General Süleymaninin Putinlə 2 saat 20 dəqiqəlik görüşü: MOSKVAYA GİZLİ SƏFƏR ZAMANI O, KREML SAHİBİNİ NECƏ İNANDIRA BİLİB?
İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) sabiq müşaviri, general Məhəmməd Cəfər Əsədi “Təsnim” agentliyinə geniş müsahibəsində İİKK-nin Suriyadakı fəaliyyəti ilə bağlı geniş açıqlamalar verib.
Yenixeber.org: Müsahibənin bir hissəsində çoxdan bəri danışılan, lakin rəsmi olaraq hələ də təsdiqlənməmiş “Sepah” generalı Qaşim Süleymaninin Moskvaya gizli səfəri və Putinlə görüşünə toxunulub.
Əsədi bu hadisəni təsdiqləyərək təfərrüatlar boğçasını açıb.
Sabiq hərbi müşavir deyib: “Rusiya tərəfinin dəstəyi ilə “Müqavimət cəbhəsi” gücləndirildi, ancaq məsələ aydınlaşdırılmal, izah edilməlidir.
Birincisi, bu, Suriya xalqından soruşulmalıdır. Başqalarının təhrif etdiyi şeylərin əksəriyyəti yalandır.
İkincisi, müharibənin başlanğıcında müxalif silahlı qüvvələr Bəşər Əsədin oturduğu sarayın 400 metrliyinə gəlib-çatmışdılar və onu demək olar ki, girov götürmüşdülər. Lakin Allahın lütfü ilə Suriyanı kimlər xilas etdi? Xalq, Suriya əsgərləri və İranın hərbi məsləhətçiləri, o cümlədən müqavimət bayrağını başı üzərində dalğalandıran general Süleymani, Hərəmin (hz. Zeynəbin məqbərəsinin – tərc.) müdafiəçiləri, şəhid Hacı Hüseyn Həmədani kimilər.
Suriyada 4 il davam edən döyüş və müqavimətdən sonra general Süleymani Rusiyaya yollanıb, Suriyadakı münaqişəyə qatılmağa razı salmaq üçün Putinlə 2 saat 20 dəqiqəlik görüş keçirib.
Mustafa Bədrəddin mənə bildirdi ki, diplomatik olaraq, müəyyən bir dövrdə istənilən səviyyədə olan hər kəs Rusiya kimi bir ölkənin başçısı ilə görüşə bilər və mən Süleymaninin Putinlə 2 saat 20 dəqiqə söhbət etdiyini eşitdikdə, çox təəccübləndim.
General Süleymani Putinlə görüşdə ona deyib ki, Suriya – Şərqdəki son qaladır və onu itirdikdə, Qərb sizin mövqeyinizi nəzərə almayacaq.
Rusiya elə bir gücə sahibdir ki, meydana atılırsa, qələbə payını mütləq alacaq. Ancaq İran İslam Respublikasının qüdrəti ilə razılaşmayanlar, əlbəttə, bu qələbələrin İrana aid olmadığını söyləyəcəklər.
…4 il ərzində əməliyyatları Suriyanın hərbi hava və quru qüvvələri əlaqələndirmə ilə həyata keçirmişik.
Rusların iştirakı hava dəstəyinə kömək etdi və səmadan dəstək gücünü artırdı. Hava dəstəkləri yüzdə-yüz yalnız ruslar tərəfindən həyata keçirilməyib. Suriyanın hərbi hava birləşmələri, raketləri, pilotsuz təyyarələri Rusiya qüvvələrindən daha aktiv idi. Amma bu, rusların gəlməməsi halında, heç bir qələbə qazanılmayacaqdı mənası vermir”.
(Strateq.az)