BEYNƏLXALQ BANK UĞRUNDA MÜBARİZƏ
“Oliqarxqeyt” istintaqından yeni xəbərlər və...; İddiaçılar sırasında nazir müavinin kürəkəni də var; Ölkədən qaçmış “Hafka”nın 1 milyard avro saxladığı bank hesabı axtarılır...
"Xeberinfo.com": Beynəlxalq Bankdan götürülən kreditlərin mənimsənilməsi ilə bağlı başlanmış cinayət işi çərçivəsində yeni həbslərə start verilməsi iqtidarın bu məsələdə heç kimə güzəştə getməyəcəyini bir daha göstərdi. Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevlə də bağlı iqtidarın yaxın vaxtlarda qəti qərar verəcəyi və böyük ehtimalla həbsinin rəsmiləşəcəyi gözlənilir.
Xəbərlərə görə, Beynəlxalq Bankın İdarə Heyətinə sədr təyinatı ciddi tərəddüdlər səbəbindən ləngiyir. Hələ aprel ayında “PaşaBank”ın sədri Fərid Axundovun Beynəlxalq Banka rəhbər təyin edilməsi barədə xəbər yayılmışdı. Amma sonradan bu xəbər təsdiqlənmədi.
“Banklar haqqında” Qanunun tələblərinə əsasən, İdarə Heyəti sədrinin vəzifəyə təyin və azad olunması məsələləri səhmdarların ümumi yığıncağının səlahiyyətlərinə aiddir. Amma artıq 3 aydır ki, bu toplantının keçirilməsi yubanır. İdarə Heyətinin sədri vəzifəsini isə müvəqqəti Emil Mustafayev icra edir.
Redaksiyamıza verilən məlumata görə, Beynəlxalq Bankın rəhbərliyi uğrunda indi ciddi mübarizə gedir. Emil Mustafayev çox gəncdir və ona Beynəlxalq Bankın rəhbərliyinin tapşırılması az ehtimal olunur. O, bankın İdarə Heyətinə cəmi iki il əvvəl gətirilib. Beynəlxalq Banka rəhbərlik uğrunda mübarizədə indi daha çox üç baş direktorun-Fuad İslamov, Elmir Həbibullayev və Akif Əliyevin adı hallanır. Redaksiyamıza məlumat verən mənbə deyib ki, F.İslamov uzun illərdir Beynəlxalq Bankda çalışır.
Kredit xətlərinin, akkreditivlərin, qarantiyaların açılması və rəsmiləşdirilməsi birbaşa onun nəzarəti altında həyata keçirilib. Məlumdur ki, “Beynəlxalq Bank işi” çərçivəsində verilmiş kreditlərin əksəriyyəti də akkreditiv və qarantiyalar formasında rəsmiləşdirilib. Mənbə deyib ki, Cahangir Hacıyevin biznes imperiyasının və şirkətlərinin maliyyələşdirilməsi üçün xarici maliyyə-kredit təşkilatlarından vəsaitlərin cəlb edilməsi birbaşa F.İslamov tərəfindən icra olunub. O, Cahangir Hacıyevin biznesinin incəliklərini bilən ən yaxın adamlarından sayılır. Bu xidmətləri müqabilində Cahangir Hacıyev ona geniş maddi imkanlar yaradıb.
Mənbə deyib ki, onun hakimiyyətdə də ciddi dəstəkçiləri var və onların köməyi ilə Fuad İslamovun yaxınlarda daha yüksək vəzifəyə, hətta Beynəlxalq Bankın sədri vəzifəsinə təyin olunması gözlənilir.
Elmir Həbibullayev isə fiziki şəxslərlə iş üzrə məsul baş direktordur. Eyni zamanda fiziki şəxslərə kreditlərin verilməsi onun nəzarəti altında həyata keçirilir. Məlum olduğu kimi, Cahangir Hacıyevin şirkətlərində çalışan minlərlə əməkdaşların adına bir çox hallarda onların xəbəri olmadan milyonlarla kredit rəsmiləşdirilib.
Elmir Həbibullayev maliyyə nazirinin birinci müavini İlqar Fətizadənin kürəkənidir. Onun da Beynəlxalq Bankın rəhbəri və ya İdarə Heyəti sədrinin 1-ci müavini təyin olunması gözlənilir. İ.Fətizadə hələ AXC iqtidarı dövründən-1992-ci ilin aprel ayında maliyyə nazirinin müavini işləyib. Həmin ilin dekabr ayında isə Dövlət Sosial Müdafiə Fondu sədrinin birinci müavini vəzifəsinə təyin olunub. 1999-cu ildən isə maliyyə nazirinin birinci müavinidir.
Akif Əliyev də Cahangir Hacıyevin ən yaxın adamlarından biridir. Uzun müddət kredit komitəsinin sədri vəzifəsində çalışıb. İri kreditlərin rəsmiləşdirilməsi onun nəzarəti altında aparılıb. Cahangir Hacıyevin biznesinin kreditləşməsinin icrasına birbaşa o nəzarət edib.
***
Beynəlxalq Bank işi ilə bağlı istintaqa gəlincə, məlumatlara görə, indi əsas diqqət ölkədən qaça bilmiş bir neçə nəfərin axtarışına yönəlib. Beynəlxalq Bankdan çox böyük həcmdə kredit götürüb qaytarmayanlardan biri, üstəlik də müəmmalı şəkildə ölkəni tərk etmiş “Hafka” kimi tanına iş adamı Hafiz Məmmədovdur. İddialara görə, indi onun axtarışı və həbsi üçün ciddi iş gedir. Məlumdur ki, banka bir neçə 100 milyon manat borcu olan “Hafka” aldığı krediti qaytarmadığına görə Beynəlxalq Bank tərəfindən hətta məhkəməyə də verilib. Hafiz Məmmədov Beynəlxalq Bankdan 100 milyonlarla manat krediti 2008-ci ildə yaratdığı “Baghlan Group” holdinqin adına götürüb. Bugünlərdə isə məlum olub ki, “Hafka” İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fonduna da külli miqdarda borclanıb. Bu səbəbdən də fond onun rəhbərlik etdiyi “Bank of Azerbaijan”ı məhkəməyə verib. İddiaya səbəb bankın SKMF-dən cəlb etdiyi vəsaiti geri qaytarmamasıdır. Buna görə də “Bank of Azerbaijan”dan həm kredit, həm də faiz və cərimə borcları tələb olunur. Amma söhbətin konkret hansı məbləğdən getdiyi açıqlanmır.
İqtidar Londonda olduğunu deyən, amma Avropanın başqa bir şəhərində gizlənən H.Məmmədovun Avropa banklarındakı hesablarını da axtarır. Xatırladaq ki, bir müddət əvvəl Fransanın “France Fotball” nəşri “Hafka”nın Avropa banklarının birində “qarantiya altına alınmış” hesabda 1 milyard avrosu olduğunu yazmışdı. Mümkündür ki, H.Məmmədovun ölkədə olduğu müddətdə həbs edilməməsinin səbəbi onda həqiqətən bu qədər pulun olub-olmadığını dəqiqləşdirmək, varsa müxtəlif vasitələrlə ölkəyə qaytarmasını, ən azı banklara olan borcunu bağlamasını təmin etmək olub. Ancaq görünür, ya bu məlumat doğru çıxmayıb, ya da H.Məmmədovun xoşluqla ölkəyə pul qaytarmayacağına əminlik yaranıb ki, onun axtarışına qərar verilib.
Bu arada o da məlum olub ki, “Atletiko” daha oyunlara üzərində “Land of Fire Azerbaijan” (“Odlar Yurdu Azərbaycan”), qısa bir dövrdə isə “Baku-2015" yazılı formalarla çıxmayacaq. Həmin layihənin müəllifi Hafiz Məmmədov idi. Görünür, H.Məmmədov indi öz hayında olduğu üçün ”Atletiko" ilə əməkdaşlığı dayandırmaq məcburiyyətində qalıb.
“Yeni Müsavat”