Generalların sayı nə üçün sürətlə artır?
Azərbaycanda general rütbəsi alan şəxslərin sayı ilbəil artmaqdadır. Təsadüfi deyil ki, hazırda ölkəmiz generalların sayına görə dünyanın bir çox güclü dövlətlərini qabaqlayır. Bir faktı qeyd etmək kifayət edər ki, Azərbaycandakı generallar say baxımından Çindəki bu rütbə sahiblərindən çoxluq təşkil edirlər. Bu fakt bir çox üstüörtülü mətləblərin üstünü açır…
Xeberinfo.com: MTN-də baş verən məlum “17 oktyabr inqilabı”ndan sonra bu məsələ ictimaiyyətin əsas müzakirə mövzularından birinə çevrilib. Əsasən, həbslərlə gündəmə gələn MTN generallarının yaşı ciddi marağa səbəb olub. Bu ilin martında general-mayor rütbəsi alan 36 yaşlı Vüqar Allahquliyevin noyabrın 9-da hərbi hissə komandirliyi vəzifəsindən uzaqlaşdırılması və istintaqa cəlb olunması bu mövzunun bir daha aktuallaşmasına səbəb oldu.
Beyinlərdə bir sual yaranıb. Azərbaycanda general rütbəsi almaq üçün yaş məhdudiyyəti varmı, yaxud bu rütbə hansı xidmət müqabilində verilir?
Sabiq MTN polkovniki İlham İsmayıl ölkəmizdə generallarının sayının çox olmasının səbəbləri barədə danışdı: “Bunun çox süni səbəbləri var. İndi şişirdilmiş şəkildə bir çox qurumlarda idarələr yaratdılar və rəhbərlərə general rütbəsi verdilər. Buna heç bir ehtiyac yox idi. General sadəcə rütbə deyil, bir dəyərdir. Bu dəyəri bu qədər ucuzlaşdırmaq lazım deyil. Çünki generala hörmət qalmır. MTN-də biz işlədiyimiz dövrdə 4 generaldan artıq general olmazdı. Amma indi MTN-də idarə, şöbələrin rəhbərlərinə bu rütbəni veriblər. Vəzifəsinə görə general alan şəxslərin əməllərinə baxan yoxdur. Dövlət qarşısında doğrudan da bu şəxslər general adını almağa layiq xidmətlər göstəriblər? Dünən çadır servisi ilə məşğul olan şəxsi bu gün vəzifəyə gətirib, general rütbəsi vermək olmaz. Belə hal gömrük sahəsində olub. Faktı sizə deyirəm. Dünənki biznesmen bu gün general olur. Millətin generala olan münasibəti dəyər səviyyəsində olmur. Ölkəmizdə vaxtından əvvəl rütbələr verilir. Azərbaycanda nələr baş verib? Qarabağı almışıq? İndi ad günlərində rütbələr verməklə təbriklər olur. 36 yaşında heç bir xidməti olmadan general rütbəsi alıb. Həbs olunmasaydı, indi bu rütbədə davam edirdi. Türkiyə və Rusiya ilə müqayisələr aparsaq, çox gülməli vəziyyət yaranır. Rusiya dünyanın güclü ordularından birinə sahibdir. Orada quru qoşunlarının komandiri general-polkovnikdir. Amma biz də 9 general-polkovnik var. Təəssüflər olsun ki, bu rütbəni ölkəmizdə gözdən saldılar”.
Sabiq MTN-çi general rütbəsi almağın yollarından da söz açdı: “İlk növbədə, dövlət qarşısında xüsusi xidmət göstərilməlidir. 25 yaşında işə qəbul edilən şəxs 9 il sonra general rütbəsi alır. Bu rütbəni almaq üçün öncəliklə digər rütbələr almaq lazımdır. Amma Azərbaycanda bu zamanı gözləmirlər. Müharibə dövründə 34-35 yaşlarında generallar olub. Amma bunlar müharibədə xidmət müqabilində olub. Qurumları hərbiləşdirmək lazım deyil. Nə ehtiyac var ki, MTN timsalında bəzi qurumları hərbiləşdirib, general rütbəsi vermək? Bunlar əlavə dövlət xərci, büdcənin talanması deməkdir. Azərbaycan kimi dövlətlərdə bu məsələyə obyektiv yanaşmaq lazımdır. General rütbəsində yaş məhdudiyyəti yoxdur. Göstərdiyin xidmətlərin müqabilində bu rütbəni ala bilərsən. Biz də prosesləri keçməyən şəxsləri general rütbəsi ilə təltif edirlər. Bu hal ya ad günlərində, ya da qurumun yaradılmasının ildönümlərində daha çox baş verir”.(musavat.com)