Synergy Group” ASC tərəfindən alınmasına dair yayılan yeni məlumatlar və bu istiqamatdə apardığımız kiçik araşdırmalar isə ikinci ehtimalı ön plana çıxarır. Yəni “Kövsər Bank”ın səhmlərinin hansısa həqiqi iş adamı tərəfindən deyil, oliqarx məmurlardan birinin “kölgəsi” tərəfindən alındığını söyləməyə əsas verir. Hansı ki, “Synergy Group” ASC ilə yanaşı “Qala” Beynəlxalq Təhlükəsizlik Xidmətinin də həmin OLİQARXIN nəzarətində olması mümkündür…

Maraqlıdır ki, Əşrəf Kamilovun həm də “AtaBank” ASC-nin 8%, “Bank VTB-nin (Azerbaijan)” 0,1% səhminə sahib olduğuna dair məlumatlar var.
Daha maraqlı məqam isə odur ki, “Akkord Sənaye-Tikinti İnvestisiya Korporasiyası” ASC-nin 2012-ci il üçün auditor hesabatında qeyd olunub ki, faktiki olaraq bu şirkəti Əşrəf Kamilov idarə edir. “Synergy Group” ASC-nin tərkibinə Azərbaycan Universiteti kimi böyük ali təhsil müəssisəsindən tutmuş, “Excelsior Hotel Shamkir”ə qədər, çoxlu sayda müxtəlif təyinatlı müəssisələr, şirkətlər daxildir.
Qeyd olunanlara əsasən ehtimal etmək olar ki, “Synergy Group” ASC ilə “AtaBank”ın, “Akkord”un sahibi eyni şəxs və ya eyni çevrədir. Nəzərə alsaq ki, mətbuatda “AtaBank”ın, “Akkord”un sahibi kimi Bakı klanının təmsilçilərinin adları çəkilir, onda “Synergy Group” ASC-nin eyni klana aid olduğu şübhə doğurmaz.


“Synergy Group” ASC-nin tərkibindəki “Excelsior Hotel Shamkir”, “AzAqro” qızılgül istixanaları, Zəyəm Texnologiyalar Parkı, “Zəka” Gənclər Mərkəzi kimi bəzi şirkətlərin Fazil Məmmədovun kurasiyasında olan Şəmkirdə yerləşməsi isə təsadüfdən daha çox bu Səhmdar Cəmiyyətin vergilər nazirinə bağlılığı ehtimalını yaradır.

Ancaq istənilən halda bu fakt – “Kövsər Bank”ın nəzarət səhm paketinin “Synergy Group” ASC tərəfindən alınması – bankın yalnız “əl dəyişdirmədiyini”, həm də hakimiyyətdaxili bir qrupdan, digər qrupa keçdiyini söyləməyə əsas verir. Son illər maliyə-bank sektorunun tamamilə Bakı klanının əlində cəmləşməsi prosesinin getdiyini nəzərə alsaq, bunun təəccüblü və təsadüfi olmadığını da söyləyə bilərik.
Murad Məmmədov (AzPolitika.info)