Yenixeber.org: İki həftə əvvəl Kənd Təsərrüfatı Nazirliyinin (KTN) “Azəraqrar” Dövlət İstehsalat və Emal Birliyinin tabeçiliyində fəaliyyət göstərən Mərkəzi Aran Regional İdarəsinin direktoru vəzifəsinə adı bir sıra korrupsiya və dələduzluq əməllərində hallanan Zamin Məmmədov adlı şəxsin təyin ediləcəyi gözləntisi barədə məlumat yayımlamışdıq.
Zamin Məmmədov kənd təsərrüfatı naziri İnam Kərimovun 1 iyun 2021-ci il tarixli əmri ilə artıq adıçıkilən qurumun direktoru vəzifəsində işə başlayıb.
Nazirin bu təyinatı bir daha təsdiqlədi ki, KTN-də “islahatlar”, sadəcə, nazirin şəxsi maraqlarına uyğun qaydada həyata keçirilir.
Redaksiyamıza daxil olan məlumata əsasən, yeni iş yerinə 10-KK-100 seriyalı son model “Land Rover” markalı avtomobili ilə gələn Zamin Məmmədov özü barəsində məmur yox, əsl oliqarx təəssüratı yaradıb.
Yeni direktor Beyləqandakı Dövlət Aqrar-İnkişaf Mərkəzinin (DAİM) binasında işçilərlə qısamüddətli söhbətdən sonra təcili Bakıya gedəcəyini və paytaxtda yeni tikdirdiyi obyektinin inşasını tamamlayıb geri qayıdacağını bildirib.
İddialara görə, “Azəraqrar” Dövlət İstehsalat və Emal Birliyinin direktoru Fəda Abbasov ilk günlər Zamin Məmmədovun o vəzifəyə təyin olunmasına qarşı çıxsa da, indi mövqeyini 180 dərəcə dəyişərək, öz müavini Rövşən Əliyevi yeni direktorun “əmri”nə verib. Abbasovun bu “kəskin dönüşü”nün səbəbi isə onun və ətrafının Zamin Məmmədova “yağlı tikə” kimi baxması ilə əlaqələndirilir.
“Azəraqrar”ın dəhlizlərində dolaşan məlumatlarda o da iddia edilir ki, Zamin Məmmədov artıq Fəda Abbasov və ətrafı üçün onların xəyal belə edə bilməyəcəkləri səviyyədə təmtəraqlı məclislər təşkil edib.
Saytımıza verilən başqa bir məlumatda isə qeyd edilir ki, Zamin Məmmədovun “əsas adamı” sayılan Vaqif İsmayılov və onun çevrəsindəki şəxslər Mərkəzi Aran Regional İdarəsinin “gözdən uzaq, könüldən iraq” ərazilərində yerləşən münbit torpaqların siyahısını tutmağa başlayıblar. Bunda əsas məqsəd gələcəkdə dövlətin yüz hektarlarla torpaq sahələrini əkərək, yaxşı qazanc əldə etməkdir.
Məlumatda iddia edilir ki, Mərkəzi Aran Regional İdarəsinin münbit torpaqlarında gözü olan məmurlardan biri də Zamin Məmmədovun “əmri”nə verilən “Azəraqrar” direktorunun yeni müavini Rövşən Əliyevdir. Bu, həmin Rövşən Əliyevdir ki, uzun müddət işlədiyi İmişli Şəkər Zavodundan yol verdiyi ciddi nöqsanlara görə qovulub.
“Azəraqrar” Dövlət İstehsalat və Emal Birliyində son vaxtlar gerçəkləşən bəzi təyinatlar isə qurumun yeni direktoru Fəda Abbasovun “ona pul qazandıra biləcək kadrları” yanına çəkdiyinə dair iddiaların ortaya çıxmasına yol açıb.(yenicag.az)