Azərbaycanlıların tətil üçün getdikləri ölkələr
Yay mövsümü bir çoxları üçün tətil deməkdir
Yenixeber.org: Bütün il boyu işləyənlər, nəhayət, məzuniyyət götürüb istirahətə yollana bilirlər. Hər kəsin istirahət seçimi də müxtəlifdir: bəziləri passiv istirahət növünü, yəni dəniz kənarında uzanıb, kokteyl içməyi, digərləri isə dağ, meşə, tarixi və görməli yerləri gəzməyi üstün tuturlar. Növündən asılı olmayaraq bir çoxları cibinə uyğun səfər planı qurmaq istəyir.
Büdcəni qorumaqla Azərbaycanın bölgələrində və dünyanın bir çox ölkəsində istirahət etmək mümkündür. Bunun üçün marşrutu düzgün seçib, öncədən planlaşdırmaq mütləqdir.
Öncəliklə azərbaycanlıların ən çox hansı ölkələrə səfər etdiyinə nəzər salaq. 2017-ci ilin rəqəmlərinə diqqət yetirsək, böyük əksəriyyət (64 faiz) Azərbaycanın bölgələrində istirahət etməyi üstün sayır. Bunun da əsas səbəbi rayonlarda, kəndlərdə qohumların olmasıdır. Yəni, tətil bu halda daha ucuza başa gəlir.
Bəziləri isə qonşu və yaxın ölkələri tətil üçün seçir. Türkiyə bu seçimlər arasında birinci pillədə dayanır, digər populyar seçim isə Gürcüstandır. Elə 2016 və 2017-cu illərin statistikasına görə, Gürcüstan ən çox turisti Azərbaycandan qəbul edib.
Turizm şirkətlərindən birinin nümayəndəsi Gülxar Əyyubovanın sözlərinə görə, bu il də marşrutlarda dəyişiklik yoxdur, hər kəs Türkiyə və Gürcüstanda tətil imkanları ilə maraqlanır:“İlk soruşulan Bodrum olur. Əvvəlki illərdə Antalyaya da maraq vardı, ancaq son dövrlər Bodrum, Kuşadası bir çoxlarına daha çox cəlb edici gəlir. Gürcüstana, Batumiyə maraq isə sanki bu il bir az azalıb. Bu da iqtisadi amillərlə bağlıdır, Gürcüstan larisi Azərbaycan manatı qarşısında güclənib, Türkiyə lirəsi isə bir çox beynəlxalq valyuta qarşısında zəifləyib”.
Mütəxəssis əlavə edib ki, qış aylarında Ukrayna, Rusiya kimi yaxın ölkələrə maraq göstərilsə də, yayda İspaniya, İtaliya barədə çox maraqlanırlar: “Ancaq çoxları viza prosedurları ilə məşğul olmaq istəmədiyi üçün maliyyə məsələlərinə görə deyil, məhz can rahatlığını düşünüb Avropa ölkələrinə getmək fikrindən daşınır. Bu yaxınlarda Serbiya ilə viza rejimi aradan götürüldü və Belqradda tətil imkanları barədə maraqlanırlar. Ümumiyyətlə, viza proseduru bir çoxları üçün bezdirici görünür. Təcrübəmə əsasən, belə deyə bilərəm ki, Türkiyə və Gürcüstan kimi ölkələri yaxınlıq və ya dil imkanlarından daha çox gediş-gəlişin sadə olmasına görə seçirlər. Təyyarəyə və ya avtobusa min get, daha vizaya müraciət, müsahibə mərhələsi, gedib-gedə bilməyəcəyin barədə narahatlıq yaşamağa ehtiyac olmur”.
Qiymətlərə gəldiksə isə, aviabiletlər, otel və səfər siğortası daxil Antalyada 4 ulduzlu oteldə – 850-1000 AZN-a, 5 ulduzlu oteldə isə – 1200-1500 AZN-a;
Bodrumda 4 ulduzlu oteldə 1000-1200 AZN-a, 5 ulduzluda – 1400-2000 AZN-a;
Fransa, Belçika və Hollandiyada 3 ulduzlu oteldə – 2000 AZN-a, 4 ulduzluda – 2500-2800, 5 ulduzluda isə 3000 AZN-dan yuxarı qiymətə;
Budapeşt, Viyana, Praqada 3 ulduzluda – 1000, 4 ulduzluda – 1500-1800, 5 oteldə isə – 2500 AZN-a;
Dubayda – 1000 AZN-a;
Batumidə 3 və 4 ulduzlu otellərdə – 250-300 AZN-a 1 həftəlik tətil mümkündür.