Saatlının İcra başçısına qarşı daha bir ittiham
Sahibkar Ağavəli Həsənov Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siracəddin Cabbarovun qanunsuz əməllərinin əlindən boğaza yığılıb.
"xeberinfo.com" Virtualaz.org saytına istinadən xəbər verir ki, A.Həsənov bunu prezident İlham Əliyevə ünvanladığı məktubda yazıb. Məktubun bir surətini də bütün müvafiq dövlət və hökumət qurumlarına, habelə “Turan” agentliyinə göndərən sahibkar bildirir ki, S.Cabbarov 6 il əvvəl Saatlı RİH başçısı təyin olunduğu gündən bu günə qədər özünü rayonun sahibi, ağası kimi aparıb və onu bilərəkdən müflis etməyə çalışıb.
“Siracəddin Cabbarov rayona icra başçısı təyin olunduğu ilk günlərdə məni yanına çağıraraq aylıq haqq qoydu. Başçının tələbi belə idi ki, ona ayda 10 min manat verməli idim. Bundan imtina etdim. Ondan sonra problemlərim başladı. Bununla bağlı hüquq-mühafizə orqanlarına və hökumət qurumlarına dəfələrlə müraciət etdim. Amma hamı icra başçısının arxasında dayanan güclü adamlarından qorxduğu üçün heç bir tədbir görülmədi” deyə sahibkar yazır.
“Bolluq” ASC adlı firmanın sahibi olan A.Həsənovun sözlərinə görə, onun rayonun Novruzlu kəndində broyler sexi var. İcra başçısının əmri ilə onun sexinin pəncərələri kubik daşla hörülüb. Bundan sonra istehsal azalıb. Ötən ilin iyulunda isə icra başçısı buldozer göndərərək onun obyektini yerlə-yeksan etdirib (iş adamı prezidentə göndərdiyi məktuba həmin mənzərəni əks etdirən foroları da əlavə edib).
A.Həsənovun sözlərinə görə, inkubator sexi dağıdılandan sonra məhkəməyə müraciət edərək icra başçısından dəyən zərərə görə 200 min manat təzminat tələb edib. Amma bunun da nəticəsi olmayıb. İcra başçısı məhkəməyə, polisə və prokurora təzyiq edərək qanuni qətnamə çıxarılmasını əngəlləyib. İndi çarəsiz durumda olan sahibkar dövlət başçısından kömək istəyir.