Azərbaycan istehsalı olan hərbi məhsullar Parisdə nümayiş etdirilir
Bu gün Fransanın paytaxtı Paris şəhərində Beynəlxalq Müdafiə və Təhlükəsizlik Sərgisi - "Eurosatory-2018”in açılış mərasimi keçirilib
Yenixeber.org: Tədbirdə Azərbaycanı Baş nazirin müavini Yaqub Eyyubov və müdafiə sənayesi naziri Yavər Camalovun başçılıq etdiyi nümayədə heyəti təmsil edir.
Sərgidə Müdafiə Sənayesi Nazirliyinin (MSN) müəssisələrində yaradılan və istehsal olunan 270 adda məmulat nümayiş etdirilir. Bunların arasında NATO standartlarına uyğun 7,62 mm-lik “Yalquzaq" və 8,6 mm-lik “Vaşaq“ tipli snayper tüfəngləri, 7,62 mm-lik AZ-7,62 tipli avtomat və 7,62 mm-lik HP-7,62 tipli hücum pulemyotu, həmçinin 12,7 mm-lik silahla təhciz edilmiş məsafədən idarə olunan döyüş modulu yer alıb.
Tədbirdə 12,7 mm-lik silahla təhciz edilmiş məsafədən idarə olunan döyüş modulu və NST-14,5 iriçaplı snayper tüfəngi ilk dəfədir nümayiş olunur.
Qeyd edək ki, 12,7 mm-lik silahla təhciz edilmiş məsafədən idarə olunan döyüş modulu müxtəlif növ yüngül və ağır zirehli nəqliyyat vasitələri, zirehsiz xüsusi təyinatlı döyüş maşınları, eyni zamanda döyüş məntəqələri üzərində quraşdırılması üçün nəzərdə tutulub. Bu modulun üzərində optik nişanalma sistemləri, gecə və gündüz kameraları və lazer məsafəölçəni quraşdırılıb. Modulun yüksək dəqiq optik və elektron cihazları sayəsində 2 km məsafədə olan düşməni aşkarlamaq, bir neçə hədəfi təyin etmək və prioritetlərə bölmək və məhv etmək mümkündür. Döyüş modulu yüngül zirehli hədəfləri, atəş vasitələri və hava hədəfləri ilə səmərəli mübarizə aparmaq imkanına malikdir.
14,5 mm NST-14,5 tipli iriçaplı snayper tüfəngi isə qeyri-avtomatik snayper tüfəngi olmaqla, 1600 metr məsafədən sərbəst atışı təmin edir.
Sərgi iyunun 15-dək davam edəcək.