Prokurorluq əsgər ölümünə aydınlıq gətirdi
"Xeberinfo.com": Respublika Hərbi Prokurorluğu 2013-cü ilin dekabrında “N” saylı hərbi hissənin kiçik çavuş Orxan Alıyevin ölümü ilə bağlı atası Şirazi Alıyevin ittihamlarına cavab verib.
Qurumun mətbuat xidmətindən verilən məlumatda qeyd olunur ki, bəzi KİV-də “N” saylı hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Orxan Alıyevin 2013-cü ilin dekabrında ölümü ilə bağlı atası Şirazi Alıyevin “Oğlumun ölüm işi ört-basdır edilir” sərlövhəli müsahibəsi dərc edilib: “Həmin yazılarda Şirazi Alıyev mərhum oğlu Orxan Alıyevin 11 dekabr 2013-cü il tarixdə gecə saatlarında hərbi hissədə ölməsi faktına görə Hərbi Prokurorluqda başlanmış cinayət işi üzrə istintaqın qeyri-obyektiv aparılmasını, özü tərəfindən əldə edilərək istintaq orqanına təqdim etdiyi sübut və dəlillərin ört-basdır edilməsini, hadisənin şahidlərinə təzyiq olunmasını bildirib.
Respublika Hərbi Prokurorluğu həmin yazılarda göstərilənlərlə bağlı bildirir ki, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olmuş kiçik çavuş Alıyev Orxan Şirazi oğlunun 11 dekabr 2013-cü il tarixdə gecə saatlarında hərbi hissənin əsgər yataqxanasında öz çarpayısında uzanarkən qəflətən halı pisləşib və növbətçi həkim tərəfindən göstərilmiş tibbi yardım tədbirlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Həmin faktla bağlı Hərbi Prokurorluqda ibtidai araşdırma başlanıb, foto və video çəkiliş aparılmaqla mərhum Alıyev Orxan Şirazi oğlunun meyitinin xarici və daxili müayinəsi keçirilib, onun daxili orqanlarından zəruri nümunələr götürülərək ekspertizaya təqdim edilib”.
Qeyd olunub ki, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 342.2-ci maddəsi ilə cinayət işi başlanıb. O.Alıyevin meyitinin xarici müayinəsi zamanı onun bədənində, əynində olmuş paltarlarda döyülməyə və ya zorakılığa xarakterik hər hansı xəsarət və ya xəsarət izi, zədələr aşkar olunmayıb.
Məlumatda o da qeyd olunub ki, aparılmış cinayət işinin istintaqı zamanı keçirilmiş məhkəmə-tibbi və komisyon məhkəmə-tibbi, eləcə də əlavə komisyon məhkəmə-tibbi ekspertizaların rəylərinə əsasən mərhum Orxan Alıyevin ölümünə səbəb kəskin ürək-ağ ciyər çatışmazlığı ilə ağırlaşmış hipertrofik kardiomiopatiya olması müəyyən edilib: “Mərhum kiçik çavuş Orxan Alıyevin valideynləri istintaqın gedişində dəfələrlə Azərbaycan Respublikası Baş Prokurorluğunun və Respublika Hərbi Prokurorluğunun rəhbərliyi tərəfindən qəbul olunaraq onların müraciətləri dinlənilib, hadisə ilə bağlı özlərinin əldə edərək istintaq orqanına təqdim etdikləri məlumatlarda əksini tapan bütün xüsusatlar tam, hərtərəfli və obyektiv araşdırılmaqla işin faktiki halları barədə onlara ətraflı məlumat verilib, iş üzrə əhəmiyyət kəsb edən ekspert rəylərinin surətləri onlara təqdim olunub.
Eyni zamanda istintaq zamanı mərhum Orxan Alıyevin valideynləri, xüsusi ilə atası Şirazi Alıyev qeyd edilən cinayət işi üzrə dindirilmiş şəxslərə qarşı qeyri-etik, qanundankənar davranış nümayiş etdirərək, onları istintaqa guya ki, qeyri-səmimi ifadələr verməkdə, habelə əsassız, heç bir məntiqə və fakta söykənməyən uydurma mülahizələri ilə istintaq aparan şəxsləri qeyri-obyektivlikdə ittiham edərək, bu cür qanunsuz və zorakı yolla onları özünə sərf edən nəticəyə gəlməyə yönəltməyə cəhdlər edib və mətbuatda səsləndirdiyi hal-hazırkı iddiaları da bu məqsədə xidmət edir”.