1-ci yeri qazanan jurnalistlər mükafatlandırıldılar
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsində birinci yerə layiq görülmüş media mənsublarının mükafatlandırılması mərasimi keçirilib.
"Xeberinfo.com": Məlumata görə, dövlət və hökumət nümayəndələrinin, Milli Məclisin deputatlarının, tanınmış media təmsilçilərinin iştirak etdikləri tədbir dövlət himninin səslənməsi ilə başlayıb.
Fondun icraçı direktoru Vüqar Səfərli media nümayəndələrini 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib, onlara yeni-yeni yaradıcılıq uğurları arzulayıb.
V.Səfərli Fondun yarandığı gündən mətbuatın maddi-texniki problemlərinin həlli, ölkə jurnalistlərinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi layihələr barədə məlumat verib.
Fondun 2014-cü ildə müxtəlif mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə birgə 10-dək fərdi jurnalist yazı müsabiqəsi təşkil etdiyini bildirən V.Səfərli həmin müsabiqələrdən ümumilikdə 350-dən çox jurnalistin bəhrələndiyini diqqətə çatdırıb.
Qeyd edilib ki, respublikamızda Azərbaycan bədii dilinin qorunması ilə bağlı 3 layihə reallaşdırılıb. Jurnalistlərin peşəkarlığının artırılması üçün il ərzində treninqlər keçirilib.
O, jurnalistlərə daha geniş yaradıcılıq imkanlarının verilməsi məqsədilə qurumun Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə elan etdiyi müsabiqənin keçirilməsi qaydalarında bəzi əlavə və dəyişikliklərin edildiyini xatırladıb. Müsabiqə mövzularının jurnalistlərin özləri tərəfindən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasında nəzərdə tutulmuş 19 istiqamət əsasında, sərbəst şəkildə müəyyənləşdirildiyini deyən V.Səfərli bu yeniliyin onların yaradıcılığına müsbət təsir göstərdiyini vurğulayıb.
Bildirilib ki, müsabiqəyə 58 kütləvi informasiya vasitəsindən 154 yazı təqdim edilib. Bu yazılar 13 ekspert tərəfindən qiymətləndirilib və Fondun Müşahidə Şurasının qərarı ilə 57 redaksiyanı təmsil edən 114 jurnalist qalib elan olunub. Artıq ikinci və üçüncü yerlərin qalibləri mükafatlandırılıb, bu gün isə birinci yerlərin sahibləri qiymətləndiriləcək.
İcraçı direktor Azərbaycanda medianın inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə bütün jurnalistlər adından minnətdarlığını bildirib.
O, təmsil etdiyi qurumlar tərəfindən 2015-ci ildə reallaşdırılacaq layihələrdən də söz açıb.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov tədbirdə çıxış edərək bildirib ki, 2014-cü il bütün sahələrdə olduğu kimi, kütləvi informasiya vasitələrinin inkişafı baxımından da uğurlu olub.
Azərbaycanda jurnalistlərə yaradılan geniş imkanlardan, azad medianın inkişafı naminə görülən işlərdən söz açan Əli Həsənov bu uğurları görmək istəməyən bəzi beynəlxalq qurumların hərəkətlərinin anlaşılmaz olduğunu söyləyib.
Zəngin ənənələrə malik olan milli mətbuatımızın mürəkkəb, lakin şərəfli inkişaf yolu keçdiyini diqqətə çatdıran şöbə müdiri müstəqil Azərbaycan mediasının uğurlarından danışıb.
Əli Həsənov deyib ki, Həsən bəy Zərdabi tərəfindən əsası qoyulan Azərbaycan milli mətbuatı özünün ən böyük inkişaf dövrünə ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində nail oldu. Ümummilli lider Heydər Əliyevin siyasi iradəsi və böyük səyləri nəticəsində ölkədə söz və məlumat azadlığı, hər kəsin sərbəst şəkildə informasiya almaq və yaymaq hüququ təmin olundu.
Ümummilli Liderin qətiyyəti nəticəsində siyasi plüralizmi, ifadə azadlığını məhdudlaşdıran senzuranın və dövlət tənzimləmə mexanizmlərinin ləğv edildiyini diqqətə çatdıran Prezident Administrasiyasının rəsmisi deyib ki, KİV-in inkişafı sahəsindəki bütün süni maneələr aradan qaldırılıb, bu sahədə qanunvericilik bazası təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırılıb.
Şöbə müdiri qeyd edib ki, Prezident İlham Əliyev ölkəmizdə mətbuata dövlət dəstəyini yüksək səviyyəyə qaldıraraq daha da şəffaflaşdırıb.
Vurğulanıb ki, Azərbaycan Prezidentinin Sərəncamı ilə 2009-cu ildə yaradılmış Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu KİV-lərin maddi-texniki bazasının, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirir.
Əli Həsənov deyib: “Azərbaycan dünyada yeganə ölkədir ki, jurnalistlər dövlət hesabına mənzillə təmin olunurlar. Bildiyiniz kimi, dövlətimizin başçısının müvafiq Sərəncamına əsasən 156 mənzilli bina inşa edilərək jurnalistlərə paylanıb. İndi isə jurnalistlər üçün 250 mənzildən ibarət yeni binanın tikintisi davam etdirilir.
Prezident Administrasiyasının rəsmisi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bütün jurnalistləri təbrik edib, onlara uğurlar arzulayıb.
Sonra müsabiqənin qaliblərinə Fondun mükafatları təqdim edilib.
Mərasim konsert proqramı ilə davam edib.