Gənclər Kitabxanasında şübhəli satınalma - Təmiri aparan kimdir?
Yenixeber.org: Smetası 13.000 manat olan bu satınalmada "SAFFİR - LL" Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib.
"SAFFİR - LL" MMC Gənclər Kitabxanasının "qeyri yaşayış sahəsinin təmiri" lotu üzrə sifarişçi olduğu 69622 nömrəli satınalmanın elanından 15 gün əvvəl dövlət qeydiyyatına alınıb.
"SAFFİR - LL" MMC-nin hüquqi ünvanı qeyri-dəqiqdir - Saatlı şəhəri, M.Əliyev küçəsi ev 5, mənzil 0.
Şirkətin qanuni təmsilçisi Əliyev Xəyyam İlham oğludur.Satınalma müqaviləsinin şərtlərinə görə "SAFFİR - LL" MMC Gənclər Kitabxanasında 1339 m2 sahədə divardakı çatları əl ilə təmizləməli, tavanın 428 m2 sahəsi suyadavamlı emulsiya ilə rəbgləməli, 50.9 m2 tavanda çat vermiş suvağı əl ilə dağıtmalı, metal tor çəkməli və 3.5 sm qalınlığında sement qum məhlulu qarışığı ilə suvamalıdır. Eyni zamanda şirkət Gənclər Kitabxanasında 6.3 m2 döşəmədə aşınmış laminat, dikt və taxta reykaları əl ilə sökməli, 8 mm ölçüdə laminatla yeniləməlidir.
On manat nizamnamə kapitalı olan "SAFFİR - LL" MMC-nin müvafiq lisenziyaları, maddi-texniki bazası, əmək müqaviləsi ilə çalışan işçi qüvvəsi, mühəndis heyəti və faktiki ünvanı barədə açıq internet resurslarında məlumat yoxdur.
Lisenziyaları, maddi-texniki bazası, əmək müqaviləsi ilə çalışan işçi qüvvəsi və mühəndis heyəti barədə açıq internet resurslarında heç bir məlumat olmayan, sifarişçi təşkilatın - Gənclər Kitabxanasının satınalma elanından 15 gün əvvəl dövlət qeydiyyatına alınan "SAFFİR - LL" MMC-nin hansı meyarlara əsasən qalib elan edilməsi bir sıra suallara yol açır.
Fəaliyyəti ilə bağlı açıq internet resurslarında heç bir məlumat olmayan, hüquqi ünvanı qeyrid dəqiq olan və satınalma elanından 15 gün əvvəl dövlət qeydiyyatına alınan "SAFFİR - LL" MMC-nin Gənclər Kitabxanasında bu işləri hansı resurslar hesabına aparacağı ilə bağlı məlumat yörənmək istədik. Lakin Gənclər Kitabxanası bu barədə məlumat vermədi.
Respublika Gənclər Kitabxanasının fəaliyyəti ilə bağlı Hesablama Palatasından da mövqe öyrəndik.
Hesablama Palatasının informasiya məsələləri üzrə məsul şəxsi Tamerlan Yusifzadənin açıqlamasında deyilir: "Azərbaycan Respublikası Hesablama Palatası tərfindən 2022-2023-cü illərdə Respublika Gənclər Kitabxanasında audit həyata keçirilməmişdir".
Qeyd edək ki, Respublika Gənclər Kitabxanası 1928-ci ildən fəaliyyətə başlayıb. 1937-ci ildə Respublika Gənclər Kitabxanasına tanınmış dramaturq Cəfər Cabbarlının adı verilib.
Kitabxanada yeddi şöbə, bir oxu zalı fəaliyyət göstərir.
Xatırladaq ki, Respublika Gənclər Kitabxanasının direktoru Aslan Cəfərovdur. O, 2022-ci ilin yanvar ayında bu vəzifəyə təyin edilib.(Qlobal.az)
Cahandar Laçınlı