Yenixeber.org: Son vaxtlaradək İrəvanda dislokasiya olunan Ermənistan silahlı qüvvələrinin "N" nömrəli hərbi hissəsində qeyri-sağlam mühit formalaşıb. Məlumata görə, müqaviləli hərbi qulluqçularla komplektləşdirilmiş hərbi hissənin 400-dək hərbi qulluqçusu xidmətdən azad edilib və ya komandanlığa belə xahişlə raport təqdim ediblər.
Məsələ burasındadır ki, avqustun 1-dən etibarən sülhməramlı missiya yerinə yetirən hərbi hissənin dislokasiya yeri paytaxt İrəvandan dəyişdirilərək, ətraf rayonlardan birinə yerləşdirilib.
Məlumdur ki, bu hərbi hissədə əsasən İrəvan, Ararat, Araqatsotn və Armavir vilayətindən olan sakinlər xidmət edirdi. Hərbi hissənin dislokasiya yerinin dəyişdirilməsi barədə Ermənistan müdafiə nazirliyinin qərarı hərbi qulluqçular arasında ciddi narazılıq yaradıb. Hərbi hissənin yerləşmə ərazisinin uzaqlaşdırılması əlavə maliyyə xərclərinə səbəb olub. Hazırda yalnız taksi və şəxsi maşınla yeni yerləşmə yerinə getmək mümkündür. Nəticədə sülhməramlı briqadada xidmət etmək çoxlarına ziyanla başa gəlir. Hərbi qulluqçular xidməti tərk etmədən öncə hərbi hissənin yeni komandiri polkovnik Artak Tonoyana müraciət ediblər.
"Polkovnik qeyd edib ki, kimə sərf etmir çıxıb gedə bilər. Bu mənim problemim deyil, mən bütün köhnə xidmət edənləri dağıdacam, yeni tərkib yığacam və istədiyim kimi xidmət edəcəm", - deyə o bildirib.
İndi hərbçilər Armavir və ya Üçmüədzin sakininin hərbi hissəyə necə çatmalı olduğunu düşünürlər. İndi kimin maşını yoxdur, işə gələ bilmir. Deməli əgər növbə olarsa Üçmüədzin sakini, Armavir sakini evinə gedə bilməyəcək. Doğrudur, hərbi hissənin dislokasiya yerinin dəyişdirilməsi, polkovnik Tonoyanın qərarı olmasa da, o, bu barədə müdafiə nazirliyi ilə danışaraq ortaq həll yolu tapmağa cəhd edəcəyinə dair heç bir ümid verməyib.
Hərbi hissənin yerdəyişməsi barədə çoxdan məlumat dolaşsa da, faktiki olaraq, bu, inqilabdan və müdafiə nazirinin dəyişdirilməsindən sonra həyata keçiriib.
Maraqlıdır ki, bu hərbi hissənin hərbi qulluqçuları "məxməri inqilab" zamanı aksiya iştirakçılarına qoşulmuşdular. Keçmiş hakimiyyət sülhməramlı briqadanın şəxsi heyətini siyasi proseslərə cəlb etməyə cəhd etmişdi. Fövqəladə vəziyyət elan edildikdən sonra sülhməramlıları istifadə etmək məqsədilə polis hərbi hissədə hərbi qulluqçularla xüsusi məşğələlər təşkil etmişdi. Lakin hərbi qulluqçular aksiya iştirakçılarına qarşı çıxmaqdan qəti imtina edərək, əli yalın şəkildə inqilabçılara qoşuldular. Faktiki olaraq yeni, Paşinyan hakimiyyəti inqilabın baş tutmasında əhəmiyyətli çəkiyə malik olan hərbi hissənin şəxsi heyətini işdən mərhum etməklə minnətdarlıq edir.
Mənbə bildirir ki, hərbi hissənin ərazisi çoxdan Qlendel Hilz şirkətinə məxsusdur. Ermənistan müdafiə nazirliyi hər il əraziyə görə kirayə pulu ödəyirdi. Hərbi hissənin dislokasiya yerinin dəyişməsi səbəblərindən biri də bu öhdəlikdən qurtulmaqdır.
İrəvanda mənzil kirayəsinə görə hər ay hərbi qulluqçulara 45 min dram ödənilirdi. Hərbi hissə paytaxtdan çıxarıldıqdan sonra bu vəsait 18 min dramadək endirilib. Bu proses, aprel döyüşlərində Talışda döyüşən erməni hərbçilərin könüllü şəkildə xidməti tərk etməsinə yaradılan süni əngəllər olaraq dəyərləndirilir
Yeni təyin edilən komandir, polkovnik Artak Tonoyan şəxsi və xidməti məsələləri bir-birinə qatıb. Onun təyinatından sonra erməni zabitlər arasında münasibətlər ciddi şəkildə pisləşib. O, sülhməramlı qüvvələrin əsasını qoyanlardan biridir. Mənbə qeyd edir ki, əvvəllər başqa yerə köçürüldükdən sonra o, dəfələrlə bu hərbi hissəyə geri qayıtmaq və komandir olmağa cəhdlər edib. Ancaq zabit və müqaviləli hərbi qulluqçuların çoxu buna müqavimət göstəriblər. Tonoyan hərbi hissə komandiri Artur Simonyan olarkən, ona qarşı imza toplamaqla onun istefasına nail olmağa cəhdlər edib. İndi hərbi hissəyə komandir təyin edildikdən sonra, vaxtilə ona qarşı olanlarla hesab çəkir.
Tonoyan, bir zamanlar mənim geri qayıtmamağım üçün imza toplayanlar, indi həmin imzalar özünüzə qarşı yönələcəkdir. Hamınızı dağıdıb yeni qoşun toplayacam deyə bildirib.
Ermənistan müdafiə nazirliyinin mətbuat xidmətinin rəisi Artsrun Hovhannisyan hərbi hissənin dislokasiya yerinin dəyişdirilməsi ilə bağlı məlumatı təsdiq edib. Lakin 400 hərbçinin xidməti tərk etməsini şişirdilmiş rəqəm hesab edərək, bu rəqəmin 120 nəfər olduğunu vurğulayıb.