Hərbi nazirlərin üçlü Moskva görüşündə mühüm detal:İrəvan əraziləri qaytaracaq
Rusiya konfliktin həllində tezliklə irəliləyişə nail olmasa, bunu onun yerinə başqa güc(lər) edəcək; Moskva İrəvanı silahlandırmaqla öz vəziyyətini çətinləşdirib, çünki...
Yenixeber.org: Dağlıq Qarabağ konflikti olduqca təhlükəli bir fazaya qədəm qoyub. Əksər siyasi və hərbi ekspertlər də son vaxtlar xüsusi olaraq vurğulayır ki, problemin həllində tezliklə ciddi dönüşə nail olunmasa, müharibə qaçılmaz olacaq. Müharibə isə təkcə Azərbaycan və Ermənistan arasında getməyəcək. Ona bir sıra regional və qlobal güclər də qoşulmalı olacaq. Başqa sözlə, münaqişəyə cəlb olunmuş bütün dövlətlərin regiondakı köklü maraqları böyük sınağa çəkiləcək.
Dağlıq Qarabağ problemi isə onun əsas memarı olan Rusiya üçün getdikcə məxsusi başağrısına çevrilməkdədir. Müşahidələr göstərir ki, şimal qonşumuz artıq ciddi bir Qarabağ dilemması ilə üzləşib və bu dilemma aybaay çətinləşməkdədir. Rusiyanın Qarabağ dilemması isə həm də Bakı ilə İrəvan arasında olan siyasi dilemmadır, siyasi seçim məsələsidir. Moskva üçün problem ondadır ki, o, nə Ermənistanı, nə də Azərbaycanı itirmək istəyir və hər ikisini öz təsir zonasında saxlamağa çalışır.
Lakin zaman ötdükcə bunu reallaşdırmaq, Bakı ilə İrəvan arasında “balansı” və mövcud status-kvonu saxlamaq müşkülə çevrilir. Bu da o anlama gəlir ki, Dağlıq Qarabağ düyünü yaxın zamanlarda mütləq açılmalı, üstəlik, məhz Kreml bu prosesə real töhfə verməlidir. Çünki konfliktin həllinə onun təsir rıçaqları hələ ki heç bir başqa vasitəçi dövlətdə yoxdur. Əks halda, Qarabağ ətrafında situasiya Rusiyanın iradəsi altında olmayan məcrada inkişaf tapa, Moskva problemə olan-qalan təsir imkanlarından da məhrum ola, münaqişənin həlli başqa güclərin patronajlığı altına keçə bilər.
***
Heç şübhəsiz, bunu Moskva strateqləri də görür, bu yöndə təhlillər, hesablamalar aparırlar. Söhbət öncəliklə də regionda get-gedə daha da güclənməkdə olan Qərb (NATO) amilindən, bu amilin tərkib hissəsi kimi Türkiyə faktorundan gedir. Kreml sözsüz ki, bu qəbildən olan gəlişmələrin fərqindədir, onları diqqətlə izləyir və narahatdır.
Təsadüfi deyil ki, bu yaxınlarda Batumidə Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin üçlü görüşü Moskvada əməllicə qıcıq yaratdı. Narahatlıq isə əlbəttə ki, Ankara-Bakı-Tiflis üçlü formatının tək hərbi sahə üzrə deyil, bütövlükdə digər sahələrdə də ilbəil güclənməsindən dolayıdır. Yeri gəlmişkən, bu ay üç qonşu ölkənin birgə hərbi təlimləri də planlaşdırılır.
***
Maraqlıdır ki, Batumi görüşündən bir neçə gün sonra Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov MDB-nin Müdafiə Nazirləri Şurasının Moskva şəhərində keçirilən növbəti iclasına qatıldı. Görüşdən sonra isə Rusiya, Azərbaycan və Ermənistan müdafiə nazirlərinin xüsusi görüşü keçirildi. Siyasi təhlilçilər bu iki hadisə arasında müəyyən əlaqə görməklə yanaşı, diqqəti həm də Qarabağ məsələsində şimal qonşumuzun üzləşdiyi dilemmaya yönəldirlər.
“Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı tərəfdir. Çünki Azərbaycanla Ermənistanla arasında müharibə yenidən qızışsa, bu ilk növbədə Rusiyanın ziyanına olacaq. Ona görə də rəsmi Moskva tərəflərə müxtəlif mesajlar göndərir və bu məsələnin həlli üçün addımlar atır”. Bunu Rusiyanın təşəbbüsü ilə Azərbaycan və Ermənistan müdafiə nazirlərinin Moskvada baş tutan görüşünü şərh edən “Baku International Policy and Security Network” ekspert qrupunun rəhbəri, təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert, fəlsəfə doktoru Elxan Ələsgərov bildirib (milli.az).
Lakin onun sözlərinə görə, Ermənistan hər şeyini verib Rusiya ilə ağlasığmaz ittifaq yaratmaqla mövcud status-kvonu saxlamaq və münaqişənin həllinin uzanmasını istəyir. “Amma bu məsələ gec-tez həll olunmalıdır. Bunu hamı başa düşür, Ermənistandan başqa”, - deyə ekspert qeyd edib. Onun fikrincə, Moskvada keçirilən görüşdə bir neçə məsələ müzakirə olunub.
Ekspert onların arasında sensasion hesab edilə biləcək ehtimalın reallaşa biləcəyini də istisna etmir: “Ötən ilin aprel döyüşlərindən sonra Rusiya münaqişənin həlli ilə bağlı bir neçə təşəbbüslə çıxış edib. Belə ki, Azərbaycan və Ermənistan prezidentlərinin əvvəlcə Vyanada, sonra Sankt-Peterburqda görüşləri təşkil edilib. Azərbaycan və Ermənistanın müdafiə nazirlərinin indiki Moskva görüşü isə ilk növbədə cəbhə bölgəsində hərbi toqquşmaların qarşısını almağa yönəldilib. İkincisi, məncə, görüşün nəticələrinə əsasən, Ermənistan ordusu işğal etdiyi Azərbaycan ərazilərindəki hansısa mövqelərdən geri çəkilə və bəzi əraziləri geri qaytara bilər. Çünki bu, Azərbaycanın istəyi, tələbi və sülhə aparan yeganə yoldur”.
Ekspert onu da qeyd edib ki, Rusiyanın “İsgəndər” raketlərini Ermənistana verməsindən sonra İrəvan işğalçı siyasətində və işğal etdiyi Azərbaycan torpaqlarını boşaltmamaqda daha israrlı mövqe tutub. “Məhz bundan sonra Ermənistanın hərbi-siyasi rəhbərləri bir düyməni basmaqla Bakını hər an vura biləcəkləri ilə hədələməyə başladılar” - o əlavə edib.
***
Məsələdə Kremli çətinə salan amillərdən biri də elə Rusiyanın işğalçını silahlandırmaqda davam eləməsi, bununla da faktiki şəkildə özünün Qarabağ dilemmasını qəlizləşdirməsidir. Nədən ki, məhz “İsgəndər” tipli raketlər və döyüş sistemləri hesabına Ermənistan daha təxribatçı mövqe tutmağa başlayıb, ipə-sapa yatmır, hətta öz ağası Rusiyanın üzünə ağ olmağa özündə cürət tapır, “Lavrov planı”ndan, Madrid prinsiplərindən rəsmən imtina edir. Necə deyərlər, Kreml getdikcə öz “ərköyün övladı”nın daha böyük şıltaqlığı ilə üz-üzə qalmaqdadır.
Odur ki, tərəflərə silah verməkdən daha çox indi Rusiya üçün başqa prioritet aktuallıq kəsb edir: necə etməli ki, konfliktin həllində tezliklə irəliləyişə nail olub müharibə ehtimalını kəskin azaltmaq və bu zaman Azərbaycan və Ermənistanı öz yanında saxlamaq? Məhz bu sualın cavabından asılı olaraq da Moskvanın yaxın dövrü üçün Güney Qafqaza yönəlik strategiyasının mahiyyəti bəlli olacaq. Söhbət həm də Rusiyanın qardaş Türkiyə ilə birgə nə dərəcədə regiona yönəlik uzlaşdırılmış siyasət yürüdəcəyindən gedir.(Musavat.com)