“Ekol Mühəndislik Xidmətləri” QSC-də qanunsuzluqlara yol verən vəzifəli şəxslər SOCAR-da kimə arxalanır -İLGİNC FAKTLAR
Yenixeber.org: Hələ iyul ayının əvvəllərində “Bakı Ağ Şəhər” layihəsi çərçivəsində neftlə çirklənmiş torpaqların təmizlənməsi ilə bağlı geniş məqalə yaymışdıq. Məqalədə sözügedən ərazilərdə neftlə çirklənmiş torpaqların təmizlənməsi işlərini “Ekol Mühəndislik Xidmətləri” QSC-nin sifarişləri əsasında həyata keçirildiyini qeyd etmişdik.
Bir daha xatırlatmaq istərdik ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (51%) və xarici investor “Lancer Services S.A.” Şirkətinin (49%) pay iştirakı ilə 01.03.2006-cı il tarixində təsis edilmiş “Ekol Mühəndislik Xidmətləri” QSC 2010-cu ildən başlayaraq paytaxtımızda “Bakı Ağ Şəhər” layihəsinin icrasına qoşulub. Bu nəhəng layihənin iştirakçısı olaraq QSC “Yaşıl ada” ərazisinin köhnəlmiş neft sənaye obyektlərindən neft şlamının çıxarılması, anbarlaşdırılması və ərazidəki neftlə çirklənmiş torpaqların təmizlənməsi işlərini yerinə yetirir. QSC ərazidə neftlə çirklənmiş torpağın çıxarılaraq poliqona daşınmasını, yerinə münbit torpaq doldurub yaşıllıqların salınmasını indi də təmin edir.
Qeyd edək ki, ötən yazılarda keçən il QSC-nin Ağ şəhərdə çirklənmiş torpaqların təmizlənməsini işlərini “EL-85” Məhdud Məsuliyyətli Cəmiyyətinə verdiyini qeyd etmişdik. MMC-nin sözügedən işləri tenderdə udduğunu da yazmışdıq. Lakin dövlət satınalmalarının vahid internet portalında “Ekol Mühəndislik Xidmətləri” QSC-nin sözügedən tenderlə bağlı heç bir məlumat olmadığı da tərəfimizdən aşkarlanmışdı.
Qeyd edək ki, “EL-85” MMC-nin fəaliyyət sferası barədə açıq mənbələrdə heç bir məlumat yoxdu. MMC-nin maddi texniki bazası, işçi qüvvəsi barədə də həmçinin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Lisenziyaların və icazələrin vahid reyestri məlumatlarında MMC-nin tələb olunan lisenziya və icazələri haqqında da heç bir məlumat yoxdu.
Yalnız Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “EL-85 Məhdud Məsuliyyətli Cəmiyyətinin 21.10.2022-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, ƏHMƏDLİ ŞTQ, 2-Cİ ZEYTUN SOVXOZU , ev 143, m. 2, qanuni təmsilçisi kimi isə Qasımov Elqayıt Nurəddin oğlu qeyd olunub.
Göründüyü kimi “Ekol Mühəndislik Xidmətləri” QSC 2023-cü ildə bir əvvəl dövlət qeydiyyatına alınmış bir MMC-yə milyonlarla manat dəyəri olan dövlət sifarişi verib ki, bu da qanunla yolverilməzdir. “Ekol Mühəndislik Xidmətləri” QSC satınalma prosedurunda “EL-85” MMC-nin son 5 ildə analoji işlərdəki təcrübəsini, maliyyə və texniki imkanlarını nəzərə almadan müqavilə bağlamışdır ki, nəticəsi göz önündədir.Redaksiyanın əldə etdiyi məlumata görə “EL-85” Məhdud Məsuliyyətli Cəmiyyəti Ağ şəhərdə çirklənmiş torpaqların təmizlənməsini işlərini heç də yüksək səviyyədə həyata keçirməyib. Hazırda MMC-nin təmizləyərək üstünü torpaqla örtdüyü yerlərdən yenidən neft tullantıları çıxır ki, bu da məcburən dənizə axıdılır. Bu isə ərazidə çirklənmiş torpaqların yenidən təmizlənməsini tələb edir. Bütün bunları Ağ şəhərdə, Bakı Mariott Hotelin ətrafında həyata keçirilmiş işlərdən görmək olar. Redaksiyamıza yeni verilən fotofaktlarda isə “EL-85” Məhdud Məsuliyyətli Cəmiyyəti Ağ şəhərdə çirklənmiş torpaqların təmizlənməsini işlərini heç də yüksək səviyyədə həyata keçirmədiyini bir daha sübut edir.