Müdafiə nazirindən Silahlı Qüvvələrin şəxsi heyətinə təbrik
Azərbaycan Respublikası Müdafiə naziri general-polkovnik Zakir Həsənov Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Silahlı Qüvvələrin şəxsi heyətini təbrik edib.
"Xeberinfo.com": Müdafiə Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, təbrikdə deyilir:
“Yoldaş zabitlər, gizirlər, miçmanlar, çavuşlar, əsgərlər və matroslar!
Sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə təbrik edirəm.
Xalqımızın Ümummilli lideri Heydər Əliyevin qətiyyətli və uzaqgörən siyasəti nəticəsində dövlətimizin dayaqları möhkəmlənmiş, xalqımızın milli şüurunun formalaşmasına nail olunmuş və dünya azərbaycanlılarının həmrəyliyi təmin edilib.
2014-cü il xalqımızın, dövlətimizin və Silahlı Qüvvələrimizin həyatında əlamətdar və yaddaqalan uğurlu hadisələrlə zəngin olub.
Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında ordunun maddi-texniki bazası daha da möhkəmlənmiş, şəxsi heyətin sosial-məişət problemləri ardıcıl olaraq həllini tapmış, müasir silah və texnika alınmış, yüksək ixtisaslı peşəkar hərbçilər hazırlanıb. Şəxsi heyətin döyüş ruhu və mənəvi-psixoloji hazırlığı yüksək səviyyədədir.
Cənab Ali Baş Komandanımızın bu ilin avqust ayının 6-da təmas xəttində döyüşdə fərqlənmiş hərbi qulluqçular qarşısında çıxışı zamanı qeyd etdiyi kimi, Azərbaycan ordusunun peşəkarlığı, döyüş qabiliyyəti artır, əsgər, gizir və zabitlərimiz Vətənə ləyaqətlə xidmət edirlər.
Cəbhədə vəziyyət xeyli gərginləşdiyi vaxtlarda xalqımız növbəti dəfə Azərbaycan əsgərinin fədakarlığının şahidi oldu. İşğalçıların planlaşdırdığı əməliyyatlar qabaqcadan aşkar olundu, onlar canlı qüvvə və döyüş texnikasında xeyli itki verərək geri çəkilməyə məcbur edildi. Döyüşlərdə şəhidlər versək də, xalqımız bilməlidir ki, hərbi qulluqçularımızın qisası birə on qat alındı və bundan sonra da alınacaqdır. Biz düşmənə tarixi torpaqlarımızda rahatlıq verməyəcək və Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcəyik.
Düşmənlə təmas xətti, ölkəmizin həm dəniz, həm də hava məkanı yeni və müasir silahlarla təmin edilmiş Silahlı Qüvvələrimizin daim nəzarəti altındadır. İşğalçıların təxribatlarının qarşısı qətiyyətlə alınır və bundan sonra da alınacaqdır.
Xalq öz ordusuna inanır, ona güvənir və ona arxalanır. Siz bu etimadı, bu inamı Vətənə, xalqa, dövlətə sədaqətli xidmətinizlə doğrultmalı, ölkəmizin təhlükəsizliyinin, müdafiəsinin keşiyində ayıq-sayıq dayanaraq Ali Baş Komandanın hər bir əmrinə hər an hazır olmalısınız.
Mən bir daha şəhidlərimizin xatirəsini hörmət və ehtiramla yad edir, onların valideynlərini, ailələrini, Vətən uğrunda sağlamlığını itirən döyüşçülərimizi, veteranları, hazırda düşmənlə təmas xəttində, döyüş növbətçiliyində, qarovul xidmətində, sülhməramlı qüvvələrin tərkibində, xarici dövlətlərdəki missiyalarımızda xidmət edən şəxsi heyəti bayramlar münasibətilə təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti və xidmətdə uğurlar arzulayıram.
Yeni 2015-ci il arzularımızın həyata keçməsi ili olsun. Hərbi anda sədaqətə, çətin və şərəfli hərbi xidmətdə fədakarlığa görə hər birinizə minnətdarlığımı bildirirəm!
Bayramınız mübarək!