Polkovnik İsa Sadıqov erməni nazirdən 500 nəfərə silahı niyə istəmişdi?
Azərbaycan müdafiə nazirinin keçmiş müavini, hazırda Norveçdə mühacirətdə olan polkovnik İsa Sadıqovun adı növbəti dəfə Ukraynanın şərqində baş verənlər kontekstində hallanır. Rusiya və Ukrayna mənbələrində, həm də fərqli formalarda...
"Xeberinfo.com": Virtualaz.org saytı xəbər verir ki, Ukraynanın glavcom.ua portalı polkovnik Sadıqovun ötən il Kiyevdə daxili işlər naziri, keçmiş Bakı ermənisi Arsen Avakovla görüşündən yazır.
Doğrudur, sayt texniki səhvə yol verib və İsa Sadıqovu “Azərbaycan ordusunun keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıqov” kimi təqdim edib.
Lakin dərhal anlaşılır ki, söhbət Azərbaycan Silahlı Qüvvələrinin indiki Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqovdan yox, mühacirətdə olan polkovnik Sadıqovdan gedir. Çünki bildirilir ki, Sadıqovun Ukraynanın şərqində rusiyameylli separatçılara qarşı döyüşmək üçün könüllülərdən, o cümlədən çeçenlərdən formalaşdırılan Cövhər Dudayev adına batalyonun qərargah rəisi olması təklifi irəli sürülmüşdü. Bu təklifin müəllifi məşhur çeçen səhra komandiri, “briqada generalı” İsa Munayev idi.
Məlumata görə, Sadıqov Avakovla görüşündə “istənilən vaxt Ukraynanın müdafiəsinə qoşulmağa hazır olan” 500 azərbaycanlı könüllü üçün silah-sursat istəyib. Lakin Ukrayna daxili işlər naziri azərbaycanlı könüllülərin köməyinə ehtiyac olmadığını bildirib. Həmçinin İsa Munayevin polkovnik Sadıqovun Dudayev adına batalyonda qərargah rəisi olması təşəbbüsü Ukrayna rəhbərliyi tərəfindən dəstəklənməyib.
İsa Munayev bu ilin əvvəllərində Donbasda gedən döyüşlərdə həlak olub. Onun yerini Putinə sui-qəsddə ittiham olunaraq həbs edilən, Yanukoviçin devrilməsindən sonra azadlığa çıxan Adam Osmayev tutub. Osmayev Kiyevdə glavcom.ua saytının redaksiyasına gedərək batalyonun fəaliyyəti və digər mövzularda müsahibə verib.
Qeyd edək ki, polkovnik İsa Sadıqovun Dudayev adına batalyonun qərargah rəisi olduğu haqda informasiya hələ ötən ilin yayında dövriyyəyə buraxılmışdı. Lakin sonradan məlum oldu ki, İsa Sadıqov Ukraynanın şərqində gedən döyüşlərdə iştirak etmir, əvvəlki kimi Norveçdədir. Hərçənd ki, Sadıqov mətbuata müsahibələrində İsa Munayevlə təmaslarının olduğunu təsdiq edirdi.
Buna baxmayaraq Rusiya mənbələrində Sadıqovun adı bir neçə dəfə “Dudayev batalyonun qərargah rəisi” kimi hallanıb. Rusiyalı müxalif siyasətçi Boris Nemtsovun qətlinin də onun “qərargah rəisi olduğu” batalyonun komandiri tərəfindən təşkil edildiyinə dair iddialar irəli sürülüb.
Rusiya KİV-ləri İsa Sadıqovun adını hələ də bu kontekstdə hallandırır. Bu gün martın 23-də RenTV-nin “Voennaya tayna” (“Hərbi sirr”) proqramı Dudayev adına batalyona və “dünyanın hər yerindən gələn terrorçuların” Ukraynanın şərqində gedən döyüşlərdə iştirakına dair araşdırmaya həsr olunub.
Proqramda deyilir ki, Dudayev adına batalyonun tərkibində radikal islamçılar, Çeçenistandakı müharibədə Rusiyaya qarşı döyüşənlər və digər bu kimi elementlər yer alır.
“Budur, həmin batalyonun könüllülərindən bir neçəsinin adları. Nurəddin İsmayılov - islamçı “Boz qurdlar” batalyonunun keçmiş komandiri, 703-cü briqadanın tərkibində Azərbaycan tərəfdən Dağlıq Qarabağda vuruşub. İsa Sadıqov, 90-cı illərdə Azərbaycan müdafiə nazirinin müavini olub, sonra beynəlxalq axtarışa verilib. Buna baxmayaraq İsa Sadıqov 2004-cü ildə Norveçdə məskunlaşıb, hazırda Norveç vətəndaşıdır və Dudayev adına batalyonun qərargah rəisidir” - deyə RenTV bildirir.
Göründüyü kimi, Rusiya telekanalı dəhşətli “hərbi sirri”i açıb - yaşı 60-ı haqlamış Qarabağ veteranı, keçmiş “Boz qurd”çu N.İsmayılovu da Ukraynanın şərqində gedən döyüşlərin iştirakçısı kimi təqdim edib.
Açıq-aydın görünür ki, Dudayev adına batalyon və İsa Sadıqovun adının bu batalyonla bağlı hallanması Rusiya təbliğatına Ukraynanın tərəfində “beynəlxalq terrorçuların, radikalların və müxtəlif kriminal elementlərin döyüşdüyünü” sübut etmək üçün fürsət verib.
Virtualaz.org