Cahangir Hacıyevin qohumu müəssisələri necə və kimlərin əlilə özəlləşdirib? - Şəkidə
Şahin İbadovun fəaliyyəti və onun əlaqələri ciddi şəkildə araşdırılmalıdır
Xeberinfo.com: Uzun müddət «Azəravtoyol» ASC-nin nəzdində fəaliyyət göstərən Şəki rayonu 15 saylı Yol İstismar İdarəsinin rəisi vəzifəsində çalışmış Şahin İbadovla bağlı redaksiyamıza olduqca ilginc bilgilər daxil olub. Belə ki, Şahin İbadovun hazırda həbsdə olan, ağır cinayətlərdə ittiham olunan Azərbaycan Beynəlxalq Bankının sabiq rəhbəri Cahangir Hacıyevin yaxın qohumu olduğunu vurğulayan məlumatlı şəxsin Gundelik-Baku.com-la paylaşdığı informasiyada deyilir ki, Şahin İbadov Şəkidə çalışdığı müddət ərzində adıçəkilən rayonda o yer qalmayıb ki, oranı zəbt etməsin. Onun Azərbaycan Beynəlxalq Bankının sabiq rəhbəri ilə qohumluğundan istifadə edərək Şəki rayonundakı ən gəlirli müəssisələri müxtəlif yollara baş vuraraq özününküləşdirdiyini qeyd edən məlumatlı şəxsin sözlərinə görə, hazırda Şahin İbadovun adıçəkilən rayonda çoxlu sayda obyekti var: «Deyilənlərə görə, Şahin İbadov 2004-2010-cu illərdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmış Nazim İbrahimov və sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin vasitəsilə «Promkombinat» adı ilə tanınan «Şəki Tikinti Sənayesi Malları» ASC-ni də özəllişdirib. Bildirilir ki, o, bir müddət sonra həmin müəssisəni dəyərindən bir neçə dəfə baha qiymətə dövlətə satıb. İndi isə «Promkombinat»ın ərazisində bayraq meydanı tikilir. Buradan belə çıxır ki, Şahin İbadov dövlət müəssisəsini bir sıra yollara baş vurmaqla ucuz qiymətə özəlləşdirsə də, bir müddət sonra həmin müəssisəni əsl sahibinə, yəni dövlətə baha qiymətə satıb». Bu arada, orta məktəbin 8-ci sinfini bitirən Şahin İbadovun bir zamanlar boz rəngli «Moskviç 408» markalı avtomobil sürdüyünü deyən mənbə bildirir ki, Azərbaycan Beynəlxalq Bankının sabiq rəhbəri Cahangir Hacıyevin dəstəyilə hazırda o, 10 AA 709 dövlət nömrə nişanlı, qara rəngli «Lexus»da gəzir: «Deyilənlərə görə, bu gün Şahin İbadovun sahib olduğu sərvət o qədər böyükdür ki, o, istəsə günü sabah şəxsi təyyarə belə, əldə edə bilər. Yeri gəlmişkən, nəzərinizə çatdırım ki, Şahin İbadov Şəki rayonu 15 saylı Yol İstismar İdarəsinin rəisi vəzifəsində çalışdığı dönəmlərdə həmin idarənin resurs və vəsaitlərindən daha çox şəxsi mənfəəti naminə istifadə edib. Belə ki, deyilənlərə görə, o, quruma ayrılan material və vəsaitlərin məqsədyönlü istifadəsini təmin etməyib. Əksinə, vəsait və texnikadan daha çox şəxsi sifarişlərin yerinə yetirilməsi üçün istifadə olunub. Bir sözlə, Şahin İbadov şəxsi sərvətini artırmaqla məşğuldur. Deyilənlərə görə, hazırda Bakıda yerləşən 1 saylı asfalt zavodun müdiri vəzifəsində çalışan Şahin İbadovun Şəki şəhərinin mərkəzində qiyməti 100 minlərlə ölçülən 2 kafesi var. Hələ bu, harasıdır. Bildirilir ki, Azərbaycan Beynəlxalq Bankının sabiq rəhbəri Cahangir Hacıyevin yaxın qohumu olan Şahin İbadov Şəki şebel zavodunun, Şəki sünbül çörəyin ərazisini, Şəki diş poliklinikasının, o cümlədən Axundov parkındakı sulancığı da özəlləşdirib. Bununla da o, qısa müddət ərzində nəhəng kapitala sahiblənib. Bu gün onun böyük imarətləri, ən son model xarici avtomobillərİ bir neçə yerdə mənzilləri, bağ evləri var. Əgər müvafiq qurumlar Şahin İbadovun fəaliyyətilə bağlı obyektiv araşdırma aparsalar, o zaman onun kimlərlə əlaqədə olması və adıçəkilən dövlət müəssisələrini necə özününküləşdirməsilə bağlı qaranlıq məqamlara aydınlıq gətirilə bilər».
Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.