Cavid Qurbanovun “Topaz”-ı ölüxanaya çevrilib...
Yenixeber.org: "Azerinteltek”in payını satması və totalizator kontorlarında minimum mərc qoyuluşunun 3 manata qaldırılması bu bazarı sıradan çıxardı
Bakıda “Topaz” - bukmeyker məntəqələri indi az-az rastınıza çıxar. Şəhərdə bir vaxtlar sürətlə artan totalizator kontorlarının sayı getdikcə azalmaqdadır.
Üstəgəl, kofiçent yazanlar da gözə az dəyirlər. Futbol mərcinin həvəskarı olanlar əvvəlki qədər “Topaz” obyektlərinə baş çəkmirlər.
Buna iki amil səbəb oldu: ötən yay dünya çempionatı ərəfəsində “Topaz”ın mərc qoyuluşlarının minimum 3 manata qaldırılması və əmsalların günbəgün aşağı verilməsi.
Doğrudur, “Topaz” elektron hesabdan mərc qoyuluşlarının qiymətini ucuzlaşdırdı, yəni 1 manatlıq kofiçent yazmaq olar. Eyni zamanda onlayn mərc qoymaq üçün versiyalar müxtəlifdir, genişdir.
Ancaq nəzərə alınmadı ki, hər azart həvəskarı internet üzərindən qumar oynamır, hər adamın bank hesabı yoxdur.
Totalizator məntəqələrinin üstünlüyü ondan ibarət idi ki, istənilən şəxs evinin yaxınlığındakı kontora gedir, qabağına bir çay qoyub, qəzetdən oyunların əmsallarına baxırdı.
Yaydan bəri bukmeyker kontorundan minimum mərc qoyuluşunun 1 manatdan 3 manata qaldırılması isə ciddi zərbə olub. Sanki “Topaz” öz əli ilə özünü məhv etməyə başladı. Müşahidələrimiz göstərir ki, indi həmin obyektlərdə tək-tük müştəriyə rast gəlmək olur.
Hərçənd, ötən yaya qədər “Topaz” məntəqələrində “iynə atsan yerə düşməz”di, oturmağa yer olmurdu, növbəli şəkildə “Bukmeyker” qəzeti verilirdi. Üstəlik, bu obyektlərin sahibləri təkcə futbol qumarından faiz qazanmırdılar, həm də müştərilər çay, pivə içirdilər.
Həmsöhbət olduğumuz belə obyekt sahiblərindən biri - Zülfüqarın sözlərinə görə, “Topaz” məntəqə sahiblərini fikirləşmədən məntiqsiz qərar verdi: “”Əli aşından da oldular, vəli aşından da”.
Guya çox qazanmaq istəyirdilər, özlərinə zərbə oldu, bizi də pis vəziyyətə saldılar. İndi çoxu topaz-ın saytına girir, qeydiyyatdan keçir, oturub evində, komputer qabağında, 1 manat hesab yazır, oynayır.
Kimin bank kartı hesabı yoxdursa, tanışının hesabından istifadə edir. Gedib istənilən “milliön”, “emanat” kimi onlayn xidmət aparatlarından 2-3 manat yükləyirsən, kefin istəyəndə “şot” yazırsan.
Amma “Topaz” obyektindən minimum mərc yazmağı niyə 3 manata qaldırdılar başa düşmədik. Burdan bir nəticə çıxır ki, özləri “Topaz”ı məhv edirlər.
Camaat 3 manata üç ayrı kupon yaza bilirdi, indi bir kupon yazır, onu da uduzur. Üç kupondan isə biri gəlirdi, itirdiyini kompensasiya edirdi”.
Bildirək ki, 2015-ci ilin dekabrından bütün TOPAZ sistemində minimum mərc 2 manat təyin olunmuşdu. Ona qədər 1 manat idi.
12 iyun 2018-ci ildə isə TOPAZ Bakıdakı dilerləri üçün minimum mərcin 3 manata qaldırılması ilə bağlı qərar qəbul edib. Bu da insanları narazı salıb, kontorların işini zəiflədib.
“Azərintellekt” QSC tərəfindən bu qərarın verilməsi heç bir səbəblə şərh olunmur. Yəni, etopaz.az-da 1 manata endirilməsi, totalizatorlarda 3 manata qaldırılmasının məntiqi yoxdur.
Yeganə məntiq ondan ibarətdir ki, “Topaz” rəhbərliyi məntəqələrə gedənlərin daha çox olduğunu hesablayaraq ordan böyük pullar götürməyi hədəfləmişdi. Amma totalizatorlar ölüxanaya çevriliblər.
Qeyd edək ki, Azərbaycanın idman mərc oyunlarının təşkilinə 8 ilə yaxındır investisiya yatıran "Turkcell” şirkəti “Azerinteltek”dəki payını satışa çıxarıb. Türkiyənin xəbər saytları yazır ki, artıq şirkət öz payını "Baltech Investment LLC”-yə satıb.
Hətta oktyabrın 30-da nüfuzlu haberler.com portalı “Turkcell” şirkətinə istinadən "Azerinteltek”dəki paylarının satışı haqqında açıqlama da verib. “Turkcell” İnternet Texnologiya İnvestisiya və Məsləhətçilik Ticarət (İnteltek) şirkətində 55 faiz paya malik olub.
"Azerinteltek”də sahib olduğu 51.000 AZN nominal dəyərdəki paylarının hamısını satışını həyata keçirib. Şirkət səhimlərini "Azerinteltek”də yüzdə 24,5 faiz paya malik olan "Baltech Investment LLC”-yə 19 milyon 530 min 177 avroya satıb.
Hazırda satış alqı-satqısı ilə bağlı müqavilə üçün danışıqlar gedir, ətraflı ictimayyətə məlumat veriləcək”, – deyə, şirkətdən bildirilib.
Hurriyyet.org-un əldə etdiyi məlumata görə, məlum alqı-satqı anlaşmasınadək “TOPAZ”ın səhmlərinin 51 faizi “Turkcell” şirkətinə, 24,5 “Baltech Investment LLC”-yə, qalan 24,5 faizi isə “Hafka” ləqəbi ilə tanınan iş adamı Hafiz Məmmədova məxsus olub.
“Azerinteltek” QSC Azərbaycanın idman mərc oyunları sektorunda investisiya potensialını qiymətləndirmək məqsədi ilə 19 yanvar 2010-cu il tarixində təsis edilib.
“Azərinteltek” QSC-nin ticarət nişanı olan "TOPAZ” 2011-ci ildə Azərbaycanda ilk və yeganə qanuni idman mərc oyunu operatoru kimi fəaliyyətə başlayıb.
Bir müddət əvvəl gənclər və idman naziri Azad Rəhimov Milli Məclisdə "Topaz" idman mərc oyunu operatorunun fəaliyyətinin dayandırılmasının vacibliyi barədə səslənən təklifə münasibət bildirmişdi. Nazir report.az-a millət vəkillərinin belə bir qərarı qəbul edəcəkləri halda, onu dəstəkləyəcəyini bildirmişdi.
“Qara bazar"la müqayisə etsək, "Topaz" çox yüksək vergi verir, tam şəffaf şirkətdir, dövriyyədən 4,2 faizi idmana xərclənir - bu da tam şəffafdır və pulların hara xərcləndiyini şirkətin saytına baxaraq, görə bilərsiniz. Vəsait tam olaraq, idmanın inkişafına sərf olunur.
Topaz bağlanacaqsa, qoy qalsın "qara bazar". Vergisiz. Orda özünü öldürənlər, asanlar və s. hallar çoxdu. Bilməyən insanlar bunu necə istəsələr, interpretasiya edə bilərlər. Qoy, "qara bazar" işləsin və "Topaz"ı, mərc oyunlarını sevməyən insanlar xoşbəxt olsunlar”,- deyə nazir reaksiya vermişdi.(hurriyyet.org)