Baş redaktordan nazir oğluna çağırış
Bu gün, sentyabrın 26-da, saat 11.30-da Xətai Rayon Məhkəməsində Anar Məmmədovun Rauf Arifoğluna qarşı xüsusi ittiham qaydasında qaldırdığı şikayəti üzrə hazırlıq iclası keçiriləcək. R.Arifoğlunun hüquqlarının müdafiəsi vəkillər Elçin Sadıqov və Cavad Cavadov tərəfindən həyata keçiriləcək.
"Xeberinfo.com": Xatırladaq ki, nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunu xüsusi ittiham qaydasında məhkəməyə verib. İddia ərizəsində A.Məmmədov R.Arifoğlunun Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə ittiham olunmasını tələb edir.
Artıq qəzetin müdafiə taktikası müəyyən olunub və redaksiya məhkəmə davasına tam hazırdır. Sentyabrın 24-də “Yeni Müsavat”ın redaksiyasında bununla bağlı müzakirə də təşkil edilib. Baş redaktor Rauf Arifoğlu bildirib ki, o, Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq, Anar Məmmədovun məhkəməyə gəlməsini tələb edəcək: “Mən məhkəmədə onunla üz-üzə gəlmək istəyirəm. Bilirəm ki, onun ən böyük arzusudur ki, məni məhkəməyə gətirtsin... Mənim də əlimdə artıq hüquqi əsas yaranıb ki, onun məhkəmədə iştirak etməsini tələb edim. Bu, qanunun birbaşa göstəricisidir və məhkəmədə iddiaçı tərəf kimi mütləq iştirak etməlidir. Mən bu tələbi həm də ona görə etmək istəyirəm ki, Anar Məmmədovla üz-üzə gəlim, ona bəzi məsləhətlərimi verim”.
R.Arifoğlunun sözlərinə görə, Anar Məmmədov Amerikanın ən kritik şəxsləri ilə, senatorlarla, konqresmenlərlə, media təmsilçiləri ilə əlaqə qurur, onlarla Azərbaycan adına münasibət yaradır. Həm də bu iş üçün böyük vəsait xərcləyir: “Lakin özünün ölkəsində media ilə yola gedə bilmir. Anar Məmmədovun illərdir ki, Azərbaycan mətbuatı ilə problemi var. Özü də təkcə ”Yeni Müsavat"la yox. Bu da onun bütün siyasi karyerasını alt-üst edir. Bu baxımdan da gənc iş adamına və siyasətə soyunmuş Anar Məmmədova bir neçə tövsiyəm olacaq. Hesab edirəm ki, peşəkar texnoloqun tövsiyələri onun bundan sonrakı həyatında faydalı olacaq".
R.Arifoğlu deyir ki, onu məhkəməyə verməklə, Məmmədovlar olduqca ciddi siyasi səhvə yol veriblər: "Hər kəsə məlumdur ki, Azərbaycan Respublikasının prezidenti “Jurnalistlərin dostu” nominasiyası üzrə mükafat alıb. Hörmətli İlham Əliyev növbəti nominasiya təqdimatına qədər ölkə mediasının dostu və həm də təminatçısıdır. İndi onun nazirlərindən birinin oğlu əsas KİV-lərdən birinin sahibini həbs etdirmək üçün məhkəmə davası başladıb... Azərbaycan Respublikasının dövlət rəhbərləri hər yerdə iddia edirlər ki, diffamasiyaya görə heç bir jurnalist məhkəmə önündə dayanmır və bununla bağlı heç bir həbslər həyata keçirmir. Bu arqumenti də Azərbaycan hakimiyyətinin əlindən alırlar. Bunu bir müxalifətçi, cəmiyyətin fəal bir üzvü həyata keçirsəydi, bir şey deməzdim. Amma bunu Azərbaycanın indiki hökumətin üzvü olan bir nazirin oğlu həyata keçirir. Hesab edirəm ki, bu, mənə yox, hakimiyyətin siyasətinə böyük zərbədir".
R.Arifoğlunun dediyinə görə, nazir oğlunun edə biləcəyi ən böyük yamanlıq onu həbs etdirməkdirsə, bu zaman nəticə fərqli olacaq: “Bu həbs məni daha da böyüdəcək, gücləndirəcək. Ona görə də əlindən gələni beş qaba çəksin. Amma ona bir gənc iş adamı kimi tövsiyəm budur ki, bunları etməmişdən əvvəl xeyrini, şərini, gələcəyi və digər kateqoriyaları düşünsün”.