Saxta yumurtalarla bağlı sübut -VİDEO
Azərbaycanda saxta yumurta satılması ilə əlaqədar faktlar üzə çıxıb.
Xeberinfo.com: İstehlakçıların təqdim etdiyi videodan göründüyü kimi, onun “KİVİ” marketdən aldığı yumurtanın sarısı təbii halda olduğundan xeyli fərqlənir. Çindən gətirildiyi ehtimal edilən bu sayaq yumurtaların kimyəvi maddələrdən istifadə etməklə istehsal olunduğu bildirilir. Bu kimyəvi məhsulun hazırlanması üçün toyuq saxlamağa, onu böyüdüb-artırmağa artıq ehtiyac qalmır. Mütəxəssislərin rəyinə görə, yumurtanın qabığının hazırlanmasında kalsium-korbonatdan istifadə olunur. Saxta yumurtanın içi isə jelatin, boyayıcı və digər maddələri qarışdırmaqla hazırlanır.
İstehlakçının apardığı araşdırma nəticəsində məlum olub ki, saxta məhsulu kənd yumurtası adı ilə satış məntəqələrinə Aydın adlı şəxs çatdırır, lakin onunla əlaqə saxlamaq mümkün olmur: “Yumurta kasetinin içindəki yumurtalar tam saxta olmur. İnsanları çaşdırmaq üçün qarışıq qoyurlar. Yəni müştəri alanda hamısı saxta yumurta çıxmır”.
Hətta ötən ay Azərbaycanda aparılan reyd zamanı saxta yumurta istehsal olunan müəssisə belə aşkarlanıb. Lakin buna baxmayaraq, aidiyyəti dövlət orqanları ölkəyə saxta yumurtaların gətirilməməsi ilə bağlı məlumatları təkzib edirlər.
Bir müddət əvvəl bununla bağlı Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) rəis vəzifəsini müvəqqəti icra edən Azər Süleymanov Çindən Azərbaycana saxta yumurta idxal edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib. O deyib ki, Çin Xalq Respublikasından 2016-cı il ərzində Azərbaycana 1 ədəd də olsun yumurta idxal olunmayıb: “Bunu Dövlət Gömrük Komitəsi təsdiq edə bilər. Əhaliyə müraciət edərək bildirirəm ki, əgər kiminsə əlində bu barədə hər hansı fakt, süni yumurtanın satıldığı məkan haqda məlumat varsa, dərhal Dövlət Baytarlıq Nəzarəti xidmətinin “qaynar xətti”nə məlumat versinlər. Kütləvi informasiya vasitələrinin iştirakı ilə bu faktı yerində araşdırmağa hazırıq. Bir daha qeyd edirəm ki, yayılan məlumatlar heç bir real fakta söykənmir”.
Dövlət Gömrük Komitəsi də son günlər kütləvi informasiya vasitələrində Çindən Azərbaycana saxta yumurta və düyü idxal edilməsi ilə bağlı yayılan məlumatlarla əlaqədar açıqlama yayıb.
Komitənin yaydığı məlumatda bildirilib ki, Dövlət Gömrük Komitəsi 2016-cı il ərzində Çin Xalq Respublikasından Azərbaycana, ümumiyyətlə, yumurta idxalı qeydə alınmayıb və bu ölkədən Azərbaycana saxta yumurta idxal edilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
Qeyd edək ki, saxta yumurta təbii yumurtadan bir qədər iri olması ilə fərqlənir. Bundan başqa, yumurtanın qabığı daha parıltılı olur, çırpılan yumurtanın ağı sarısıyla tez qarışır və suda bişdikdə rezin kimi möhkəm olur. Həmin yumurtanı yandıranda isə plastmas maddə qoxusu gəlir. Ekspertlər vurğulayır ki, bu kimyəvi məhsul qaraciyəri zədələyir, saxta yumurtanın istehsalının ölkədə yayılması ilk növbədə qaraciyər xəstəliklərinin artmasına səbəb olacaq. (Report)