Vyana görüşü vaxtı ABŞ-da erməni diasporu ilə görüşündə Ermənistanın müdafiə naziri David Tonoyanın “yeni müharibə yeni ərazilərdir” açıqlamasından sonra erməni hərbi birəşmələrinin Azərbaycana qarşı təxribat hücumlarının ola biləcəyi ehtimalı güclənib.
Yenixeber.org: Məlumata görə, Tonoyanın bu açıqlaması ritorik xarakter daşısa da, işğalçı ölkənin yeni ərazilər işğal etmək niyyətləri də istisna deyil. Xüsusilə Azərbaycan torpaqlarını işğal edən Ermənistanda həmişə “Şimali Qarabağ” iddiaları olub. Bura Kür çayının cənubunda yerləşən Gürcüstan-Azərbaycan sərhədindəki bütün ərazilər daxildir.
Bu iddialar və “yeni ərazilərin işğalı” açıqlaması fonunda David Tonoyanın apreli 13-də Azərbaycanın Gədəbəy rayonunun Başkənd qəsəbəsinin əks tərəfinə gəlişi və müşahidələr aparması diqqət çəkir. Ermənilər Başkəndi “Arşaven” olaraq adlandırırlar. Başkənd qəsəbəsi 1920-ci illərdə Sovet rəhbərliyi tərəfindən haqsız olaraq Ermənistana verilmişdi və 1992-ci ilə qədər Azərbaycanın Gədəbəy rayonunun içərində “erməni anklavı” olaraq qalırdı. 1992-ci ilin 6-8 avqust tarixlərində milli ordumuzun keçirdiyi əməliyyat nəticəsində Başkənd ermənilərdən təmizləndi və Qərb regionunda təhlükəsizlik təmin olundu. Ermənilər “Arşaven” adlandırdıqları Başkənd qəsəbəsini “Azərbaycanın işğalı altında” olaraq təqdim etməyə çalışırlar və bildirirlər ki, “Arşaven” (Başkənd) “Şimali Artsax”ın (Şimali Qarabağ) açarıdır”.
Bunun fonunda ABŞ-da erməni diasporu önündə “yeni müharibə yeni ərazilərdir” bəyanatı verən David Tonoyanın ölkəsinə qayıdandan sonra ilk olaraq Gədəbəy sərhədinə gəlişi və iddia etdikləri Başkənd qəsəbəsini müşahidə etməsi nə dərəcədə təsadüfdür?! Proseslərin analizi Ermənistanın Azərbaycana qarşı mümkün təxribatının məhz Başkənd qəsəbəsi istiqamətində ola biləcəyini deməyə əsas verir.(Publika)