Manat kimləri qurbanlıq edəcək?
Hökumətdə gözlənilən struktur dəyişikliyi nələr vəd edir: kimlər qalacaq, kimlər gedəcək?
İllərdir ki, beynəlxalq maliyyə qurumları (xüsusi ilə də Dünya Bankı) Azərbaycan hakimiyyəti qarşısında hökumətdə struktur dəyişikliyi məsələsini qaldırmaqdadır. İndiyədək bu, həlli vacib problem kimi dəfələrlə səslədirilsə də, susqunluq müşahidə olunurdu. Rəsmi Bakı ən yaxşı halda müxtəlif arqumentlərlə bu təkliflərin mənasızlığını əsaslandırmağa çalışırdı...
İslahatlar qaçılmazdır
Alınmadı, dünyada, yaxın qonşularımızda və ölkəmizdə yaşanan məlum hadisələr Azərbaycan hökumətində islahatları labüdləşdirdi. Başlıcası iki səbəbdən: Əvvəla siyasi hakimiyyət manatla bağlı məlum ajiotajı yatırmaq, cəmiyyətin diqqətini bu faktordan yayındırmaq üçün müəyyən addımlar atmaq zorundadır. Bu kütləyə təskinliklə bərabər, müəyyən ümüd də vermiş olar. Bir neçə nazirlik, komitə və ASC-ni birləşdirmək və eyni zamanda birmənalı ictimai rəyə malik olmayan hansısa birinci şəxsləri “vurmaq”la bu nəticəyə sahib olmaq mümkündür.
Digər tərəfdən, ictimai rəy öz yerində, de-fakto hökumət bu sayda aparatı saxlamaq gücündə deyil. Obrazlı desək, xərci borcun ödəmir. Elə son zamanlar müxtəlif büdcə təşkilatlarındakı kütləvi ixtisarların da bu səbəbdən qaynaqlanması sirr deyil.
Bütün bunlar hökumətdə müəyyən struktur dəyişikliyini zərurətə çevirdi. Artıq beynəlxalq təşkilatlarla bərabər, mətbuatın da ara-sıra toxunduğu bu məsələ müstəqil ekspert və hakimiyyətyönümlü deputatların da dilindən səslənir. Bir müddət əvvəl deputat Zahid Oruc yeni söz deyirmiş kimi, Milli Məclisin tribunasından hökumətdə islahatların vacibliyindən danışdı, hətta konkret təkliflər verməkdən də çəkinmədi. Cənab Zahid Oruc İqtisadiyyat və Sənaye Nazirliyinin Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Dövlət Qulluğu Məsələləri üzrə Komissiya İlə, Meliorasiya və Su Təsərrüfatı ASC-nin Kənd Təsərrüfatı Nazirliyi ilə birləşdirilməsi kimi təkliflər səsləndirdi. Məlum siyasi reallıqlara bələd olanlar üçün hörmətli deputatın bu təşəbbüsdə bulunması birmənalı qarşılanmadı. Bunu Zahid müəllimin öz ağılının məhsulu, şəxsi təşəbbüsü saymaq çətindir.
“Döyüşə” nazirlər gedir
Bu arada əksəriyyəti düşündürən başlıca sual hansı strukturun Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin, hansı nazirin isə Qərib Məmmədovun taleyini yaşayacağı ilə bağlıdır. Öncə qeyd edim ki, gözlənilən və zəruri olan dəyişiklik Zahid Orucun məlum siyahısı ilə yekunlaşmır. Vergilər və Maliyyə nazirlikllərinin və Dövlət Gömrük Komitəsinin bir qurumda birləşməsi də mümkündür. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi və Dövlət Sosial Müdafiə Fondu da eyni siyasəti-dövlətin sosial siyasətini həyata keçirir. Bəzi güc nazirliklərində də eyni funksiyaya malik idarələr var. Mədəniyyət və Turizm Nazirliyi və Gənclər və İdman Nazirlikləri ilə də doğma qurumlardır. Sənaye və Energetika Nazirliyi və “Azərenerji” SC də SOKAR-da “əriyə” bilər. Bu siyahını uzatmaq da olar.
Doğrudur, bu proses işsizlər ordusunun yaranması ilə də nəticələnə bilər. Çoxları bunun kütləvi narazılığa səbəb ola biləcəyini düşünür. Bəlkə də bu ilk baxışdan belə görünə bilər. Amma bu hansısa sosial təhlükə doğuracaq həddə ola bilməz. Əgər söhbət islahatdan gedirsə, eyni zamanda sahibkarlığa diqqəti artırıb, bank sektorunda müəyyən yumşaltmalarla gözlənilən sosial narazılığı neytrallaşdırmaq mümkündür.
Bu arada xüsusi ilə diqqəti çəkən məqam adıçəkilən və çəkilməyən dövlət qurumu rəhbərlərinin taleyi ilə bağlıdır. Başqa sözlə, proses gerçəkləşmiş olarsa hansı nazir postunu qoruya biləcək? Kimlər qurbanlıq ola bilər? Kimlər daha şanslıdır? Sadalanan suallar nəinki əhəmiyyətlidir, bəlkə də prosesin baş tutması belə, bu sualların cavabından asılıdır.
Ramiz Həsənov, yoxsa Şahin Mustafayev? Fazil Məmmədov, yoxsa Samir Şərifov? Səlim Müslümov, yoxsa Oqtay Şirəliyev? Azad Rəhimov, yoxsa Əbülfəs Qarayev? Rövnəq Abdullayev, yoxsa Natiq Əliyev? Və s. Adları çəkilənlərin hər biri şanslı görünməklə bərabər, iddialı da ola bilərlər. Həm də şansları və iddiaları da ən azı bərabər görünür. Bu vacib məqam başqa yazının mövzusudur. Bəlkə də yazıların ... hər bir cütlüyün nüfuz və imkanlarının analizi üçün.
Əsas odur ki, toxunduğumuz dəyişiklik, gözlənilən islahat zəriri və vacibdir. Həm dövləti, həm də vətəndaş marağı naminə. Əlahəzrət zamanı gözləyək.