AT-EŞŞƏK ÜSTÜNDƏ MALİYYƏ-PUL SİYASƏTİ… – Və ya hansı ölkələrin səviyyəsinə gəlib çıxmışıq?
Xəbər verdiyimiz kimi, dünən Mərkəzi Bank uçot dərəcəsini 15%-ə qaldırıb.
Xeberinfo.com: Mərkəzi Bankdan bununla bağlı yayılan məlumatda bildirilib ki, son vaxtlar inflyasiyaya təsir edən bir sıra daxili və xarici amillərin davranışındakı dəyişiklikləri nəzərə alaraq əlavə antiinflyasiya tədbirlərinin həyata keçirilməsinə zərurət yaranıb.
Bu istiqamətdə mühüm addımlardan biri kimi kəskin məzənnə tərəddüdlərini tənzimləmək, bununla da valyuta bazarında gözləntilərə və tarazlığa təsir etmək məqsədilə Azərbaycan Respublikası Dövlət Neft Fondu və AMB tərəfindən valyuta hərraclarında xarici valyutanın təklifi əhəmiyyətli artırılıb.
Eyni zamanda makroiqtisadi proqnozları, tədiyə balansında və valyuta bazarındakı meylləri nəzərə alaraq Mərkəzi Bank pul siyasəti alətlərinin kəmiyyət parametrlərini dəyişib. Mərkəzi Bankın İdarə Heyəti 14 sentyabr 2016-cı il tarixindən likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı həddini 12%, yuxarı həddini 18%, uçot dərəcəsini isə 15% səviyyəsinə qaldırmaq barədə qərar qəbul edib.
Xatırladaq ki, Mərkəzi Bankın İdarə Heyəti tərəfindən 8 avqust 2016-cı il tarixində verilən qərara əsasən, likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı və yuxarı hədlərini dəyişməz saxlamaqla uçot dərəcəsini 9,5% səviyyəsinə qaldırılmışdı.
Həmin vaxta qədər uçot dərəcəsi 7 faiz həcmində idi.
Mərkəzi Bankın İdarə Heyətinin cəmi 1 ay ərzində iki qərarla uçot dərəcəsini 2 dəfədən artıq qaldırılması maraq doğurmaya bilməz. Bunun Mərkəzi Bank tərəfindən verilən mərkəzləşdirilmiş kreditlərin də daha da bahalaşmasına, eyni zamanda banklar tərəfindən təqdim olunan biznes və istehlak kreditlərinin faiz dərəcələrinin yüksəlməsinə səbəb olacağı şübhə doğurmur.
Aydındır ki, Mərkəzi Bankın rəhbərliyi bununla inflyasiyanı cilovlamaq və manat aktivlərinin gəlirliyini artırmaq məqsədi güdür. Yəni, Mərkəzi Bankın məqsədi bir növ kreditləri bahalaşdırmaqla, infilyasiyanın səviyyəsini azaltmaqdı. Belə ki, uçot dərəcəsini kəskin artırmaqla kommersiya banklarının Mərkəzi Bankın yüksək uçot dərəcəsi ilə təklif etdiyi resurslara, biznesin və ailə təsərrüfatlarının isə kommersiya banklarının əvvəlkindən daha yüksək faizlə təklif etdiyi kreditlərə tələbatını azaltmaq məqsədi güdülür. Bununla kreditlərə, başqa sözlə real pula tələbat azaldılır. Yəni pul təklifi məhdudlaşdırılır. Nəzəri baxımdan , pul təklifinin azalması inflyasiyaya da azaldıcı təsir göstərir.
Ancaq Azərbaycanın indiki iqtisadi reallığında uçot dərəcəsinin 2 dəfə yükəltməsinin inflyasiyanı cilovlayacağını iddia etmək çətindir.
Çünki, əvvala, Azərbaycan Mərkəzi Bankı kommersiya bankları üçün donor təşkilat sayılmır. O ölkələrdə uçot siyasəti pula tələb və təklifə, son nəticədə inflyasiyaya təsir edir ki, Mərkəzi Bankın kredit resursları ümumi kreditlərin 35%-dən az olmasın.
Ekspertlərin araşdırmaları isə göstərir ki, Beynəlxalq Banka ayrılan vəsaitlər nəzərə alınmazsa, Mərkəzi Bankın mərkəzləşdirilmiş resurslarının ümumi kreditləşmədə payı 10-15%-dən çox deyil…
Yəni Mərkəzi Bankın uçot dərəcəsi siyasətinin kreditlərin faiz dərcəsinə birbaşa təsiri olmur. Ancaq bu qərar ümumi inflyasiya xofu yaratdığından, banklar dərhal faiz dərəcələrini yüksəldirlər. Kreditlər baha olduğu üçün, sahibkarların istehsal, idxal etdiyi məhsulların qiyməti artacaq. Bu da indiki şəraitdə inflyasiyanı daha da gücləndirəcək.
İkinci bir tərəfdən, müstəqil ekspertlərin araşdırmaları göstərir ki, bizim iqtisadiyyatımız onsuz da pulsuzdu. Azərbaycanda iqtisadiyyatın monetizasiyası 15- 20 fazi arazında dəyişir (BVF statistikasına görə, dünyada orta göstərici 40-50%, yüksək göstərici 50-100%-dir). Belə şəraitdə Mərkəzi Bankın sərt uçot siyasətilə bu səviyyəni daha da azaltması inflyasiyanın qarşısını almaq əvəzinə, iqtisadiyyatda pul qıtlığının yaranmasına və iqtisadi fəallığın daha da azalmasına səbəb olacaq.
Yəni, ölkədə iqtisadi böhranın getdikcə dərinləşdiyi, kreditlərin onsuz da əlçatmaz olduğu şəraitdə belə sərt uçot siyasəti ilə bağlı qərarın verilməsinin, müsbət nəticələrindən çox mənfi təsirləri olacaq. Onsuz da zəifləyən işgüzar mühitə növbəti zərbə olacaq.
Təsadüfi deyil ki, dünyanın yalnız iqtisadi baxımdan ən geri qalmış ölkələrində belə sərt uçot siyasətinə rast gəlinir. Vergilər nazirliyinin keçmiş əməkdaşı, maliyyəçi Qulu İbrahimlinin bu istiqamətdəki kiçik araşdırması da bunu təsdiqləyir. Onun “facebook” səhifəsində paylaşdığı həmin araşdırmanı və Mərkəzi Bankın sərt uçot siyasətinə dair fikirlərini təqdim edirik:
“Bilirsiz ki, dünən Mərkəzi Bank uçot dərəcəsini 9,5%-dən 15% (illik) səviyyəsinə qaldırıb.
İnternetdə mövcud siyahılar son dəyişiklikləri nəzərə almayaraq cari vəziyyəti əks etdirmədiyindən, gecəni ərinməyib, ölkəmizin yerini müəyyən etmək üçün ölkələrin Mərkəzi Banklarının saytlarına bir-bir daxil olmaqla, dünyada ən yüksək faiz (uçot) dərəcəsi olan ölkələrin siyahısını özüm tərtib etdim.
Məlum oldu ki, dünyada 10%-dən yuxarı dərəcə tətbiq edən 21 ölkə mövcuddur. Azərbaycan isə son qərarla 15% və ondan yuxarı olmaqla dünyada ən yüksək faiz dərəcəsi olan 13 ölkədən biri olmaq “şərəfinə” nail olub. İndi isə baxaq görək hansı ölkələrin səviyyəsinə gəlib çıxmışıq:
1) Nepal – 10,35%
2) Keniya – 10,50%
3) Rusiya – 10,50%
4) Misir – 11,75%
5) Qazaxıstan – 13,00%
6) Nigeriya – 14,00%
7) Uqanda – 14,00%
8) Braziliya – 14,25
9) Azərbaycan – 15,00%
10) Əfqanıstan – 15,00%
11) Monqolustan – 15,00%
12) Zambiya – 15,50%
13) Ukrayna – 15,50%
14) Anqola – 16,00%
15) Mozambik – 17,25%
16) Belarusiya – 18,00%
17) Venesuela – 18,24%
18) Qambiya – 21,05%
19) Qana – 26,00%
20) Malavi – 27,00%
21) Argentina (35 günlüklər üzrə) – 27,75%.
Xatırladım ki, Gürcüstanda uçot dərəcəsi 6,50%, Ermənistanda isə 7,25%-dir (Ermənistan Mərkəzi Bankının saytına daxil olub son dəqiqləşməni apara bilmədim, heç cürə açılmadı).
Yuxarıdakı siyahıdan da göründüyü kimi, Afrikanın elə ölkələrinin səviyyəsinə gəlib çıxmışıq ki, onlarda maliyyə və pul siyasətinə məsul olan şəxslər başlarına lələk bağlayıb işə atla-eşşəklə gedir. Müstəqil ekspertləri də onların qabağında bumbulubum rəqslərini oynayır, ictimai rəyi öncədən lazımi qərarlara hazırlayır”.
AzPolitika.info