İTV-nin baş direktor müavini hansı nüfuzlu şəxsin adından istifadə edir? -ŞOK İDDİA
İçkili vəziyyətdə qəza törədən Şaiq Məmmədov kim(lər)in yardımı ilə məsuliyyətdən kənarda qalmağı bacarıb?
Xeberinfo.com: İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktorunun müavini Şaiq Məmməd oğlu Məmmədovun adı nədənsə son zamanlar bir sıra xoşagəlməz məqamlarda hallandırılır. Məsələn, əldə etdiyimiz bilgilərə görə, onun yol verdiyi nöqsanlar İTV əməkdaşlarının böyük bir hissəsinin ciddi narazılığına, kəskin etirazına səbəb olur. Beləliklə, Şaiq Məmmədovun 1980-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Muğanlı kəndində anadan olduğunu, Azərbaycan Dillər Universitetində sinxron tərcümə, Naxçıvan Dövlət Universitetində hüquq ixtisasları üzrə təhsil aldığını qeyd edən məlumatlı şəxsin Gundelik-Baku.com-la paylaşdığı informasiyada deyilir ki, o, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində ictimai-siyasi proqramlar baş redaksiyasının baş redaktor müavini, beynəlxalq proqramlar baş redaksiyasının baş redaktoru, ingilis dilində «Həftə» analitik-informasiya proqramının müəllifi və aparıcısı vəzifələrində çalışıb. Şaiq Məmmədovun İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunun informasiya və ictimai-siyasi verilişlər üzrə müavini vəzifəsinə 3 sentyabr 2013-cü il tarixdə təyin olunduğunu vurğulayan mənbənin sözlərinə görə, İTV-nin baş direktor müavini təxminən, 2 il bundan əvvəl içkili vəziyyətdə ağır yol qəzası törədib: «Deyilənlərə görə, Şaiq Məmmədov iki bundan əvvəl Sumqayıtda mayın 4-dən 5-nə keçən gecə saat 2-də idarə etdiyi 90 AF 501 dövlət nömrə nişanlı, İTV-yə məxsus olan «Honda Accord» markalı avtomobillə qəza törədib. Bildirilir ki, qəzaya səbəb onun içkili vəziyyətdə sükana əyləşməsi olub. Qeyd olunur ki, Şaiq Məmmədovun yüksək sürətlə idarə etdiyi avtomobil işıqforun qırmızı işığında keçərək digər bir avtomobilə çırpılıb. Deyilənlərə görə, həmin vaxt hadisə zamanı direktor müavini ilə yanaşı, gənc bir xanım da olub və hər ikisi sərxoş olub. Qəza nəticəsində avtomobildə olan hər iki nəfər ağır yaralanıb və təcili olaraq Sumqayıt şəhər xəstəxanasına çatdırılıb. Məsələnin maraqlı tərəfi ondadır ki, həmin vaxt baş verən qəza hadisəsi müxtəlif yollara baş vuraraq gizlədilib və elə bu səbəbdən də İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunun müavini Şaiq Məmmədov törətdiyi əmələ görə məsuliyyətdən kənarda qalmağı bacarıb». Yeri gəlmişkən, onu da nəzərinizə çatdıraq ki, Şaiq Məmmədovun İctimai Televiziya və Radio Yayımları Şirkətində kadr siyasətinə birbaşa nəzarət etdiyini deyən məlumatlı şəxs bildirir ki, o, daim yüksək çinli məmurlardan birinin yaxın adamı, qohumu olduğunu qeyd edərək İTV-nin əməkdaşlarına, o cümlədən baş direktoruna belə, hədə-qorxu gəlir: «Deyilənlərə görə, Şaiq Məmmədov işdə, vəzifəsinin başında olmalı olduğu vaxtlarda belə, yerində tapılmır, işə az-az gəlir. Lakin buna baxmayaraq, heç kim ona irad tutmağa cürət etmir. Çünki baş direktorun müavini dara düşən kimi yüksək çinli məmurlardan birinin yaxın adamı, qohumu olduğunu deyərək, özünü sığortalamağı, həmçinin qarşı tərəfi susdurmağı bacarır. Onu da qeyd edim ki, o, İTV-nin bir neçə xidməti maşınını öz şəxsi məqsədləri üçün istifadə edir. Ümumiyyətlə, deyilənlərə görə, son zamanlar başı yerini möhkəmlətməyə, əməkdaşlara «yerini göstərməyə» qarışan Şaiq Məmmədov efirin məsuliyyətini, verilişlərə ciddi yanaşmaq gərək olduğunu da unudub. Bir sözlə, görünən odur ki, onun başı tamam başqa məsələlərə qarışdığından İTV-ni və oradakı vəzifəsini tamam unudub».
Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.