“Uroloji Mərkəz” klinikasının sahibi məhkəmədə ifadə verib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən dəstə üzvləri - Anar Əmirov, Natiq Musayev, Bəhruz Hacızadə, Elməddin Musayev və Firdovsi Əliyevin məhkəmə iclası davam etdirilib
Yenixeber.org: Hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində “Uroloji Mərkəz” klinikasının sahibi, professor Kamal Abdullayev ifadə verib.
O bildirib ki, hadisə zamanı onun əl-qolunu bağlayıblar: "Evimə basqın edən zaman mənim və həyat yoldaşımın əl-qolunu bağladılar. Onlar məni əvvəl döydülər, sonra təhqir etdilər. Üzümə qarşı söydülər. Evdən isə pullarımı və digər qiymətli əşyaları apardılar".
İttiham aktına əsasən, F.Əliyev 2 ay müddətinə “Uroloji Mərkəz” klinikasının sahibi, professor Kamal Abdullayevin sürücüsü işləyib. 2017-ci ilin əvvəllərində A.Əmirovla görüşəcək, professorun çoxlu pulunun, bahalı maşınlarının olduğunu bildirib. Həmçinin qeyd edib ki, K.Abdullayev bu yaxınlarda klinikasını böyük tikinti şirkətlərindən birinin sahibinə satıb və 2 milyon dollar pul alıb.
Bundan sonra A.Əmirov işə N.Musayev və onun əmisi oğlu E.Musayevi cəlb edib. Bir müddət K.Abdullayevin iş yerinə və evinə gedərək onu izləyiblər. Hadisədən bir neçə gün öncə isə onlar Biləcəri qəsəbəsində görüşərək quldurluq planını müzakirə ediblər.
Bu görüşdə B.Hacızadə də iştirak edib. Görüşdə verilən qərara əsasən, anten məlumatlarından yerləri bəlli olmaması üçün mobil telefonlarını Bakı Beynəlxalq Avtovağzalında E.Musayevə veriblər. O, telefonlarla birgə orada dəstənin digər üzvlərini gözləyib. Həmçinin Bərdə rayonuna getmək üçün taksi də danışıblar. A.Əmirov, N.Musayev və B.Hacızadə isə oradan çıxıb Rəsulzadə qəsəbəsində yaşayan K.Abdullayevin evinə gediblər.
A.Əmirov hasardan keçərək içəridən darvazanı açıb. Onları qarşılayan alman “Avçarka”sını bibər qazı ilə uyudublar. Həmin şəxslər maskalanaraq divarla ikinci mərtəbəyə qalxıb çöldən pəncərəni açıb içəri giriblər. Yatmış vəziyyətdə olan K.Abdullayev və həyat yoldaşı İlhamə Yusifovanın əllərini plastik xamıdla bağlayıb, onları dəmir tapança və bıçaqla hədələyiblər. Dəstə üzvləri ev sahibindən 2 milyon pulun yerini soruşublar, lakin K.Abdullayev o qədər pulu olmadığını deyib.
Daha sonra onlar evi axtarmağa başlayıblar. Evdən 5 min dollar, 2200 manat, bahalı ətir, kəmər, “iPhone”, 2 ədəd “Samsung”, 20 min manatlıq “Franck Muller” qızıl saatı, K.Abdullayevə məxsus qaz tpançası və suvenir bıçağı götürüblər. Onlar ümumilikdə evdən 35 min manatlıq əmlak aparıblar.
Qeyd edək ki, hadisə 2017-ci il iyulun 30-da paytaxtın Binəqədi rayonu Rəsulzadə qəsəbəsində baş verib.