"Azərişıq"-ın tender oyunları...və ya çirkli pullar necə yuyulur?
“Azərişıq” ASC maraqlı addım atıb.
Yenixeber.org xəbər verir ki, 5 ədəd Planşet “Samsung” Galaxy Tab S2 (32 gb) satın almaq istəyən qurum, tender elan edib.
Kotirovka sorğusu üsulu ilə keçirilmiş tender müsabiqəsində isə “Retro-Holding” MMC qalib elan olunub. Nəticədə, 5 ədəd sözügedən planşetlər üçün satıcı şirkətə 9204 manat pul ödənilib. Bu isə hər planşetə görə 1840,40 manatın ödənilməsi deməkdir.
İşin maraqlı tərəfi isə odur ki, “Azərişıq” ASC-nin birini 1840 manata aldığı planşetin real qiyməti elektronika mağazalarında 900 manata təklif olunur. Belə olan halda isə sözügedən qurumun ikiqat məbləğ ödəməsi təəccüb doğurur.
Araşdırmamız nəticəsində məlum oldu ki, “Retro-Holding” MMC indiyədək “Azərişıq” ASC-nin elan etdiyi 6 tenderin qalibi olub. Tərəflərin əməkdaşlığı isə 2017-ci ilin iyun ayına təsadüf edir. İlk tender isə Xəzər rayonu Zirə qəsəbəsində inşa edilən «AzEcoFarm» MMC-yə məxsus istilik kompleksinin elektrik təchizatı üzrə işlərlə bağlı olub. Bunun üçün “Azərişıq” qarşı tərəfə 5 531 132,00 AZN ödəyib.
“Retro-Holding” MMC “Azərişıq”ın avtomobil ehtiyat hissələrinin satın alınması üçün elan etdiyi tenderin də qalibi olub. Bu, 2017-ci il iyulun 26-na təsadüf edib. “Azərişıq” bu tender üçün isə 2 179 649,04 AZN ödəyib.
Bundan başqa digər tenderlər də iyunun 26-na təsadüf edir:
Transformatorların təmiri üçün tələb olunan mal-materialların satın alınması üçün 941 445,30 AZN, KTM-lərin (transformatorsuz) satın alınmasına görə 3 382 040,48 AZN, tikinti mallarının satın alınması üçün isə 992 674,20 AZN “Azərişıq” tərəfindən “Retro-Holding” MMC-yə ödənilib.
Sonuncu tender isə biri 900 AZN olan 5 ədəd planşetin 1800 manata alınması ilə bağlıdır.
Ümumilikdə isə 6 tender üçün “Azərişıq” ASC tərəfindən “Retro-Holding” MMC-yə 13, 036, 145.02 AZN pul ödənilib.
13 milyon manatlıq tenderlərdən sonra maraqlı sual yaranır: görəsən, 5 planşetə görə tender elan edən və mağazada 900 manata olan malı şirkətdən ikiqat bahasına alan “Azərişıq”ın rəhbərliyinin məqsədi nədir? Adi bir planşetlə bağlı tenderdə anormallıq varsa, deməli, qalan 5 tender də müvafiq orqanlar tərəfindən araşdırılmalıdır. Hər halda ASC-nin transformatorların təmiri, tikinti materiallarının, avtomobil ehtiyat hissələrinin satın alınması üçün müraciət etdiyi şirkətdən planşet alması çox gülünc səslənir. Özü də ikiqat bahasına…
Sözsüz ki, anormal hal yarandığı üçün ekspert rəyinə də ehtiyac var. Çünki eyni şirkət eyni gündə “Azərişıq” tərəfindən 4 tenderin qalibi elan olunub. Bu səbəbdən sabiq millət vəkili, iqtisadçı-ekspert Nazim Bəydəmirli ilə əlaqə saxladıq.
Yenicag.az saytına danışan Nazim bəy, “Azərişıq” ASC-nin sədri Baba Rzayevin bu tenderlər vasitəsi ilə öz şəxsi biznesini genişləndirdiyini bildirib:
“Baba Rzayevin apardığı tenderlərə fikir verin. O, öz ailə üzvlərinin şirkətlərinə tendersiz 100 milyonlarla vəsait ötürüb. Yenə araşdırsanız görəcəksiz ki, qeyd etdiyiniz şirkətlər də “Azərişıq” rəhbərliyinin ailə üzvlərinə məxsusdur. 3-5 milyonluq tenderləri Baba Rzayev üçün tum pulu hesab edirəm. Hazırda Gədəbəyin Şınıx bölgəsindəyəm. Burada elə gün yoxdur ki, elektrik kəsintisi olmasın. Son illər “Azərişıq”a və vaxtı ilə “Azərenerji”yə enerji təchizatının yaxşılaşdırılması üçün dövlət tərəfindən 10 milyarddan çox pul ayrılıb. Bunların da əksəriyyəti mənimsənib. Şınıx bölgəsində olan transformatorlar 60-70-ci illərdə quraşdırılanlardır. Bir xəttin üzərində 5-6 kənd yerləşir. Bir yerdə qəza olanda 5-6 kənd işıqsız qalır. Bu tip misallar kifayət qədərdir. Təəssüflər olsun ki, Dövlət satınalmaları haqqında qanun pozulması davam edir. Alınan məişət əşyalarının belə, qiymətlər şişirdilir. Bu isə dövlət vəsaitinin talanması deməkdir. Sözsüz ki, digər qurumlar da “Azərişıq”dan geri qalmır. Dövlət vəsaiti hesabına öz şəxsi bizneslərini inkişaf etdirirlər. Nəticədə, dövlət və vətəndaş əziyyət çəkir. Qiymətlərin şişirdilməsi Azərbaycan reallığında yenilik deyil. Satınalmalar haqqında qanunauyğun olaraq, heç bir tenderin Azərbaycanda keçirildiyinin şahidi deyilik. Tenderlər qeyri-qanunidir. Onların kağız üzərində tender apardıqlarını bir daha sübut edirsiniz”.