“Qara bazar”da son durum: “Qorxu içində fəaliyyət göstəririk” - FOTOLAR
Bu ilin əvvəlindən başlayaraq, valyutadəyişmə məntəqələrinin lisenziyalarının ləğv edilməsi “qara bazar”da tələbatın artmasına səbəb olub.
Xeberinfo.com: Ötən ay ölkəmizdə dolların ucuzlaşması müşahidə olunsa da, bu ucuzlaşma uzun sürmədi və manat yenidən dəyərdən düşməyə başladı.
Qeyd edək ki, Azərbaycanda dolların rəsmi məzənnəsi tarixi rekorda çatıb. Belə ki, ölkəmizdə dolların bu günə olan rəsmi məzənnəsi 1,6490 manatdır. Bu isə, ən yüksək göstərici deməkdir. Bundan əvvəl isə ən yüksək rəsmi məzənnə 2016-cı il martın 11-də (1,6456 AZN/USD) qeydə alınmışdı.
Dolların belə sürətlə bahalaşması ölkədə yenidən bu valyuta növünə tələbatı artırıb. Nəticədə bir çox banklar dolların satışından imtina etməyə başlayıb. Buna görə də, əlində olan vəsaiti dollara çevirmək istəyən vətəndaşlar yenidən valyuta dəyişməklə bağlı problem yaşamağa başlayıblar.
Vəziyyətlə maraqlanmaq üçün “28 May” metrostansiyasının yaxınlığındakı “qara bazar”a baş çəkdik.
Əvvəlki aylarla müqayisədə dollar alverçilərinə çox az rast gəlinirdi. Son günlər dolların “qara bazar”da açıq satışı ilə məşğul olan şəxslərin həbs edilməsi və həftəsonu olmaması bazarda durğunluğa səbəb olmuşdu.
Fəaliyyət göstərənlər isə bu prosesi gizli şəkildə həyata keçirirlər. Özümüzü müştəri kimi təqdim edib, dolların alış və satış qiymətləri ilə maraqlandıq. Alverçilər bildirdilər ki, dolların alış kursunu 1.71 AZN-dən, satış kursunu isə 1.73 AZN-dən hesablayırlar.
Alverçilərlə söhbətimiz zamanı məlum oldu ki, burada fəaliyyət göstərən bir neçə nəfər ötən həftə həbs olunublar: “Qorxu içində fəaliyyət göstəririk. 5-3 manat çörəkpulundan ötrü çıxırıq, bura... Kefimizdən eləmirik ki... Heç kim ehtiyacı olmasa, burada bütün günü ayaq üstə, soyuqda dayanmaz. Dollar və rubla ən çox şənbə və bazar günlərində tələbat olur. Onda da əvvəlki kimi rahat fəaliyyət göstərə bilmədiyimiz üçün müştəriləri itirməli oluruq”.
Müşahidələrimizə əsasən deyə bilərik ki, bankların əksəriyyəti dollar satışından ya imtina edir, ya da ki, hazırda pulun olmadığını deyirlər.
Baş çəkdiyimiz banklardan yalnız birinin – “NİKOİL” bankın əməkdaşı 300 dolların olduğunu dedi. Hazırda isə bu bankda dolların alış qiyməti 1.6600 AZN, satışı isə 1.7140 AZN təşkil edir.
Dollar satmayan banklardan birinin əməkdaşının sözlərinə görə, bəzi şəxslər var ki, həftə ərzində bankdan külli miqdarda dollar alırlar və bu da həftəsonu qıtlığın yaranmasına səbəb olur: "Banka pul qoyan şəxslər manatın ucuzlaşdığını görən kimi qoyduqları dolları geri alırlar. Ona görə də həftənin sonuna dollar qalmır. Bu səbəbdən də həftəsonları qıtlıq yaranır”.
Bundan başqa, bank əməkdaşları Azərbaycan Mərkəzi Bankının satdığı dolların üzərinə rəsmi olaraq, 4% qoyduqlarını da bildirdilər.
Musavat.com