1 saylı Bakı Tibb Kollecində "pulyığma kampaniyası"
Direktor Nəriman Mövsümov tələbələrdən yığılmış pulu 5 saylı Xəstəxananın yanında niyə alır?
Xeberinfo.com: Azərbaycanda fəaliyyət göstərən təhsil ocaqlarının durumu göz qabağındadır. Hər nə qədər tədbir görülsə də, təhsildəki rüşvət və korrupsiyanın qarşısını almaq mümkün olmur. Təhsil Nazirliyi də məsələyə laqeyd yanaşanda, işin rəngi daha da tündləşməyə başlayır.
Məlumata görə, 1 saylı Bakı Tibb Kollecində də durum digərlərindən fərqlənmir. Texnikumun direktoru Nəriman Mövsümov deputat Ağacan Əbiyevin kürəkəni olduğundan əl-qolu çox geniş açılır. Elə bu səbəbdəndir ki, sözügedən təhsil ocağında özbaşınalıq və tələbələrdən yığımlar edilməsi normaya çevrilib.
Daxil olan məlumatlara görə, Nəriman Mövsümov pul yığma məsələsində çox «orjinal» üsul seçib. Belə ki, direktor nazirliyin monitorinq və yoxlamasından təmiz çıxmaq üçün pul alınan tələbələri əvvəlcə imtahandan kəsir. Sonra isə müavini pul verən tələbələri başqa otağa toplayaraq, hazır vərəqləri onlara verir ki, yoxlama gələrsə, hamının kəsildiyini görsün.
Əslində isə ortada nə kəsilən var, nə də buna bənzər bir şey. Əksinə, hazır vərəqlər verilmiş tələbələr həmin suallar əsasında imtahan verərək, qiymətlərini alırlar. İşin başqa bir «orjinal» tərəfi isə yığılan pulların harada və necə alınması ilə bağlıdır. Jam.az-a verilən məlumatda vurğulanır ki, 1 saylı Bakı Tibb Kollecinin direktoru müavinindən yığılan pulları 5 saylı Xəstəxananın yaxınlığında bir yerdə alır. Maraqlıdır, sözügedən təhsil ocağı Olimpin yanında yerləşdiyi halda, niyə müavini ilə görüş Nərimanov rayonuna təyin edilir? Yəqin, bunda da bir hikmət var.
Qeyd edək ki, 1 saylı Bakı Tibb Kollecinin adı hələ bir xeyli əvvəl daha bir xoşagəlməz olaya qarışmışdı. Belə ki, kollecin müəllimlərindən biri təhsil ocağında fahişəxana açıbmış. Açıq şəkildə intim xidmətlər təklif olunurmuş. Lakin işin üstü açıldığında direktor Nəriman Mövsümov vəziyyətdən çıxmaq üçün mətbuata açıqlama vermək məcburiyyətində qalıb. O açıqlamasında vurğulayıb ki, belə bir hal yaşanıb, amma bu işlə məşğul olan müəllimə işdən azad edilib. «Bu məsələnin üstü vaxtında açıldığından cinayət əməli baş verməyib. Biz bu hərəkətlərinə görə müəlliməni işdən kənarlaşdırdıq».
Direktorun sözlərinə görə, kollecdə araşdırma aparılıb və məlum olub ki, tələbələrdən heç kəs müəllimənin «toruna» düşməyib.
Lakin bəzi qaynaqlar iddia edirlər ki, Nəriman Mövsümovun məsələdən xəbəri olub. Amma işin üzəri açıldığından bu işlə məşğul olan müəlliməni güdaza verib. Və işi bu şəkildə ört-basdır edərək, gündəmdən çıxarıblar.
Redaksiyadan: Qarşı tərəfi də dinləməyə hazırıq.