Təhsil və səhiyyə rəzaləti:2 saylı Bakı Baza Tibb Kollecində
Xeberinfo.com: İnsanların taleyi faktiki olaraq naşı tibb işçilərinin əlindədir. Əlbəttə bunu bütün tibb işçilərinə aid etmək doğru olmazdı
Amma fakt odur ki, tibb işçilərinin əhəmiyyətli hissəsi işlərinə ya məsuliyyətsiz yanaşır, ya da ümumiyyətlə üzərlərinə götürdükləri vəzifəni icra etmək bacarığına malik deyillər.
Bunun da başlıca səbəblərindən biri təhsillə bağlıdır. Məsələn götürək 2 saylı Bakı Baza Tibb Kolleci barədə dəfələrlə mətbuatda tənqidi materiallar dərc olunub. Lakin kollecin direktoru Dilarə Məmmədəliyeva tənqidlərdən nəticə çıxarmır. Bu kollec təhsil ocağından daha çox işədüzəltmə bürosunu xatırladır.
Hələ bir müddət əvvəl mətbuatda gedən məlumatlardan birini cumhuriyyet.az olaraq xatırladaq ki, kollecin rəhbərliyində təmsil olunan şəxslərdən biri vətəndaşdan külli miqdarda pul alaraq onu Səhiyyə Nazirliyinə tabe olan hansısa dövlət xəstəxanasına baş həkimin müavini vəzifəsinə düzəldəcəyilə bağlı söz verib, deyilirdi ki, vətəndaş tələb olunan məbləği ödəsə də, qarşı tərəf vədinə əməl etməməklə bərabər, aldığı pulu da geri qaytarmaq istəmir. İndi isə müraciət edən mənbə həmin şəxsin məhz kollecin direktor Dilarə Məmmədəliyeva olduğunu iddia edir. Həmin hadisələrdən kifayət qədər vaxt keçsə də, redaksiyamıza daxil olan yeni məlumatlardan belə qənaətə gəlmək olur ki, kollecdə köhnə problemlər bu gün də öz aktuallığını qoruyub saxlayır. Məlumatlarda göstərilir ki, 2 saylı Tibb Kollecində elə əvvəllər olduğu kimi, bu gün də qiymətləndirmə zamanı tələbələrin savadından daha çox, onların maddi durumlarına fikir verilir.
Adı çəkilən kollecdə hökm sürən ab-hava burada tədrisin müasir tələblərə cavab verməməsinə, tələbələrə gəlir mənbəyi kimi baxılmasına səbəb olur. Dərəbəylik o həddə çatıb ki, imtahanlar zamanı tələbələr ancaq necə pul tapmaq, semestri başa vurmaq haqqında düşünürlər. Bütün bunlarla bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalar zamanı əldə etdiyimiz məlumatlarıdiqqətinizə çatdırırıq: “Təbii ki, belə şəraitin yaranmasında kollecin direktoru Dilarə Məmmədəliyevanın “xüsusi əməyi” qeyd olunmalıdır. Məhz onun rəhbərliyi dövründə kollecdə rüşvət özünün çiçəklənmə dövrünə qədəm qoymuşdur. Redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, imtahan sessiyaları zamanı tələbələrə əsl divan tutulur. Burada əsas meyar heç də bilik yox, tələbənin maddi durumu hesab edilir. Bir imtahan sessiyasının başa çatması hər bir tələbəyə minimum 800-1000 manata başa gəlir.
Məlumatlarda bildirilir ki, tələbələrdən pul toplanılması təkcə imtahan sessiyası ilə bitmir. Dərsdən yayınma hallarına görə də xüsusi “cəza məbləği” vardır. Ümumiyyətlə haqqını ödəyib dərsə gəlməyən tələbələr də çoxdur. Belələri direktorun “xüsusi qazanc” mənbəyi hesab olunur.
Kollec direktoru Dilara Məmmədəliyeva sözügedən təhsil ocağından şəxsi əmlakı kimi istifadə edir.Yaranmış vəziyyət təkcə tələbələrin deyil, müəllimlərin də narazılığına səbəb olur. Direktor kollecdə elə vəziyyət yaradıb ki, müəllimləri bir-birinə düşmən edib. Verilən məlumata görə, müəllimlərə dərslər nəyinsə müqabilində bölünür. Hansı müəllim dərs saatını çox istəyirsə, mütləq kollec direktorunu “görməlidir”. Əks təqdirdə, həmin müəllimlərin dərs saatı azaldılır. Bu da müəllimlər arasında narazılığa səbəb olur. Həmçinin hər ay müxtəlif adlar altında pul toplanması istər tələbələrin, istərsə də müəllimlərin səbrini daşdırıb”.
Lakin, hamıya məlum olan bu faktlar nədənsə aidiyyatlı dövlət qurumlarına sanki məlum deyil. Onlar Dilarə Məmmədəliyevanın təhsil və səhiyyə sistemlərinə eyni vaxtda göstərdiyi “xidmətlərdən” çox razı görünürlər. Bu “razılığın” nədən qaynaqlandığını isə D. Məmmədəliyeva və səlahiyyət sahibləri daha yaxşı bilirlər. Biz isə təkcə onu bilirik ki, xalqın gələcəyini kimlərinsə maraqlarına qurban vermək ən böyük cinayətdir.
Sabah bu tələbələr hansısa tibb ocağında işləyəcək və bu tələbərin prezidentin qeyd etdiyi nöqsanlar aktuallığını qoruyub saxlayacaq. Hər halda Dilarə Məmmədəliyevanın prezidentin tənqidlərindən nəticə çıxaracağı inandırıcı görünmür. Onun himayədarları isə hələki direktoru qorumağı bacarır. Görəsən onun himayədarları kimlərdir?