"Ermənistan dövlət səviyyəsində terroru dəstəkləyir" -Deputat
"Avropa qurumları, Avropa Şurası və AŞPA terrorizmə qarşı mübarizədə ikili standartlara yol verməməlidir, bundan əl çəkilməlidir".
Yenixeber.org: Bunu millət vəkili Qənirə Paşayeva AŞPA-da çıxışı zaman deyib.
O, Ermənistanın dövlət səviyyəsində terroru dəstəklədiyini bəyan edib və terrorçuları qəhrəman elan edib, heykəllər qoyan bu ölkəyə qarşı ciddi addımlar atmağa çağırıb:
“Avropa Şurasına üzv ölkələrdə insanlar terrör hadisələrinin artmasından son dərəcə narahatdır. Ermənistan dövləti tərəfindən dəstəklənən çoxlu sayda terror aktlarından əziyyət çəkmiş bir ölkənin təmsilçisi olaraq, sizə bunu söyləmək istəyirəm. Avropa qurumları, Avropa Şurası və AŞPA terrorizmə qarşı mübarizədə ikili standartlara yol verməməlidir, bundan əl çəkilməlidir. Harada, kimlər tərəfindən, kimlərə qarşı törədilməsindən asılı olmayaraq, etnik və dini ayrı-seçkilik etmədən Avropa, Avropa Şurası və AŞPA terrora qarşı sərt mübarizə aparmalıdır. Getdikcə daha da artan terror hadisələri ilə, terrorizmlə nə zaman daha effektiv mübarizə apara bilərik? Terror törədənlərə, onu təşkil edənlərə, dəsətəkləyənlərə qarşı birgə, ikili standartlara yol vermədən mübarizə apardığımız zaman. Bu məsələdə ikili standartlara yol verilməməlidir və Avropa ölkələri bundan imtina etməlidir".
Deputat qeyd edib ki, Azərbaycanda bir neçə il əvvəl Ermənistan dövləti tərəfindən dəstəklənən terror hadisələri baş verdi: "Metrolar, avtobuslar, qatarlar terror hadisələrinin hədəfi oldu. Çoxlu sayda insanımız həyatını itirdi, yaralandı və əlil oldu. Amma bu terror hadisələrini planlayanlar, təşkil edənlər Ermənistan dövləti tərəfindən himayə edildi, qorundu və bu hadisələrlə bağlı olan şəxslər orada gizlənirlər. Dünyada tanınan terrorist, ASALA terror təşkilatı liderlərindən Monte Melkonyan. Bu terrorist Azərbaycan torpaqlarının işğalında fəal rol oynayıb, o, azərbaycanlıların qətlə yetirilməsində birbaşa iştirak edib. Amma Ermənistan sivil insanları qətlə yetirən bu terror liderini Milli Qəhrəman elan etdi və ona abidə ucaltdılar. Təəssüf ki, yüzlərlə insanımız, uşaqlarımız Ermənistan tərəfindən dəstəklənən terrorun qurbanı olsa da, bizim səsimiz, çağırışlarımız burada, Avropa ölkələrində duyulmadı və biz terrorla mübarizədə sizdən yetərli dəstəyi ala bilmədik. Biz Parisdə, Londonda, Belçikada və ya Avropanın hər hansı bir yerində terrör hadisəsi baş verdiyində, bu terror hadisələrini hər zaman lənətlədik, sizinlə birlikdə üzüldük, terrorla mübarizədə yanınızda olduğumuzu bəyan etdik. Biz Avropa ölkələrindən də bizə qarşı törədilən terror hücumlarında eyni münasibəti gözləyirik və bu bizim haqlı çağırışımız, tələbimizdir. Avropa Azərbaycana qarşı göstərdiyi ikili standartları Türkiyəyə qarşı da göstərir. Türkiyə bir çox terror təşkilatlarına qarşı ciddi şəkildə mübarizə aparır. Türkiyə terrorla mübarizəsini eyni zamanda, insanlıq, Avropa üçün də edir".
O həmçinin vurğulayıb ki, Türkiyə terrorla mübarizədə çoxlu şəhidlər verir: "Bəzi Avropa ölkələri terrorla mübarizədə nəinki Türkiyəyə dəstək vermir, hətta qardaş ölkənin mübarizə apardığı terror təşkilatlarına dəstək verənlərə dəstək göstərirlər. Bu, qəbuledilməzdir və belə münasibətə son verilməlidir. Assambleyanı və üzv ölkələri terrorla mübarizədə Türkiyəyə daha çox dəstək verməyə çağırırıq. Bu, terrorla mübarizədə çox vacibdir".