Muşfiq Atakişiyev generala saxta diplom verib?
O, 1998-ci ildə — nə az, nə çox, düz 48 yaşında Təfəkkür Universitetinin hüquq fakültəsindən məzun olub.
Xeberinfo.com: Azərbaycanda bir çox məmurların təhsilinə, bacarığına və digər üstün cəhətlərinə görə vəzifəyə təyin olunmadığını desək, yəqin ki, Amerika kəşf etmiş olmarıq. Hamıya məlum olduğu kimi yüksək vəzifə tutmaq üçün yaxşı pulun və bir də sözü hər yerdə keçən «day-dayın» olmalıdır. Bu iki üstünlüyə sahibsənsə, istənilən vəzifəni, hətta nazir postunu tuta bilərsən.
Qaynar.info xəbər verir ki, belələrindən biri də Dövlət Gömrük Komitəsinin sədr müavini Nazim Xeyrulla oğlu Məmmədovdur. General-leytenant rütbəsi daşıyan 65 yaşlı bu məmurun tərcümeyi-halına nəzər yetirmək kifayətdir ki, onun bu boyda vəzifəyə necə gəlib çıxdığını görəsən. Bunun üçün isə özünüzü yormağa ehtiyac yoxdur. Dövlət Gömrük Komitəsinin saytında «rəhbərlik» bölməsinə daxil olmaqla hər şeyin şahidi ola bilərsiz.
Nazim Xeyrulla oğlu Məmmədov 1951-ci ilin 8 oktyabrında Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində dünyaya gəlib. Əmək fəaliyyətinə 1973-cü ildə Ordubad şəhərində baytarlıq stansiyasında başlayıb. 1976-1995-ci illərdə Ordubad şəhərində müxtəlif təşkilatlarda çalışıb.
Karyerasındakı yüksəliş isə 1995-ci ildən — Dövlət Gömrük Komitəsində fəaliyyətə başlayandan sonra başlayıb. Görünür, qəhrəmanımız ali təhsili olmadığından vəzifə pillələrində yüksələ bilməyəcəyini anlayıb və təhsil almaq qərarına gəlib. Və o, 1998-ci ildə — nə az, nə çox, düz 48 yaşında Təfəkkür Universitetinin hüquq fakültəsindən məzun olub. 2007-ci ilin 28 dekabrında isə Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsinə təyin edilib.
Yeri gəlmişkən, Nazim Məmmədovun tərcümeyi-halı sosial şəbəkələrdə yayılandan sonra Dövlət Gömruk Komitəsinin rəsmi saytında onun üçün ayrılmış «bölmə»yə əl gəzdirilib. Belə ki, tərcümeyi-halda «1999-cu ildə Təfəkkür Universiteti»nin hüquq fakültəsini bitirmişdir» bəndi çıxarılıb. Bununla da komitə rəhbərliyi guya bəzi faktları gizlətməyə çalışıb. Amma dəyişiklikdən əvvəlki tərcümeyi-hal bizdə var.
Bu generala diplomu rektor Muşfiq Atakişiyev neçə manata satıb və ya general "Təfəkkür"də təhsil almasını kimdən və nədən gizlədir? Məgər "Təfəkkür" Universitetində oxumaq ayıb işdir? Əgər deyilsə, onda general niyə bunu ictimaiyyətdən gizlətdi? Deməli, məsələnin başqa şübhəli tərəfləri var.
Arqument.Az-a verilən ilginc məlumata görə, əslində, Nazim Məmmədov "Təfəkkür" Universitetinə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) elan etdiyi test imtahanlarında iştirak etmədən qəbul olunub. Belə çıxır ki, rektor Müşfiq Atakişiyev diplomu ona hədiyyə edib. TQDK-nın bazasında isə onunla bağlı heç bir məlumat yoxdur. Məhz bunları nəzərə alan genaral təhsili ilə bağlı faktları gizlətməyə çalışıb.
Dəyişiklikdən əvvəl
Dəyişiklikdən sonra
Arqument.Az