Böyük Vətən Müharibəsi haqqında həqiqətin təhrif edilməsi, tarixi yenidən yazmaq, faşizmi və faşistləri qəhrəmanlaşdırmaq cəhdlərinə qarşı biz də qətiyyətlə mübarizə aparırıq.

Yenixeber.org: Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Rusiya Federasiyasının Rostov vilayətinin qubernatoru Vasili Qolubevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Rostov vilayətinin qubernatoru Vasili Qolubev Prezident İlham Əliyevə videoyazı olan xatirə albomunu təqdim etdi.

Videoalbom 1980-ci ildə o vaxt Azərbaycana rəhbərlik edən ulu öndər Heydər Əliyevin Rostov vilayətinə səfərinə həsr olunub. Səfər zamanı Ulu Öndər Böyük Vətən müharibəsi illərində misilsiz şücaət göstərmiş Azərbaycan əsgərlərinin qəhrəmanlığına həsr edilən və Rostov vilayətinin azad olunmasının rəmzi olan “Sambek yüksəklikləri” xatirə abidəsinin açılışında iştirak edib. O zaman alman faşistləri ilə döyüşlərdə böyük hünərlə vuruşan həmvətənlərimizdən ibarət 130-cu və 416-cı atıcı diviziyalar “Taqanroq” fəxri adına layiq görülmüşdü.

Prezident İlham Əliyev vurğulayıb: "Bizim ortaq tariximizi xatırlatdığınıza görə çox təşəkkür edirəm. Əlbəttə, 40 il bundan əvvəl Heydər Əlirza oğlu Əliyev Rostov vilayətində bu memorialın açılışında iştirak edib. Bu tarix bizə çox əzizdir. Sağ olun ki, bu xatirəni qoruyursunuz. Riqqət hissi doğuran belə videoçarxa görə sağ olun. Əlbəttə, bu il bizim ümumi Qələbəmizin böyük bayram ilidir. Azərbaycanda Böyük Vətən Müharibəsi veteranları dövlət tərəfindən həm mənəvi, həm də maddi baxımdan dəstəklənirlər. Biz onların fədakarlığını, qəhrəmanlığını həmişə xatırlayırıq. Mən hər il mayın 9-nu adətən Bakıda veteranlarla birgə keçirirəm. Lakin, bu il Vladimir Vladimiroviç Putindən dəvət almışam və mayın 9-da Moskvada olmağı planlaşdırıram. Onu da demək istəyirəm ki, bizim ümumi Qələbəmiz şərəfinə Azərbaycan Ordusunun zabitləri Qızıl Meydanda paradda iştirak edəcəklər.

Fürsətdən istifadə edib onu da demək istərdim ki, bu məsələ barədə Rusiyanın və Azərbaycanın mövqeləri tamamilə eynidir. Böyük Vətən Müharibəsi haqqında həqiqətin təhrif edilməsi, tarixi yenidən yazmaq, faşizmi və faşistləri qəhrəmanlaşdırmaq cəhdlərinə qarşı biz də qətiyyətlə mübarizə aparırıq. Buna görə də, bu məsələdə bizim mövqelərimiz tamamilə üst-üstə düşür. Bu mövqelər həm tarixi həqiqətə, ədalətə, həm də ona əsaslanır ki, gələcək nəsillər kimin təcavüzkar, kimin təcavüz qurbanı olmasına, kimin qalib gəlməsinə və bu Qələbənin nəyin bahasına qazanılmasına heç vaxt şübhə etməsinlər.

Biz həlak olmuş bütün sovet vətəndaşlarının xatirəsini, əlbəttə, bizim nümayəndələrin də xatirəsini Azərbaycanda ehtiramla yad edirik. Müharibədə Azərbaycandan iştirak edənlərin yarısı, 300 min nəfərdən çoxu həlak olub. Müharibə illərində Sovet ordusunun sürtgü yağlarına tələbatının 90 faizini, benzinin və tanklar üçün yanacağın 80 faizini Azərbaycan təmin edirdi. Bu, bizim ümumi Qələbəmizdə mühüm rol oynayıb. Bizim zavodlarda zəruri silahlar, o cümlədən məşhur “Katyuşa” raketləri istehsal edilirdi. Ona görə də, biz həmin günü ehtiramla yad edirik və bu xatirə hədiyyəsinə görə bir daha təşəkkürümü bildirmək istəyirəm. Sağ olun".